"Parlament rəhbərliyində dəyiziklik mümkündür"

img

31-03-2010 [07:55]


[b]Fazil Mustafa: "Parlamentin indiki tərkibindən xeyli fərqli tərkib ortaya çıxa bilər" [/b] Bu il keçiriləcək seçkilərlə bağlı proqnoz verənlərin əksəriyyəti parlamentin növbəti tərkibində ciddi dəyişikliklərin olacağını bildirirlər. Bu mənada həm siyasi qüvvələr, həm də hakimiyyət daxilindəki ayrı-ayrı güc mərkəzləri ciddi hazırlığa başlayıblar. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa söhbətə rəhbərlik etdiyi qurumun seçki hazırlığından başladı: - Seçkiyə hazırlıqlı olmaq hər bir partiyanın vəzifəsidir. Biz də bələdiyyə seçkilərindən dərhal sonra parlament seçkilərinə hazırlığa start vermişik. İndi seçim prosesi gedir, partiyanın ayrı-ayrı dairələrdən namizədlərinin kimlər olacağı müəyyənləşdirilir. Bundan əlavə, hansı platforma ilə çıxış edəcəyimiz, bloklarda olub-olmayacağımız müzakirə olunur. Bunların hamısının cavabı aprel ayında keçiriləcək Ali Məclisin iclasında məlum olacaq. [b]- 2010 seçkiləri ilə bağlı müxtəlif fikirlər var. Əksəriyyət növbəti seçkilərdə parlamentin tərkibində ciddi dəyişikliklərin olacağını proqnozlaşdırır. Bu barədə Siz nə düşünürsünüz? [/b] - Təbii ki, harda seçki prosesi var, orda nəticə olaraq müəyyən dəyişikliklərin olması qaçılmazdır. Hansısa bir dairədə əvvəlki namizədlərin imkanları, yaxud özünün bu beş il müddətdə ortaya qoyduğu fəaliyyətin nə dərəcədə məqbul olub-olmayacağı seçicilərin rəyində öz əksini tapacaq. Bu mənada dəyişiklik mümkündür, amma bunun hansısa subyektiv istəklərlə baş verəcəyini söyləmək, doğru olmazdı. Bunu seçicinin öhdəsinə buraxmaq lazımdır. Hesab edirəm ki, seçici indiki parlamentdə daha keyfiyyətli fəaliyyət göstərmək imkanlarını nəzərə alaraq, bu dəyişikliyin müsbət istiqamətdə olmasına təkan verəcək. Mən buna ümid edirəm, ona görə də parlamentin indiki tərkibindən xeyli fərqli tərkib ortaya çıxa bilər. [b]- O fikirlər də səslənir ki, parlamentin tərkibi hakimiyyətdaxili qruplaşmaların istəyinə uyğun formalaşdırılır. 2010 seçkilərində də parlament hakimiyyətdəki qruplaşmaların maraqlarına uyğun təşkil oluna bilərmi? [/b] - Hər bir hakimiyyətdə müxtəlif qruplaşmaların olması vacibdir. Təbii ki, hakimiyyətin parçalanmasına gətirib çıxar biləcək qruplaşmadan söhbət getmir. Sadəcə, nüfuz paylaşımı məsələsində bir qrupun digərindən daha avantajlı, üstün vəziyyətində olması mübarizəsindən söhbət gedirsə, hazırda bu, mümkündür. Çünki Azərbaycanın indiyə qədərki siyasi mənzərəsi onu göstərir ki, siyasi partiyaların siyasətin formalaşmasında, siyasətin müəyyən dərəcədə daha çox siyasi münasibətlər fonunda inkişaf etməsində rolu xeyli aşağıdır. Hətta burada Yeni Azərbaycan Partiyasının da ümumiyyətlə, siyasi üslubun dəyişməsində, siyasi münasibətlərin təkamülündə rolu kifayət qədər qabarıq deyil. Bu gün bürokratik elementlər siyasi sistemin daha çox təsiredici gücünə çevrilib. Ona görə də bu qruplaşmaların, yaxud hakimiyyətdəki ayrı-ayrı nüfuzlu insanların təsir imkanları partiyaların təsir imkanlarından daha güclü olacaq. Bizim çalışmamız odur ki, siyasi mühitdə siyasi üslubun formalaşmasında, münasibətlərin inkişafında siyasi partiyalar önə çıxsınlar. Çox təəssüf ki, hakimiyyətin bu istiqamətdə hər hansı dəyişiklik etmək niyyəti görünmür, "Siyasi partiyalar haqqında" Qanunun qəbulunun da ləngidilməsi, partiyaların dəstəklənməsi, onların daha çevik institutlara çevrilməsi məsələsində ciddi maneçiliklər var. Bu da öz təsirini göstərir. Ona görə, bu fikirlə mən də razıyam ki, partiyalararası mübarizədən daha çox, parlament aritmetikası da bu qruplararası münasibətin yekunu olaraq ortaya qoyula bilər. [b]- Bu mənada indidən demək olarmı ki, hansı qrupun marağı daha üstün olacaq? [/b] - Açığı, burada nəyisə birmənalı təhlil etmək çətindir. Amma bilinən budur ki, əslində iki qütb var. Bu qütbün biri hakim partiya və onu dəstəkləyən bitərəflərin komandasıdır. Bu komanda parlamentdə aritmetikada, səsvermədə də özünü göstərdi. Faktiki olaraq, hökumətin hesabatında, büdcə müzakirələrində adətən 8 nəfər əleyhinə, qalanları lehinə olur. Deməli, təqribən bu mənzərə ilə götürsək, iki cinahın olduğu daha çox üzə çıxır. Yəni bir tərəfdə bu və ya digər şəxslərin nəzarəti altında olan prezidentin vahid komandası var, digər tərəfdə isə bu kursa tənqidi yanaşan, ya da ümumiyyətlə, bu kursu qəbul etməyən müxalifət var. Ona görə də məncə, kiminsə avantaj əldə etməsindən daha çox, bütün hallarda prezidentin komandasının çoxluqda olması imkanları daha yüksəkdə durur. İndiki gedişat da bunu göstərir. [b]- Bəs, parlament rəhbərliyində necə, dəyişikliklərin olması nə dərəcədə mümkündür?[/b] - Parlament rəhbərliyində dəyişiklik mümkündür. Qeyd etdiyim tablo ortaya çıxandan sonra mövqe bildirmək olar. Məsələn, ötən parlament seçkilərindən sonra elə düşüncə var idi ki, Yeni Azərbaycan Partiyası qalib gəldiyinə görə, parlamentin idarəçiliyində daha çox önə çıxması gözlənilir, amma fərqli bir model seçildi. İndi də hansı modelin seçiləcəyi qaranlıqdır. Hesab edirəm ki, bütün hallarda hakim partiyanın mövqeyi əsas götürüləcək. Ona görə də indidən konkret şəkildə bunu müəyyənləşdirmək çox çətindir. [b]- Bəzi müxəlifət nümayəndələri "parlament sədri postu məlumdur, heç olmasa, vitse-spiker, komitə sədrləri müxalifətdən olsun",- təklifi ilə çıxış edirlər. Siz də bu təkliflərə qoşulursunuzmu? [/b] - Sizin qeyd etdikləriniz demokratik ölkələrin tablosudur. Azərbaycan hələ özünü bu ölkələrin parametrlərinə layiq bilmir. Layiq bilmədiyinə görə də elementar təmsilçilik imkanlarını belə məqbul hesab etmək istəmir. Amma əvvəl-axır Azərbaycan buna gələcək. Bütün normal demokratik ölkələrdə parlamentdə rəhbərlik səviyyəsində müxalifətin təmsilçiliyi, eyni zamanda komitələrdə təmsilçilik nəzərdə tutulur. Təsəvvür edin ki, heç bir komitə, məclis rəhbərliyində, üstəlik, işçi qruplarda, hansısa parlamentlərarası əlaqələr səviyyəsində də müxalifət nümayəndəsi yoxdur. Bir-iki nəfər formal olaraq, Patanqoniya, Braziliya və başqa yerlərdə müxalifət təmsilçisi nəzərdə tutulub. Qalan yerlərdə hətta bunu da müxalifətə etibar etməmək ənənəsi var. Azərbaycan mədəniləşmək istəyirsə, bu ənənə istər-istəməz dəyişməlidir. Buna heç olmasa, müxalifətin fraksiya yaratmağından başlamaq lazımdır. 25 nəfərlik rəqəm elə şəkildə qoyulub ki, müxalifət bu saydan az olanda fraksiya yarada bilmir. Bəzən elə başa düşürlər ki, bu, hakimiyyətin xeyrinədir, amma əslində bu, hakimiyyətin demokratik olmadığını göstərən əsas amillərdən biridir. Dünyada buna nəzər yetirirlər, müxalifət əgər fraksiya yarada, alternativ layihə irəli sürə bilmirsə, deməli, bu, bir natamamlıqdır, demokratiyanın yetərli olmamasının göstəricisidir. Bunu dəyişmədən ölkənin demokratik imicini dünyaya təlqin etmək çox da ciddi qarşılanmayacaq. Ona görə də bu istiqamətdə dəyişikliyə gedilməlidir. [b]- Sözünüzdən belə anlaşılır ki, Azərbaycanın həm parlament müstəvisində, həm digər sahələrdə geri qalması və demokratikləşməməsinin səbəbkarı birbaşa hakimiyyətdir? [/b] - Təbii ki, hakimiyyətdir. Çünki bu gün Azərbaycanda daxili resursları olan, daxildən dəstəklənən müxalifət anlayışı yoxdur. Müxalifət o zaman güclü görünür ki, daha çox xarici faktorun dəstəyi ilə müəyyən dərəcədə ayağa dursun. Diqqət edin, niyə müxalifət 2003-cü ilə qədər güclü idi? Ona görə ki, xarici amillər hakimiyyətə dəstək vermirdi, həmin dəstəyin müəyyən faizini müxalifətə verəndə onlar güclü görünürdü. Bu gün həmin dəstək yoxdur. Hanı həmin güc, hanı aktiv, küçəyə çıxan, bütün sahələrdə söz sahibi olduğunu iddia edən qüvvələr? Onlar da hər hansı aktivlik edə, aksiya keçirə bilmirlər. Parlamentdən kənarda müxalifətin fəaliyyəti iki qəzetin səhifəsindən kənarda özünü göstərmir. Bu o deməkdir ki, daxildən qidalana bilmə imkanına sahib müxalifət yoxdur. Nəticədə isə hakimiyyət bunun fəsadlarını görməyə başlayacaq. Hər halda ölkədə münasibətlərin xaotik və küçə müstəvisində getməməsi üçün hakimiyyət mütləq müxalifətin statusunu tanımağa məcbur olacaq. Bu, tanınmadıqda, müxalifəti qeyri-leqal obrazda saxlamaqla hakimiyyət özünə ziyan edir və bir çox məsələlərdə bunun fəsadlarını görməyə başlayacaq. Diqqət edin, ABŞ-la, Türkiyə ilə münasibət məsələsi ortaya çıxdı, elə sözlər var idi ki, bunu müxalifətin ifadə etməsi daha yaxşı idi. Amma bunu hakimiyyət özü ifadə etməklə, özünü zərbə altına qoydu. Bu da dövlətin özü üçün ciddi problem yaratmağa başladı. O baxımdan da hesab edirəm ki, bu dəyişikliklər yaxın zamanlarda getməsə, hakimiyyətin özü çətin vəziyyətdə qalacaq. [b]- Hakimiyyət çətin vəziyyətdə qalacaq,- deyəndə nəyi nəzərdə tutursunuz? [/b] - Mən, Azərbaycana oturuşmamış, ideologiyası, dövlət sistemi hələ tam dərinliyinə qədər yerində möhkəmlənməmiş bir dövlət kimi baxıram. Bu dövlət elə qonşularla əhatə olunub ki, kənarda baş verən bütün situasiyalar bu ölkənin daxilində ciddi təlatümlər yarada bilər. Belə ölkələrdə yeganə yol daxili səfərbərlik imkanlarını müəyyənləşdirməkdir. Yəni xaricdən sənin nə qədər dəstəyin olursa-olsun, bir günün içində geopolitik vəziyyətdə dəyişiklik olarsa, tutaq ki, ABŞ-İran müharibəsi başlayarsa, yaxud ABŞ-Rusiya münasibətlərində kəskin ziddiyyətlər ortaya çıxarsa, hansı ölkələr qurban seçilə bilər. Bununla üzləşməmək üçün daxildə əvvəlcədən problemləri həll etmək lazımdır. Çox təəssüf ki, bizdə daxili münasibətlərin siyasi istiqamətə yönəlməsinə maraq yoxdur. Çünki qəribə bir arxayınlıq var ki, 17 il belə gəlib, yəqin ki, 17 il də belə gedəcək. Amma belə getməyə bilər. [b]Zaur ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA