Müsavat Partiyası meriyanın cavabından asılı olmayaraq aksiyası keçirəcək

img

12-04-2010 [06:39]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantı təyyarə qəzası nəticəsində Polşa prezidenti Lex Kaçinskinin və Polşanın 95 dövlət və ictimai-siyasi xadiminin həlak olmasını bir dəqiqəlik sükutla yad etməklə başlandı. Divan bu faciəyə görə Polşa xalqına bir daha başsağlığı verdi və qərara alındı ki, sabah saat 15:30-da Polşanın ölkəmizdəki səfirliyinə baş çəkilsin, bu ağır gündə qardaş polyak xalqına mənəvi dəstək nümayiş etdirilsin. Toplantının əvvəlində ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları üzrə Varşava bürosunun birlikdə təşkil etdikləri sərbəst toplaşmaq azadlığına həsr olunmuş, iqtidar, müxalifət və mərkəzçi partiyaların iştirakı ilə keçirilmiş Dəyirmi Masa haqqında məlumat verilib. Eyni zamanda Avropa İttifaqının genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Ştefan Fule ilə siyasi partiya nümayəndələrin görüşü haqda da məlumat verilib. Son zamanlar beynəlxalq təşkilatların ölkədə xeyli fəallaşması və demokratik proseslərə ciddi diqqət verdikləri qeyd olunub. Gündəliyin ictimai-siyasi vəziyyət bölümündə ABŞ-da keçiriləcək Nüvə Təhlükəsizliyi Sammiti və Azərbaycanın dövlət başçısının həmin tədbirə dəvət edilməməsi haqqında da fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, sammitin gedişində ABŞ rəhbərliyi ilə region, o cümlədən Qarabağla bağlı məsələlərin müzakirə ediləcəyi belə bir mötəbər tədbirdə Azərbaycanın təmsil olunmaması ölkəmizin ziyanınadır və bu fakt mövcud iqtidarın yürütdüyü xarici siyasətin iflasa uğradığını bir daha sübut edir. Qırğızıstanda baş vermiş hadisələrlə bağlı aparılan müzakirələrdən sonra bir daha təsdiq olunub ki, baş verənlərə səbəb hakimiyyətin avtoritar, korrupsioner və regionçu mahiyyəti olub. Divan Qırğızıstanda bütün problemlərin dinc yolla həllinə tərəfdar olduğunu bildirib, ölkədə yeni hakimiyyətin azad və ədalətli seçkilər yolu ilə formalaşdırılmasının zəruriliyini qeyd edib. Bu məsələnin müzakirəsi zamanı o da qeyd edilib ki, Azərbaycan iqtidarının yürütdüyü siyasət nəticəsində ölkə Qırğızıstan variantına sürüklənir, buna görə də ölkə rəhbərliyi gecikmədən korrupsiyaya, demokratiyanı boğmaq siyasətinə son qoymalıdır. Ölkədaxili vəziyyətlə bağlı müzakirələr zamanı qeyd edilib ki, ölkə başçısının övladlarının adına Dubay şəhərində alınmış mülklər məsələsinin ?Korrupsiyaya Qarşı Mübarizə Haqqında? Qanunun tələbləri əsasında araşdırılması haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi sorğu artıq göndərilib. Bu gün isə qərara alınıb ki, İlham Əliyevin deputatlığa və prezidentliyə namizəd olduğu zaman əmlakı və gəlirləri haqqında təqdim etdiyi bəyannamənin surətinin alınması üçün Mərkəzi Seçki Komissiyasına rəsmi sorğu göndərilsin. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə kütləvi aksiyalarla bağlı məsələ də müzakirə edilib. Qeyd edilib ki, 14 aprel 2010-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında sərbəst toplaşmaq azadlığının pozulmasına həsr edilmiş etiraz piketi haqqında müraciətinə hələ cavab verilməyib və bu özü-özlüyündə qanun pozuntusudur. Meriyanın hansı cavab verməsindən asılı olmayaraq piketin keçirilməsi qərarı verilib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA