Vasif Talıbov irannın islam Şurası Məclisinin deputatı Süleyman Cəfərzadə ilə görüzüb

img

30-03-2010 [05:19]


Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikası İslam Şurası Məclisinin Qərbi Azərbaycan Vilayətindən seçilmiş deputatı, Məclisin sosial məsələlər üzrə komissiyasının sədri Süleyman Cəfərzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ali Məclisin sədri İran parlamenti deputatlarının səfərini ölkələrimiz arasında dostluğun və mehriban qonşuluğun ifadəsi kimi dəyərləndirmiş, Naxçıvan Muxtar Respublikasının idarəetmə quruluşu barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanı İranla coğrafi yaxınlıq, o cümlədən dini, mədəni və soykök telləri birləşdirir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin xarici siyasətində İran mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq statuslu iki gömrük-keçid məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin xidmətindən hər gün 2000-2500 nəfər istifadə edir. Gələcəkdə gömrük məntəqələrinin fəaliyyətini daha da gücləndirmək üçün qarşılıqlı iş planları hazırlanıb. Dövlətlərimizin başçılarının səyləri sayəsində ölkələrimiz, həmçinin onların yaxın bölgələri arasında əlaqələr bundan sonra da inkişaf edəcək, daha da genişlənəcək. Süleyman Cəfərzadə deyib ki, İran-Azərbaycan əlaqələri dövlət başçılarının müəyyənləşdirdiyi prinsiplər əsasında uğurla davam edir. Bu əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr xüsusi çəkiyə malikdir. Azərbaycan Milli Məclisinin parlament heyətinin bu ilin fevralında İran İslam Respublikasına rəsmi səfəri ölkələrimizin münasibətlərində yeni mərhələ açıb. Süleyman Cəfərzadə İslam Şurası Məclisi haqqında məlumat vermiş, Naxçıvana 3 dəfə gəldiyini, hər səfərində böyük quruculuq işlərinin şahidi olduğunu bildirmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın bölgələri arasında potensial imkanlardan səmərəli istifadə edilməsinin hər iki ölkənin mənafeyinə uyğun olduğu vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA