"Biz imkan verə bilmərik ki, Rusiya qoşunları yenidən..." - Partiya sədrindən xəbərdarlıq

img

05-05-2016 [17:21]


Bu günlərdə BAXCP sədri Qüdrət Həsənquliyev mətbuata verdiyi müsahibəsində partiyası adından "Rusiya ilə razılaşıb KTMT-yə, Avrasiya İttifaqına, Gömrük Birliyinə qoşulmalıyıq”, təklifi ilə çıxış edib. BAXCP sədrinin təklifləri Azərbaycanın müstəqilliyi üçün təhlükəli ola bilərmi? Və ümumiyyətlə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin Rusiyanın nəzarətinə verilməsi Azərbaycanın ərazi bütövlüyünü təmin edə və Dağlıq Qarabağ münaqişəsinin həllinə yol aça bilərmi? Əgər bu baş verərsə, Azərbaycanın Dağlıq Qarabağa görə bu boyda qurban verməsi nə qədər doğrudur?

Azərbaycan Avrasiya İttifaqına qoşularsa, müstəqilliyini itirəcəyini qeyd edən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə görə, Qüdrət Həsənquliyevin təklifi olduqca yersiz və reallığa zidd təklifdir: "Düşünürəm ki, Azərbaycan tək Avrasiya İttifaqına qoşulmaqla deyil, ətrafında olan qonşularla əməkdaşlıq münasibətlərini saxlamalıdır. Azərbaycan müstəqil dövlətdir və müstəqilliyini itirə bilməz. Rusiya hər zaman bizə arxadan zərbə vurub və vurmaqda da davam edir. Biz imkan verə bilmərik ki, Rusiya qoşunları yenidən "sülhməramlı misiya” adı ilə Azərbaycanın torpaqlarına daxil olsun. Ona görə ki, Xocalı Soyqırımını, 20 Yanvar faciəsini törədən Rusiya oldu və Azərbaycan torpaqlarının 20%-ni alıb ermənilərə verdi. Qüdrət Həsənquliyev gərək bu məsələdə biraz diqqətcil olsun. Onun təklifi düzgün deyil. Biz Rusiyanın pisliklərini unuda bilmərik. Qüdrət bəy gərək özünü o səviyyəyə salmayaydı.Ola bilər ki, Qüdrət Həsənquliyevin o müsahibəsinə görə Rusiya mükafat versin. Düzdür, Qüdrət bəyə böyük hörmətim var, amma istəməzdim ki, belə təkliflə çıxış etsin. Azərbaycan inkişaf baxımdan heç də Rusiyadan geri qalmır və Avropaya, Qərbə inteqrasiya edib. Azərbaycanın Avrasiya ittifaqına, Gömrük Birliyinə qoşulması öz müstəqilliyini itirməsi deməkdir. Qüdrət Həsənquliyev belə məsələlərdə ayıq olmalıdır. Biz imkan vermərik ki, Azərbaycan ərazisinə rus ordusu yığılsın. Belə olan halda yenidən millətin qanı axıdılacaq. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ruslar bizdən əl çəksə, biz Dağlıq Qarabağı qaytaracağıq.

Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin Rusiyanın nəzarətinə verilməsi mümkün deyil. Biz həmişə aldana-aldana getmişik. Hal-hazırda Rusiyanın iqtisadiyyatı çökür, vəziyyətləri də günü-gündən pisləşir. Biz onların hansı iqtisadiyyatından səmərələnə bilərik? Bu qətiyyən mümkün deyil. Bu gün bizim güclü ordumuz və potensialımız var. Bizim heç bir dövlətdən iqtisadi asılılığımız yoxdur”.
moderator.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA