"Ölkədə qarışıqlıq salmağa cəhd edirlər ki..." - Partiya sədri

img

27-07-2016 [16:53]


"Rayon təşkilatlarımız məlumatlar verirlər ki, rayonlarda vəziyyət çox kəskindir. Əhalinin çox hissəsinin çörək almağa belə imkanı yoxdur”.

Bu sözləri Hafiz Hacıyev ölkədə qiymətlərin qalxması ilə bağlı vəziyyəti pia.az-a şərh edərkən deyib.

Qeyd edək ki, suyun bahalaşmasından bir qədər sonra elektrik enerjisinin qiymətinin də qaldırılması cəmiyyətdə bahalaşma ajiotajı yaradıb. Ölkədə qiymətlərin qalxması ilə bağlı siqnallar verilməkdədir. Xüsusən qida sektorunda qiymətlərin artırılacağı gözlənilir. Ekspertlər də növbəti bahalaşma gözləntilərindən narahatdırlar və bu narahatlıqlarını dilə gətirirlər.

Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pia.az-a açılamasında bildirib ki, bu sahəyə məsul olan şəxslər, xüsusən nazirlər nə qədər ki xalqa yalan vədlər verirlər, vəziyyət getdikcə pisləşəcək.

"Biz də bahalaşma ilə bağlı məlumatları eşidirik və düşünürəm ki, bu ölkədə böyük gərginliyə gətirib çıxaracaq. Bunu bu sahəyə məsul olan şəxslər düşünməlidir. Yəni onların verdiyi yalançı vədlərin artıq üstü açılmaq üzrədir. Onlar görürlər ki, Azərbaycanda bıçaq sümüyə dirənib. Hörmətli Kənd Təsərrüfatı naziri, İqtisadiyyat naziri və digər nazirlər deyirdilər ki, heç bir qiymət artımından söhbət gedə bilməz, əhalinin aztəminatlı hissəsi tam ərzaqla və digər məhsullarla tam təmin olunacaq, bəs nə oldu?

Bu gün elə bir vəziyyət yaranıb ki, hamısı yalan danışır, dövlət başçısını aldadırlar. Aldatmatmaqda da davam edirlər, ölkədə qarışıqlıq salmağa cəhd edirlər ki, etdikləri pisliklər unudulsun. Ona görə də düşünürəm ki cənab prezident bütün bunları kağız üzərində yox, real həyatda görməlidir.
Bu gün bizə də regionlardan xəbərlər gəlir. Rayon təşkilatlarımız məlumatlar verirlər ki, rayonlarda vəziyyət çox kəskindir, əhalinin çox hissəsinin çörək almağa belə imkanı yoxdur. Mağazalarda nisyə ərzaq verilmir və vəziyyət gəlib acınacaqlı həddə çatıb.

Hafiz Hacıyev: "Rəsmi qurumlarla bizim rayon təşkilatlarının verdiyi məlumatlar arasında dağlar qədər fərq var”.

Düşünürəm ki, bu sahəyə məsul şəxslər təcili surətdə vəzifədən kənarlaşdırılaraq həbs edilməlidirlər. Çünki onların son illərdə dövlət başçısına danışdığı yalanlar xalqı gətirib dalana dirəyib. İstər daxildəki xəyanətkar qüvvələr, istərsə də xaricdəki Azərbayacanda marağı olan qüvvələr sentyabr -oktyabr aylarında ölkəyə təsir edəcək təlatümlər yaradacaqlar. Bunun qarşısını almaq üçün isə təxirə salınmaz tədbirlər görülməlidir . Ən başlıcası kadr islahatları aparılmalıdır və kadr islahatı zamanıqocalar yox, yeni kadrlar – millətini sevən insanlar seçilməlidir . 20-30 ildir prezidentin yanında lövbər salmış, kiflənmiş insanlar geri çəkilməlidir.

Biz partiya olaraq rayonlardan verilən bütün məlumatları toplayıb yaxın günlərdə geniş brifinq keçirərək ölkə prezidentinə təqdim edəcəyik ki, regionlarımızda vəziyyət necədir.

Bir daha qeyd edirəm ki, vəziyyət ağırdır. Bizim bütün rayon təşkilatlarının sədrləri ilə gündəlik əlaqəmiz var , rayonlarda gedən prosesləri bizə çatdırırlar. Yəni rəsmi qurumlarla bizim rayon təşkilatlarının verdiyi məlumatlar arasında dağlar qədər fərq var. Rəsmi qurumların heç biri düzgün informasiya vermir. Düzgün informasiya verilmədiyinə görə də ölkədə belə bir acınacaqlı vəziyyət yaranır. Və bunun da nəticəsi olaraq xoşagəlməz hadisələr gözlənilir və bundan da bütün qüvvələr istifadə edəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA