ADP parlament seçkilərinə təkbazına gedir

img

20-04-2010 [12:46]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Vaşinqtonda nüvə təhlükəsizliyi problemlərinə dair keçirilən sammitin nəticələrinə diqqət çəkən toplantı iştirakçıları Türkiyənin baş naziri R.T.Ərdoğanın bu tədbirdəki çıxışını və ümumiyyətlə Türkiyə Respublikasının konfransın mövzusuna dair mövqeyini müsbət qiymətləndirib və Qafqazda sabitlik və təhlükəsizlik məsələsinin də müzakirə olunduğu bu tədbirə Azrbaycanın dəvət olunmamasından narahat olduqlarını bildiriblər. İdarə Heyəti üzvləri son vaxtlar Azərbaycan iqtidarının ABŞ-ın əleyhinə açıq təbliğata başlamasını və rəsmi şəxslərin bu istiqamətdəki mesajlarını qeyri effektiv və səhv siyasət kimi dəyərləndirib və dövlətin xarici təzyiqlərdən qorunması üçün beynəlxalq maraqlarımıza zidd addımlar atılmasına şərait yaradan insan hüquqları və demokratiya sahəsindəki problemlərin aradan qaldırılmasının vacibliyini və daxildə siyasi həmrəyliyin yaradılmasının zəruriliyini bir daha diqqətə çatdırıblar. ADP İdarə Heyəti eyni zamanda ABŞ və digər qərb dövlətlərini demokratiya və insan hüquqları məsələsində ikili standartlara son qoymağa və demokratik dəyərlərdən milli dövlətlərin suverenliyinə qarşı yönələn digər məqsədlər üçün istifadə etməməyə çağırıb. AŞPA prezidenti M.Çavuşoğlunun Bakı səfərinin cəmiyyətdə və demokratik qüvvələrdə ciddi marağa səbəb olmamasına diqqət yetirən İdarə Heyəti, AŞ-nın ölkədə demokratiya və insan hüquqları məsələsində ardıcıl olaraq prinsipial mövqe tutmaması və bu qurumun artıq ictimai rəydə imicinin haqlı olaraq ciddi şəkildə aşağı düşməsi ilə əlaqələndirib. İdarə Heyətində prezident İ.Əliyevin istehlakçıların hüquqlarının qorunması haqqındakı sərəncamına da münasibət bildirilib. Belə ki, İdarə heyəti üzvləri məmurların bu sərəncamdan sui istifadə edərək orta və kiçik sahibkarlara qarşı daha bir təzyiq kompaniyasına başlaya bilməsindən narahat olduqlarını bildiriblər. İdarə Heyəti həmçinin əhalinin sağlamlığı və genefondu üçün real təhlükələrin olduğunu nəzərə alaraq, ərzaq təhlükəsizliyi ilə əlaqədar ciddi addımların atılmasını vacib hesab etməklə, bu cür təhlükənin əsasən xaricdən ölkəyə gətirilən ərzaq məhsullarında axtarmağın zəruriliyini qeyd edib və hakimiyyəti bu sahədə mövcud olan müasir beynəlxalq standartları Azərbaycanda tətbiq etməyə çağırıb. Ötən həftə Müsavat partiyasının təşkil etdiyi dinc piketin zorakılıqla dağıdılmasına münasibət bildirən İdarə Heyəti bu hadisəni vətəndaşların sərbəst toplaşma hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirib və aksiya iştirakçılarının mülki formada olan hökumət nümayəndələri tərəfindən zorakılığa məruz qoyulmasını qətiyyətlə pisləyib. İdarə Heyətində Parlament seçkilərinə hazırlıq və partiyanın bu seçkilərdə iştirakının formaları ilə əlaqədar məsələni də geniş müzakirə edilib və partiyadan olan namizədlərlə bağlı müəyyən fikir mübadiləsi aparılıb. İdarə Heyəti üzvlərinin çoxluğu müxalifətin böyük koalisiyasının alınmadığını əsas götürərək ADP-nin seçkilərdə tək partiya olaraq iştirak etməsi, eyni zamanda digər müxalifət partiyaları ilə seçkilərə dair ümumi məsələlərdə əmakdaşlığın davam etdirilməsi barəsində ilkin razılığa gəliblər və partiyadan olan namizədlərin cəmiyyətə təqdimatı prosesinin başlanması ilə əlaqədar qərar qəbul ediblər. Qeyd edək ki, seçkilərlə bağlı son qərar isə partiyanın Ali Məclisinin bu yaxınlarda keçiriləcək sessiyasında qəbul olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA