Rəsul Rzanın yubileyi Ankarada qeyd olunub

img

13-04-2010 [08:03]


TÜRKSOY və Avrasiya Yazıçılar Birliyinin təşkilatçılığı ilə Ankarada xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş anma mərasimi keçirilib. Mərasimdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay türk dünyasının görükəmli şairlərindən olan Rəsul Rzanın poeziyasının dəyişiklik və yenilikçilik ruhu ilə bəsləndiyini deyib. Onun sözlərinə görə, şairin o zaman əsərlərində yer almış fikirlər bu gün də aktualdır. Nazir Azərbaycanın görkəmli şairinin ədəbi irsinin Türkiyə və digər türkdilli ölkələrdə daha geniş tanıdılmasının zəruriliyini vurğulayıb. TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın son illər Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliği istiqamətində gördüyü işlərdən bəhs edərək, Rəsul Rzanın şeirlər kitabının da nəşr olunduğunu söyləyib. Baş katib deyib ki, şairin poeziyası türk dünyasının ədəbi irsinə daxildir və geniş şəkildə öyrənilməlidir. Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Dəliöməroğlu isə bildirib ki, Rəsul Rzanın həyatı dövründə Türkiyə-Azərbaycan əlaqələri indiki kimi yüksək səviyyədə olmasa da, iki ölkənin ədibləri qardaş sevgisini hər zaman qəlblərində yaşadıblar. Rəsul Rzanın oğlu, xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən ehtiram üçün tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yubiley tədbirləri dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyənin müxtəlif şəhərlərində keçiriləcək. "İlk tədbirin Ankarada təşkil olunması isə təsadüfi deyil. Rəsul Rza hər zaman qəlbində qardaş Türkiyəyə sevgi hissləri daşıyıb", - deyə o vurğulayıb. Mərasimin sonunda Rəsul Rza haqqında sənədli filmin nümayişi olub, azərbaycanlı müğənni Cavid Təbrizli şairin sözlərinə bəstələnmiş mahnıları səsləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA