11-04-2010 [06:42]
[b]Araz Əlizadə: "Bu adamlar növbəti dəfə çevriliş yolu ilə hakimiyyətə gəlsələr, Azərbaycan xalqına heç nə verməyəcəklər" [/b]
Bu il parlament seçkiləri ili olsa da, ölkədə seçki əhval-ruhiyyəsi aşağı səviyyədədir. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə də müsahibəsində hazırda siyasi passivliyin olduğunu və parlament seçkilərinin də bu şəkildə keçəcəyini deyib. Bəs görəsən, ASDP-də seçki hazırlıqları nə yerdədir?
- Hər hansı yenilik yoxdur. Köhnə hamam, köhnə tas...
[b]- Bəs nə zaman yenilik olacaq? [/b]
- Seçki Məcəlləsinə görə, seçkiyə 6 ay qalmış iş görməyə başlamaq lazımdır. Ona görə də hələ vaxta var.
[b]- Ancaq seçki bitəndən sonra növbəti seçkiyə hazırlaşmaq lazımdır...[/b]
- Bu, normal ölkələrə aiddir. Çünki onlarda seçkilərdə partiyalar iştirak edir. Bizdə proporsional seçki sistemi deyil. Proporsional seçki sistemində bütün partiyanı ayağa qaldırmaq lazımdır, rayon təşkilatları, məntəqələr və s. hamısı işləməlidir. Hazırda isə seçkidə fərdlər iştirak edir. Üç-dörd nəfər namizəd olacaq, ona görə də 3 min adam işləməyəcək ki. Bizdə bəziləri eşidib ki, dünada belədir, axı, biz dünyadan çox uzağıq...
[b]- ASDP-dən 3-4 nəfərmi namizəd olacaq? [/b]
- Namizədlərimiz məhdud sayda olacaq. Konkret rəqəm deyə bilmərəm. Partiya üzvlərimizə demişik ki, kimin maddi imkanı varsa, seçkidə iştirak etsin. Ona görə də kimin maddi imkanı olacaqsa, o da seçkiyə gedəcək. Çünki namizədliyini irəli sürən partiya üzvünə maddi dəstək verməyəndə inciyir. Ona görə də açıq deyəcəyik ki, partiyada pul yoxdur.
[b]- Bəs, seçkidə iştirak etmək üçün Araz Əlizadənin maddi vəziyyəti necədir? [/b]
- Mən seçkiyə gedəcəyəm. Araz Əlizadəni tanımaq üçün heç nə lazım deyil. Mən artıq sınaqdan keçirtmişəm, məsələn, 2005-ci ildə seçkilərdə nə təqvim düzəltdim, nə plakat hazırladım, gəlirdim səsgücləndiricini qoyurdum həyətdə, çıxış edib, sözümü camaata deyirdim. Bunun üçün də elə böyük maddi vəsait lazım deyil.
[b]- 2005-ci ildəki taktikanız Sizə deputat mandatı qazandırmadı, bəlkə yeni taktika seçəsiniz...[/b]
- Mən nə edim axı? Evim yoxdur ki, satım, bağım yoxdur ki, onu satım, maşınım da onun kimi. İkincisi, əgər onlar olsaydı belə, mücərrəd parlamentə düşməyə görə onları satmaq əlbəttə ki, axmaqlıq olardı. Çünki mənim ailəm var, ailəm dolanmalıdır. Amma mən siyasətə gələndən sonra bunların hamısını itirmişəm. Daha nə etməliyəm? Daha doğrusu, nə edə bilərəm? Televiziya kanalı ala bilərəm? Yox. Seçkilərə daha çox pul buraxa bilərəm? Yox. Hərə ayağını yorğanına görə uzadır, mən də elə.
[b]- Amma müxalifət nümayəndəsi olaraq, bu şəraitin yaradılması üçün hakimiyyətdən tələb edə bilərsiz? [/b]
- Televiziya imkanı əldə etmək üçün ən azı 63 dairədən namizəd qeydiyyata aldırmalısan. Üstəlik, bu 63 namizədi qeydiyyatdan keçirmək üçün nə qədər pul lazım olacaq? Bax, yenə də təkər pul məsələsində dirənir. Keçən parlament seçkilərində Lalə Şövkətin partiyası ALP 60-dan çox namizəd irəli sürmüşdü. Baxıb görürdüm ki, bir ay qabaq bizim partiyadan xaric edilmiş adamlar ALP adından deputatlığa namizəd olub. Məsələ onda deyil, 63 adamı tapmaq olar. Ancaq mənası nədir? Yəni nəticəsi bəlli olan bir prosesdir. Buna baxmayaraq, mübarizəmi aparacağam, insanlarla görüşüb, sözümü deyəcəyəm. İnsanlar qulaq assalar, gəlib səs verəcəklər, qulaq asmasalar, səs verməyəcəklər. Tutaq ki, 50 plakat assam mənə daha çox inanacaqlar? Yox. Mən, 20 il bundan qabaqkı adamam. Heç nə dəyişməyib. Əgər insanlara Milli Məclisdə "Avropa Qapıları"nın rəhbəri Baba Tağıyev kimi deputat lazımdırsa, onlar yenə də gedib qapı-pəncərə düzəldənə səs vercəklər, Araz Əlizadəyə yox.
[b]- Yenə də günahı xalqın üstə atırsınız... [/b]
- Əlbəttə ki, günah xalqdadır. Çünki xalqın özü-özünə o cür münasibət istəyir. Seçim haqqını pula satan bu xalq deyilmi?
[b]- Xalqın bu günə düşməsində Siz müxalifətçilərin də təqsiri var... [/b]
- Bəli. Xalqın bu günə düşməsində müxalifətin də payı var. Bu müxalifətin apardığı siyasət xalqı biganə edib. Düzdür, mən də 20 ildir onlarla bir yerdəyəm, amma bir dəfə də olsun yalan deməmişəm. Ancaq bunlar daim yalan danaşıblar. Ona görə də xalq müxalifətə inanmır. Nəticədə isə qurunun oduna yaş da yanır.
[b]- 2010 seçkiləri ilə bağlı proqnoz verən bəzi siyasilər bu seçkiləri ciddi dəyişikliklərin başlanğıcı kimi dəyərləndirirlər. Siz nə düşünürsünüz?
[/b]
- Siz görmüsünüz ki, onlar hər hansı seçkiöncəsi hansısa ciddi dəyişikliklərin olmayacağını desinlər? Hər seçkidən əvvəl "bu dəfə belə edəcəyik, bu dəfə yıxacağıq",- deyirlər, axırda da ya "sus" payı alırlar, ya da çəkilib qıraqda otururlar.
[b]- 2008-də keçirilən prezident seçkilərində də belə deyildi... [/b]
- Onda yer bir idi. Yaxşı bilirdilər ki, onlarlıq heç nə yoxdur. Bu dəfə isə düşünürlər ki, bəlkə verdilər. Ona görə də ümidlə seçkiyə gedirlər, bu cür boş və mənasız bəyanatlar verirlər.
[b]- Yəni hər hansı inqilabi dəyişikliklər gözləmirsiniz? [/b]
- Mən, Azərbaycanda inqilabın olmasını istəmirəm. İndi oturub, Qırğızıstana baxır və inqilabın mənfi tərəflərini görürəm. Həmin hadisələr bizdə də olmuşdu. Bizdə dövlət çevrilişindən sonra 92-ci ildə hər "bəy" 5-6 nəfərdən ibarət lotu-potu dəstəsi düzəltmişdi, dükanlardan hesab alırdılar, restoranlarda yeyib-içib pul vermirdilər, jurnalitləri redaksiyalarda döyürdülər. Ya da televiziya kanalına əli silahlı gəlib deyirdilər ki, mən indi sözümü deyəcəyəm. Bu adamlar növbəti dəfə çevriliş yolu ilə hakimiyyətə gəlsələr, Azərbaycan xalqına heç nə verməyəcəklər. Bir dəfə gəldilər, "bacarıqları"nı göstərdilər.
[b]- İnqilabi dəyişikliklərin yeni nümunələri var, Ukrayna, Gürcüstan... [/b]
- "Narıncı inqilab" Ukraynanı 20 il dala saldı. Gürcüstanda nə oldu ki, sadəcə olaraq, aşağı səviyyədə rüşvətə son qoyulub, yuxarı səviyyədə isə artıb.
[b]- Yəqin ki, Azərbaycandakı kimi deyil...
[/b]
- Fərq ondadır ki, orda bir qədər az oğurlamaq mümkündür. Qırğızıstanda da Azərbaycandakı qədər oğurlamırlar. Amma gördünüz, xalq nə gündədir. Tacikistanda ondan da pisdir, amma heç kəs cınqırını da çıxarmır. İnqilab qandır, geriləməkdir. Təkamül yolu isə normal yoldur.
Azərbaycanda demokratiya var idi, müxalifətin sözü var idi, müxalifət televiziyaya çıxırdı, Azərbaycan adlı bir qadın demokratiyaya hamilə idi. Bu gün özlərini demokrat adlandıranlar demokratiyaya hamilə qalan qadının uşağını zorla saldırdılar, ona görə də Azərbaycan bir daha demokratiyaya hamilə qalmır. İndi də "Sevil"dəki kimi öz cəzandı, çək Balaş! İndi də deyirlər ki, bu hakimiyyət insan haqlarını pozur, jurnalistləri həbs etdirir. Bəs onlar nə edirdilər? Döyürdülər. Yəni özlərini demokratik müxalifət adlandıran bu düşərgənin indiki hakimiyyətdən fərqi yoxdur.
[b]- Hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev hakimiyyətlə bir araya gəlməyi, problemləri birgə çözməyi təklif edir. Sizin mövqeyiniz necədir? [/b]
- Rəsul Quliyev nə zamandan müxalifətçi oldu? Onun "Demokratiyaya gedən yol" kitabına baxın. Özü yazır ki, oğurladığı pullardan Vəzirovun da, Mütəllibovun da, Elçibəyin də devrilməsi üçün külli miqdarda xərcləyib. Hakimiyyət dəyişikliyindən sonra çoxları bilmirdi ki, nefti necə satarlar. Rəsul Quliyev keçdi iş başına və başladı çömçəylə yeməyə. Sonra ona dedilər ki, düş süfrənin kənarında hamı kimi qabdan qaşıqla ye, o isə incidi və oldu "müxalifət"çi. Yəni Rəsul Quliyevin müxalifətçi olması bu dərəcədədir. Ona görə də onun hansı təklif verməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Spiker olanda Rəsul Quliyev mənə, Mirmahmud Mirəlioğluna söz vermirdi. Onda müxalifətə ünvanlanan ən böyük təhqirləri Rəsul Quliyev səsləndirirdi. Vəzifədən gedən kimi oldu müxalifətçi. Amma mən onu müxalifətçi saymıram.
[b]- Bəs, Ayaz Mütəllibovun müxalifətçiliyi nədə görünür? [/b]
- Mütəllibov müxalifətçidir. O, nə milyonlar xərcləyir, nə də çığır-bağır salır, çünki xalqdan oğurlamayıb. Əgər oğurlasaydı, 4-5 partiya saxlayardı, o, partiya saxlamır, bu partiyaya da gəlib. Bir sözlə, Mütəllibovun digər müxalifət liderlərindən fərqi yalan danışmamasındadır.