16-05-2016 [17:32]
Ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabında əks olunan hadisələr cəmiyyətdə böyük maraqla izlənilir.
Mia.az Moderator.az-a istinadən həmin kitabdan bir parçanı da (Əvvəlini bu linkdən oxumaq olar - moderator.az/news/136078.html) təqdim edir:
*******
On illik Gəncə həyatımdan ayrılıb yeni bir yerə köçmək psixoloji baxımdan çətin olsa da hərbçilərin taleyinin bir yerdə qərarlaşmadığını mən də, ailəm də bildiyindən, köçməyimizi sakit qarşıladıq.
1993-cü ilin noyabrı qarla başladı və alaçalpov sulu qarın yağdığı gün Göyçayda işə başladım. Göyçay rayon bölməsi Göyçay rayonundan başqa Ucar, Zərdab rayonlarının ərazisində də xidməti fəaliyyət göstərir, əks kəşfiyyat tədbirləri həyata keçirirdi. 1993-cü il 4 iyun hadisələrindən sonra hər üç rayonun icra hakimiyyətləri AMİP üzvləri tərəfindən qanunsuz olaraq tutulmuşdu və rəsmi sərəncamla fəaliyyət göstərən başçı yox idi. Faktiki olaraq mən rayon ictimaiyyətinə deyil, qanunsuz fəaliyyət göstərən başçılara təqdim olundum. Qeyd edim ki, Prezident Aparatından da göstərişlər, hər hansı bir tapşırıq bu adamlara verilir, tədbir keçirmə də bu qanunsuz fəaliyyət göstərən şəxslərə həvalə olunurdu.
Əməliyyat şəraiti ilə tanış olduqca cəbhə bölgəsindən uzaq bu yerlərin özünəməxsus problemlərinin olduğu aydın olurdu. Bu, daha çox dindarların, radikal islam təfəkkürünün, sünni-şiə qarşıdurmasıyla müşayət olunan dini fanatizmin sürətlə bölgədə inkişaf etməsilə xarakterizə olunurdu. Göyçayın və ətraf rayonların əməliyyat şəraitinə daha çox təsir edən faktor İrandan qaynaqlanırdı. Mən fəaliyyətə başlayanda İrandan gələn iki müəllim Göyçay mədrəsəsində dərs deyirdi. Dörd nəfər müəllim heyəti növbə ilə iki qrupa bölünərək İranın maliyyəsi hesabına dərs keçirdilər. Əməliyyat mənbələriylə iş zəif təşkil olduğundan yeni cəlbetməyə ehtiyac vardı. Xüsusi xidmət orqanının vacib işi informasiya əldə etməkdi, onun da əsas mənbəyi insandı. Texnika nə qədər inkişaf etsə də insanı əvəz edəcək ikinci vacib mənbə hələ yoxdu. Xüsusi xidmət orqanının agenti professional baxımdan daha çox əks kəşfiyyat sistemində düşmənin casusluq fəaliyyətini, daxildə dövləti cinayətlərə apara biləcək bütün hərəkətləri, mütəşəkkil cinayətkarlığı və digər təhlükəni zamanında aşkar etmək üçün ən əsas köməkçidi. SSRİ dönəmində agentura daha çox antisovet mövqedə olanları aşkar etmək, məhz donos vermək istiqamətində istifadə olunduğundan agentə dövlətin köməkçisi yox, adamları satan, qərəzli, pis adam kimi baxmaq ənənəsi vardı və bu indi də hələ davam edir, çünki zaman dəyişsə də hələ də agent qarşısında dövləti cinayətlərin zamanında aşkar edilib qarşısı alınması vəzifəsindən çox, "kim nə düşünür, kim nə deyir, kim hakimiyəti tənqid edir” kimi ötən əsrin 30 - cu illərindən qalma tapşırıqların verilməsi hələ də aktual olaraq qalır. Zaman-zaman mətbuatda "KQB arxivləri açılsın” deyə müzakirə açmaq istəyənlərə bir daha üzümü tutub deyirəm. Arxiv həmişə alimlərin, konkret, əsaslandırılmış marağı olan vətəndaşın üzünə açıq olmalıdı və bununla bağlı komissiya yaradıb qanun qəbul olunmalıdı. Agentura şəbəkəsinin arxivə aidiyyatı yoxdu. İctimai qurluşundan asılı olmayaraq xüsusi xidmət orqanının agentura şəbəkəsi açılmamalıdı. Diletantlar populist, əsaslanmayan çıxışlar edə bilərlər, bu işi bilənlər, dövlətçilik xəttində duranlar heç vaxt bu fitnəyə getməzlər. Bir-birinə düşmən olan qüvvələr hakimiyyətə gələndə belə özündən əvvəlki şəbəkəni açıqlamazlar.., istifadə edərlər.
İran tərəfdən Hacı Ocaq Nəjat kimi diplomatik pərdə altında gizlənən biri də tez-tez bizim xidməti bölgəyə səfər edənlərdən idi. Onun hər bir gəlişini bölgənin şiə dindarları az qala bayrama çevirir, kameralarla lentə alır, öz aralarında yayır və təbii ki, o lentlər.., həm də bizə çatırdı.
Göyçayda o zaman bir məscid vardı və əsasən də şiələr tərəfindən idarə olunurdu. Tez-tez pişnamazın kim olması barədə sünnilərlə şiələr arasında mənasız mübahisələr yaranır, bəzən açıq qarşıdurmaya qədər gəlib çıxırdı. Aşura günü ərəfəsində məlumat aldıq ki, İrandan gələn dindarların təbliği nəticəsində gənc şiə dindarlar dəmir armaturlar hazırlayıb, aşuradan sonra şəhərin bütün mağazalarına girib spirtli içkiləri qırıb dağıtmağı planlaşdırırlar. Gecə ilə mədrəsənin gənc direktoru və məscidin axundu ilə görüşdüm, gərəkli söhbətlər apardım, məlumatsız olduqlarını desələr də inandırıcı deyildi. Gecə ilə polisi də xəbərdar etdim. Ertəsi gün bütün dini ritual və sonrakı proseslər tam nəzrətimizdə idi.
İranın təsiri get-gedə açıq hiss olunurdu. Göyçaydan, Ucardan qanunsuz yolla Quma aparılıb təhsil alan gənclər barədə məlumatımız vardı və nəzarətimizdə idi. Bəzi gənc mollalar MTN rayon bölməsi barədə aqressiv mövqelərini gizlətmirdilər. Məclislərdə haqqımızda xoş sözlər söyləmirdilər, hətta din düşmənləri kimi təqdim edirdilər. İnformasiya mənbələri nüfuz sahibləri, təsir imkanları olsa da İranlı müəllimlərin qarşısında bəzən aciz durumda olduqlarını da hiss edirdik. Səbəblərdən biri hər dəfə İrandan gələndə bu dırnaqarası müəllimlərin kiçik hədiyyələri idi. Sünni məzhəbindən olan dindarların xeyli sıxışdırıldığı hiss olunur, onların da liderləri Ağdaşda dini təhsil alan gənclərin əli ilə hər zaman məsciddə qarşıdurma yaradırdılar. Daha mötəbər din xadimlərinin bu məsələyə müdaxiləsinə ehtiyac yaranmışdı. Vəziyyət barədə nazirliyə təqdim etdiyim analitik məlumatda Qafqaz Müsəlmanları İdarəsinin müdaxiləsini məqsədəuygun hesab etdim. İnformasiyamız məqsədinə şatdı. Şeyxülislam Allahşükür Paşazadə hər iki tərəfin liderləriylə söhbət aparmışdı. Detallarına varmadan qeyd etmək istəyirəm ki, hər iki din xadimi rayonda dindarlar arasında mövcud neqativ halların bir daha təkrar olunmayacağına söz verib, yarana biləcək problemləri aradan qaldırmaq üçün dövlətlə əməkdaşlıq edəcəklərinə söz vermişdilər.
O vaxt arayışda sünni məzhəbinin nümayəndələri üçün ikinci məscidin tikilməsini zəruri hesab edirdim. Bir neçə ildən sonra Göyçayda ikinci məscidin tikildiyini eşitdim. Hadisələri qabaqlayaraq bir faktı nəzərinizə çatdırım. İranlı müəllimlər təbliğatları keçmədikcə MTN rayon bölməsini söhbətlərində hədəfə alırdılar. 1994-cü il Futbol üzrə dünya çempionatının açılış günündə açılışa bir neçə dəqiqə qalmış bölmənin qarşısında 16-17 yaşlı yeniyetmə gənclər "KQB istefa” şüarı səsləndirib qaçdılar. Bu adi məsələ deyildi. Gənclərdən birini elə həmin gecə bölməyə gətirib yerdə qalanların da hər birini müəyyənləşdirdik.
Məlum oldu ki, axşam namazından sonra İrana tez-tez gedib gələn gənc bir molla dindarların Göyçayda bir nömrəli düşməninin "KQB işçiləri” olduğunu söyləyib və bizi qovmağın vaxtı yetişdiyini təbliğ edib. Uşaqlar da buna uyublar. Onların valideynlərilə söhbət apardıqdan sonra həmin gənc mollanın ətrafında informasiya topladıq.
Məlum oldu ki, hər ay ticarət məqsədilə İrana gedən bu gəncə orda şərait yaradılır, əvəzində dini təbliğat, daha doğrusu Azərbaycanda da İran kimi islam dövlətinin yaranmasının təbliğini aparmaq tövsiyyə olunurmuş. Gənc mollanın hərbi mükəlləfiyyətdən yayındığı, qeydiyyatda Göyçayda olmadığı məlum oldu. Qeydiyatda olduğu Bakı rayonlarından birinin hərbi komissarının tanışlıq müqabilində onu hərbi xidmətdən yayınmasına şərait yaratdığı da məlumatlar sırasında idi. Tədbirlərimiz nəticə verdi. Gənc molla QMİ-də təhsilini əyani davam etdirməklə bir müddət Göyçayda görünmədi. Sonralar mən Bakıya işə gələndə onu "Abşeron”mehmanxanası qarşısında gördüm. Özü mənə yaxınlaşdı və etirafda bulundu: ”İlham müəllim, Siz mənim gözümü açdınız, elə bilirdim ki, İran dinin müdafiəçisidi, amma elə deyilmiş.., mən tam anladım ki, onlara din yox, Azərbaycanın məhvi lazımdı”
Göyçay, Ucar, Zərdab rayonlarına 1994-cü ilin mart-aprel ayına kimi, Zərdaba isə hətta mən Göyçaydan Bakıya gedənədək icra başçıları təyin edilmədi. Göyçayda rəsmi olaraq icra başçısının müavini kimi fəaliyyətini davam etdirən Rövşən Məmmədovla əlaqə saxlayır, sənədləşmə işlərini onunla həll edirdik. R.Məmmədov həqiqətən dövlətçilik mövqeyində dayanıb bəziləri kimi " fəaliyyətini dondurmadı”, vəzifə tutmaq perspektivinin olmadığını bilsə də sonadək ona tapşırılan vəzifəni icra edir və bu ona asan başa gəlmirdi. İcra başçılarının olmamasının rayonun ictimai-siyasi həyatında mənfi təsirləri vardı və yaranmış vəziyyət barədə geniş analitik arayışı nazirə ünvanladım.
Sonradan mən Bakıya işə gələndə nazirin köməkçisi mənə dedi ki, sənin arayışını nazir oxuyub soruşmuşdu ki, ”çox mükəmməl arayışdı, bilmirsən Göyçayın rəisi özü yazır, yoxsa işçisi?”.
1993-cü ilin sonu, 1994-cü ilin əvvəli cəbhənin Füzuli istiqamətində nisbətən ugurlu döyüşlər oldu, bir neçə kənd qaytarıldı. Heydər Əliyev Gəncədə respublika müşavirəsi çağırdı. Göyçaydan icra başçısı olmadığından mən gəlmişdim. Bu, Surət Hüseynovun 1993-cü ilin avqustunda Gəncədə keçirdiyi respublika müşavirəsinə cavab idi. Heydər Əliyev S.Hüseynova, məhz Gəncədə, onun iştirakı olmadan müşavirə keçirməklə anlatdı ki, Gəncəni özünə dayaq hesab edə bilməz, Gəncə də, Bakı da Heydər Əliyevin nəzarətindədi. Müşavirə xüsusi olaraq hansısa hadisəylə yadda qalmadı.., xırda bir "çp”-dən başqa. H.Əliyev Gəncə icra hakimiyyətinə daxil olan zaman işıqlar söndü. Mühafizə bir anlığa özünü itirib əlindəki fənəri Əliyevin üzünə tutur.., sonda Əliyev mühafizəçiyə deyir ki, üzümə yox, ayağımın altına tut işığı. Hamı şübhələnmişdi ki, işıqların keçirilməsi Surət Hüseynovun adamlarının təxribatıdı, amma bu sübut olunmadı.
***
1994-cü ilin fevralında nazirlikdən tapşırıq gəldi ki, Kəlbəcər istiqamətində döyüşən əsgərlərə yardım aparılmalı, əsgərlərlə bir neçə gün birlikdə olub, onları ruhlandırmaq lazımdı. Başçını əvəz edən Namiq Qasımovla ərzaq məhsulları, isti əlcəklər alıb yola düşdük. Gəncə icra hakimiyyətində digər rayonların da rəhbərləri ilə birlikdə qısa görüşdən sonra Toğana- Kəlbəcər istiqamətində yola çıxdıq. Toğanadan sonra yol daha sərt, daha qarlı idi. Murova yaxınlaşdıqca ağaclar azalır, sərt qayalıqlar başlayırdı. Maşın karvanının yolunu qar uçqunu kəsdi. Yolun açılması üçün traktorlar gəldi. Traktorlar yolu açanadək Samux rayon icra hakimiyyətinin başçısı Məmməd Ələkbərov maşının kapotu üstündə, gözəl bir çöl süfrəsi açdırdı...
Murovun qərb hissəsində, hər yanın qarla örtüldüyü, soyuğun adamın iliyinə işlədiyi bir vaxtda xüsusi hazırlıq keçmiş hərbi dəstələrin olmadığı bir ordu ilə Kəlbəcəri almaq adı ilə döyüş keçirmək böyük avantüra idi. Həmin günlərdə amerikalı mütəxəssislərin hansısa qəzetdə rəyi vardı ki, Murovdağ silsiləsində qış zamanı müharibəyə başlamaq məğlubiyyətlə nəticələnəcək.Təəssüf ki, mütəxəssislərin rəyi nəzərə alınmadı, Bərdənin, Kəlbəcərin o vaxtkı icra başçılarının avantürist çıxışları, bu qələbə ilə hakimiyyəti daha da möhkəmlətmək düşüncəsi nəticədə böyük faciəyə səbəb oldu.
Yol açıldı, ”Güzgü” deyilən yerə çatanda artıq toran çalırdı. Maşını saxladıb bayıra çıxdım, çovğun başlamışdı. İki əsgər postda dayanmışdı. Onlara baxanda təəccüb etdim: ”Bu zənciləri hardan gətiriblər?”.
Onlara yaxınlaşanda əsgərlər öz dilimizdə hara getdiyimizi soruşdular. Bu, bizim əsgərlər idi, qarın soyuğu vurub üzlərini elə yandırmışdı ki, zənciyə oxşayırdılar. Dəniz səviyyəsində 3000 metrdən çox yüksəklikdə oksigen çatmırdı, yaxamı açıb nəfəs almağa çalışsam da, boğulduğumu hiss edir, əsgərlərin halına acıyırdım. Bu vaxt bir "Niva” ilə Gəncənin və Bərdənin icra başçılarının tələsik geri qayıtdıqlarını gördüm. Niyə qayıdırdılar? Axı bir neçə gün burda qalmalıyıq?
Bu vaxt yanımda bir hərbi yük maşını saxladı. Bir zabit maşından düşüb mənə yaxınlaşdı: ”İlham müəllim, bu vaxt burda nə gəzirsiniz? Hara gedirsiniz?”.
Mən məqsədimizi deyəndə bu gün də tanımadığım, özünü xüsusi şöbənin işçisi kimi təqdim edən o zabit: ”Siz nə danışırsınız? O gördüyünüz Yanşaq kəndidi, ermənilər kəndin başı üstündə mövqe tutublar. Bir azdan keçən istənilən maşının işığına atəş açacaqlar. Bu çox təhlükəlidi. Mən də tez gedirəm ki, tam qaranlıq düşməmiş dislokasiya yerinə çatım. Xahiş edirəm, təcili qayıdın. Sabah hələ burda nələr olacağı bəlli deyil. Bizi başlı –başına buraxıblar. Yaxşı olar ki, gedib deyəsiniz ki, burda bizi fəlakət gözləyir. Əsgərə gətirdiyiniz ərzaqdan çox, ona daha isti paltar, tez-tez əvəz edən ehtiyyat qüvvələr lazımdı. Erməni hücum etsə, tətik çəkməyə əsgərin barmağı yoxdu, çoxunun əlini don vurub. Bu bir avantüradı, Sizdən xahiş edirəm gedin, rəhbərliyə də çatdırın.”
Maşını idarə edən Göyçay icra hakimiyyətinin sürücüsü idi, döyüş bölgəsinə birinci dəfə gəlirdi, o da yalvarırdı ki, qayıdaq. (Bu illərdə qoçaq sürücü sarıdan heç bəxtim gətirmədi) Bizimlə gələn maşın karvanından bir nəfər belə yox idi.
Məhz Bərdənin və Gəncənin icra başçılarının geri qayıtması onlara da təsir etmişdi. Hamı qayıtmışdı, bizim qalmağımızın heç bir mənası yox idi. Başqa rayonlardan gələnlər də məsləhət gördülər ki, gətirdiyimiz bütün ərzaqları məni tanıyan zabitin maşınına yükləyək. Namiq Qasımov da zabitin maşınına minib gedəcəyini dedi, özü deyirdi ki, bunu ona görə edir ki, bəlkə başçı kimi təsdiq etdilər.
Ağlım kəsəndən nəinki kəndimizdən, az qala Qarabağın hər yerindən görünən Murovun zirvəsindən o yana sanki dünya qurtarırdı, bu zirvədən qabağa yol yox idi, qabağa getmək boşluğa, mənasız ölümə getmək idi...
Geri dönəndə qaranlıq tam çökmüşdü, buzlu yolları çətinliklə enir, dolamalar bitmək bilmədikcə zirvədə keşik çəkən əsgərləri düşünür, zabitin fəlakət olacağı barədə dedikləri yadımdan çıxmır, həm də bu vəziyyəti dəyişə bilmək üçün əlimdən heç nə gəlmədiyi, yəni öz zəifliyimi dərk etməyim əzab verirdi. Toğanaya çatdıq. Dörd il əvvəl -1990-cı ilin yanvarında Toğanada erməni əsirləri verib, azərbaycanlı əsirləri dəyişən zaman gecə Toğanadan qayıdanda özümü qalib hiss edirdim. Bu dəfə Toğanada o hissləri yaşaya bilmirdim.., özümü üzü soyuqdan yanmış əsgərlərin yanında günahkar hesab edir, məğlub olan adam kimi geri dönürdüm. Göyçaya çatanda səhər açılırdı..
Səhərisi gün Murovdağda gördüklərimi, vəziyyətin çətin olduğunu, fəlakət olacağını birbaşa telefonla nazirə dedim. İmranov: ”Çətin olduğunu bilirik, amma addım atılıb, geri dura bilmərik.”
Bəli, zamanında durdurulsaydı, bu qədər əsgər itkisi verməzdik. Murovdağda Kəlbəcər istiqamətində məğlub olan əsgərlərimiz düşmən gülləsindən çox, soyuqdan, şaxtadan qırıldı. Bir neçə il sonra iki mindən çox əsgərin həlak olduğu, itkin düşdüyü barədə rəsmi sənədlər açıqlandı. Bizim bölmənin xadiməsinin oğlu da orda olmuşdu. Ayaqlarını don vurduğundan, əməlyyatla ayaqlarının altını tamam götürmüşdülər.
Onunla söhbət edəndə deyirdi ki, sağ qalmağına görə komandirinə borcludu. Dağları aşdıqca dağ gəlirdi, taqətdən düşüb elə soyuqdaca yatmaq istəyəndə komandir bizi təpiklə vururdu - yatmayın, öləcəksiniz, bir azdan kəndə çatacağıq, deyirdi. Düz iki gün, iki gecə yol gələn əsgərlər Daşkəsənin kəndinə çatmışdılar. Ötən yay Daşkəsənin Zağalı kəndində olanda yerli adamlar Daşkəsənlə Kəlbəcərin arasındakı yerlərdə hələ də insan skeletlərinin qalıqlarına rast gəldiklərini söyləyirdilər.
Ardı var...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs