Xanhüseyn Kazımlının təzkilatçılığı ilə ?Bəzəriyyət terrorizmə, təcavüzə və izğalçılığa YOX deyir? dəyirmi masa

img

07-04-2010 [07:23]


Bu gün Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşkilatçılığı ilə ? Xalq qəzeti?nin Mətbuat Mərkəzində ?Bəşəriyyət terrorizmə, təcavüzə və işğalçılığa YOX deyir? mövzusunda ?dəyirmi masa? keçirilib. Milli Məclis deputatlarının, siyasi partiya təmsilçilərinin, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların, həmçinin qeyri-hökumət təşkilatlarının, ictimaiyyət nümayəndələrinin, tarixçi alimlərin iştirak etdiyi tədbirdə əvvəlcə qlobal dünya məkanında terrorun, təcavüzün və işğalçılığın qurbanı olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ASRP sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş Sovet imperiyasının 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərində törətdikləri soyqırımı haqqında ətraflı məlumat verib. Ermənilərin azərbaycanlılara qarşı tarixən törətdikləri terror əməlləri diqqətə çatdırılmış, sənədli film nümayiş etdirilmişdir. Qanlı hadisədə körpə uşaqların amansızcasına və işgəncə ilə qətlə yetirilməsi, eləcə də, bütün xalqların bu soyqırıma biganə qalmaması tələbi bağça uşaqlarının dili ilə səsləndirilib. Tədbirdə çıxış edən Milli Məclisin deputatları Mübariz Qurbanlı, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Havva Məmmədova bildirmişlər ki, azərbayacnlılara qarşı Xocalı, Qaradağlı, Cəmilli, Malıbəyli, Bağanıs Ayrım, Ağdaban və bu kimi vəhşilikləri, qətliamları törədən ermənilər və onların havadarları bütün beynəlxalq hüquq normalarına, ən əsası isə insanlığa zidd olaraq qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağı zorla Ermənistana birləşdirmək niyyətindən əl çəkmək istəmir, bu yolda bütün cinayət və vəhşiliklərə hazır olduqlarını açıq büruzə verirlər. XX əsrin sonlarında baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və digər dəhşətli faciələri ilə bir sırada dayanır. Natiqlər qeyd etmişlər ki, Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı qətnamə və qərarları qeyd-şərtsiz yerinə yetirilməli, soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Ümumbəşəri bəlaya çevrilmiş terrorla mübarizə üçün ilk növbədə onu doğuran səbəblər araşdırılmalı və aradan qaldırılmalı, bu gün dünyada hökm sürən ikili standartlara son qoyulmalıdır. Macarıstanın ölkəmizdəki səfiri Jeno Boros, Türkiyə səfirliyinin nümayəndəsi İsmayıl Çalışkan və digərləri terrorçuların və işğalçıların təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsinin vacibliyini, insanların sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini vurğulayıblar. ?Dəyirmi masa? iştirakçıları ayrı-ayrı ölkələrin məruz qaldıqları terrorizmə, təcavüzə və işğalçılığa qarşı dünyanın sülhsevər qüvvələrinin səfərbər edilməsi məqsədilə bəşəriyyətin belə hadisələr barədə düzgün məlumatlandırılmasını təmin edən və günahkarların müəyyən edilərək cəzalandırılmasına imkan yaradan bir qurumun formalaşdırılması təşəbbüsünü irəli sürmüşlər. Həmin qurumun Avrasiya məkanında yerləşən ölkələrin mütərəqqi qüvvələri tərəfindən təsis edilməsi məqsədə uyğun sayılmış, təşkilatın ?Avrasiya ölkələri üzrə müstəqil demokratik qüvvələr birliyi şurası? adlandırılması tövsiyə olunub. Tədbirin sonunda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi tələbi ilə beynəlxalq təşkilatlara, dünya dövlətlərinə müraciət qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA