"Sarkisyandan çox misal çəkməyin" - Milli Məclisdə müzakirə

img

29-04-2016 [12:42]


Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkilləri cəbhə xəttində son 3 gün ərzində baş verən erməni təxribatları müzakirə ediblər.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, millət vəkili Zahid Oruc Ermənistan prezidenti Serj Sarkisyanı istefa verməyə çağırıb: "O üç generalını itirib. İki Ermənistan yaratmaq istəyirdilər. Ancaq birindən mərhum olublar. Ermənisiz Ermənistan və ermənisiz Qarabağ ortadadır. Qarabağda bu gün yaşayanlar əlillərdir.

Eyni zamanda biz özümüz telefonlarda danışarkən rəsmi məlumatlardan kənar informasiyaları istifadə etməməliyik. Casus şəbəkəsi var. Ordu haqqında hansısa şayiə inzibati olaraq cəzalandırılmalıdır”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, bəzən jurnalistlər bütün hərbi məsələləri ortaya qoyurlar: "Nə gəldi yazırlar. Elə parlamentdə də danışarkən buna diqqət edilməlidir. Keçən dəfə də demişdim ki, beynəlxalq təşkilatlara həqiqətlərlə bağlı məktublar göndərilməlidir. Bu məsələdə aktiv olmaq lazımdır. Sarkisyandan çox misal çəkməyin. Baş deyəni ayaq eşitmir. Sarkisyan deyir ki, danışıqları dayandırırıq, amma xarici işlər naziri deyir ki, dayandırmırıq. Başlarını itiriblər”.

Millət vəkili Fərəc Quliyev vurğulayıb ki, Qarabağın istər aran, istər dağlıq ərazilərində yaşayan erməni əsilli azərbaycanlılardan bir neçə dəfə çox azərbaycanlılar Azərbaycanın digər ərazilərinə qovulub. Azərbaycan hökuməti onları bağrına basıb saxlayır.

Millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Azərbaycan dünyada sülhün təhlükəsizliyin qorunmasına töhfə verir, amma Ermənistanda bir faşist düşüncəli rejim var: "Son günlər Azərbaycanın mülki əhalisinin gülləbaran edilməsi həmin rejimin tam mahiyyətini ortaya qoyur. Azərbaycan ultimatum verməlidir. Dinc sakinlərə qarşı bu təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan öz sözünü deməlidir”.

Aydın Mirzəzadə deyib ki, Serj Sarkisyanın son bəyanatı onun ən səfeh bəyanıtıdır: "İşğal edən ölkə işğala məruz qalan ölkədən təhlükəsizlik tələb edir. Xocalı soyqırımın baiskarı olan Seyran Ohanyanı müdafiə naziri təyin edir. Hətta Hiteler də belə bəyanat verə bilməzdi. Bunlar onu göstərir ki, onlar ciddi böhran içərisindədirlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA