Xanım Xəlilova: "ANS ucuz sensasiya axtarır"

img

04-04-2010 [06:11]


ANS telekanalı Kəlbəcərin işğal günü sensasiyalı məlumat yayıb. Telekanalın iddiasına görə, işğaldan bir ay əvvəl Böyük Britaniyanın xüsusi xidmət orqanları Kəlbəcərin işğal olunacağı ilə bağlı Türkiyənin o zamankı baş naziri Süleyman Dəmirələ sənəd göndərib. Məsələ ilə bağlı danışan İzmirdəki Azərbaycan Kültür Cəmiyyətinin rəhbəri Cem Dağtəkinin sözlərinə görə, əvvəlcə müvafiq materiallar baş nazir Süleyman Dəmirələ verilib: "Onlar Dəmirələ deyiblər ki, biz, Azərbaycan əsgərinə təlim keçmək istəyirik, çünki Azərbaycan əsgərində intizam yoxdur. Əgər lazım olsa, onlara silah da verərik. Lakin Baş nazir deyib ki, mən bunu eşitmədim, siz nə istəyirsinizsə edin". Məlum olub ki, Türkiyə bu məlumatları İzmirdəki Azərbaycan Kültür Cəmiyyətinin rəhbəri vasitəsilə rəsmi Bakıya çatdırmaq istəyib: "Arzu Səmədov var idi. Rəhmətlik Tahir var idi. Bu dostlara dedim ki, ermənilər hücuma hazırlaşır, xəbəriniz var, nə deyirsiniz? Mənə dedilər ki, sən narahat olma, biz hər şeyi bilirik, hər şeydən xəbərimiz var. Mən bu sənədi Azərbaycan heyətində təmsil olunan Xanım Xəlilovaya verdim ki, Elçibəyə təqdim etsin. Dedim ki, bunu mütləq Elçibəyə ver. Aradan 15 gün keçdi və Kəlbəcər işğal edildi", - deyə Cem Dağtəkin əlavə edib. Hazırda Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan Xanım Xəlilova Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Cem Dağtəkinin ittihamlarını qeyri-ciddi adlandırıb. X.Xəlilova ANS telekanalının heç bir əsası olmayan bu xəbəri dövriyyəyə buraxmasından təəssüf hissi keçirdiyini də bildirib: "ANS-in adı çəkiləndə ilk əvvəl mərhum Milli Qəhrəman Çingiz Mustafayevi xatırlayıram. Türkiyədə qatıldığım bütün tədbirlərdə Çingizi ehtiramla anır, onun çəkmiş olduğu kadrların əhəmiyyətindən danışıram. Adı rəhmətlik Çingiz Mustafayevlə qoşa çəkilən bir telekanalın ucuz sensasiya arxasınca qaçması məni üzdü". X.Xəlilova deyib ki, Cem Dağtəkini ilk dəfə Bakıda görüb. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmizə gələn Türkiyə vətəndaşlarından biri də Cem Dağtəkin olub: "Deyirlər ki, sel gələndə əvvəlcə çör-çöp gətirir. Təəssüf ki, həmin vaxt Azərbaycana gələn Türkiyə vətəndaşlarının bir çoxu qeyri-ciddi adamlarıydı. Cem Dağtəkin də bu kateqoriyaya daxil idi. Böyük Britaniyanın xüsusi xidmət orqanlarının başqa bir dövlətin vətəndaşı olan 30 yaşlı cavan oğlana Azərbaycanla bağlı məxfi sənəd ötürməsi absurd səslənir. Görünür, bu adamlar hamını özləri kimi axmaq hesab edirlər. Mən, Cemi arayıb, ondan bu məsələyə aydınlıq gətirməsini tələb etdim. And-aman etdi ki, belə söz deməyib. Onu da nəzərə almaq lazımdır ki, həmin vaxt Azərbaycan iqtidarı ilə Böyük Britaniya hakimiyyəti arasında xoş münasibətlər olub. Hətta bu ölkənin baş naziri xanım Tetçer Azərbaycana səfər etmişdi. Əgər Böyük Britaniya kəşfiyyatında belə məlumatlar olsaydı, onu hansısa QHT rəhbərinə deyil, Azərbaycanın xüsusi xidmət orqanlarına ötürərdi". X.Xəlilova bildirib ki, həmin vaxt onlarda Kəlbəcərin deyil, Füzulinin işğal olunacağı ilə bağlı məlumatlar olub: "Milli hökumət qurulandan sonra biz qadın batalyonu yaradıb, torpaqlarımızın müdafiəsinə qalxdıq. Füzulilinin işğal olunacağı ilə bağlı məlumat aldıqdan sonra prezident Əbülfəz Elçibəy və Milli Məclisin sədri İsa Qəmbər bu rayona yola düşdülər. Həmin vaxt Novella xanım başda olmaqla qadın batalyonunun bir neçə üzvü də cəbhə bölgəsinə səfər etdi. Azərbaycan hakimiyyətinin cəsarəti, ordumuzun dəyanəti sayəsində ermənilərin işğal planı baş tutmadı". Sonda X.Xəlilova ANS telekanalının rəhbərliyinə mesaj göndərməyi də unutmayıb: "Mən, ötən əsrin 70-ci illərindən başlayaraq, mərhum Əbülfəz Elçibəylə çiyin-çiyinə Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə aparmışam. Uzun illərdir ki, Türkiyədə Azərbaycanı təbliğ edir, ermənilərin günahsız insanlara qarşı törətdiyi vəhşiliklərdən bəhs edən müxtəlif tədbirlərdə, konfranslarda çıxışlar edirəm. Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə Türkiyənin 10-a yaxın şəhərində böyük anım tədbirləri keçirdik. Ərciyəs Universitetinin 3 min tələbəsi ilə birgə Azərbaycan bayraqlarına bürünüb, möhtəşəm yürüş keçirdik. Amma həmin tədbiri çəkən telekanallar arasında ANS-in kamerası yox idi. Reytinq xatirinə ucuz sensasiya yaratmaq heç kimə başucalığı gətirmir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA