Türkiyənin baz naziri Rəcəb Tayyib Ərdoğan Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

img

02-04-2010 [02:37]


Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərini davam etdirir. Bu gün Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "Cihan"ın verdiyi məlumata görə, 40 dəqiqə davam edən görüş zamanı ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Ermənistan münasibətləri, "erməni soyqırımı" ilə bağlı yaranmış son vəziyyət və digər məsələlər müzakirə edilib. Ramiz Mehdiyev Türkiyə baş nazirinin son çıxışlarının Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib. O həmçinin ölkəmizin hər zaman Türkiyəyə dəstək olacağını bildirib. Ramiz Mehdiyev görüşdə bildirib ki, rəsmi Bakı Türkiyəyə görə, qürur hissi keçirir. Öz növbəsində Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da belə olacağını vurğulayıb. Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinlə də görüşüb. Görüş zamanı Məhmət Əli Şahin bildirib ki, qardaş ölkələrimizin parlamentləri arasında təkcə sədrlər səviyyəsində deyil, müxtəlif səviyyələrdə faydalı əməkdaşlıq mövcuddur. O qeyd edib ki, deputatlarımız beynəlxalq konfranslarda və tədbirlərdə ölkələrimizin maraqlarını birgə müdafiə edirlər. Türkiyə parlamentinin sədri Azərbaycanın sürətli inkişafına və beynəlxalq aləmdə getdikcə güclənməsinə diqqət çəkib. Ramiz Mehdiyev isə bildirib ki, Türkiyə dünya və bölgə siyasətində mühüm rolu olan böyük dövlətdir. "Son illər qardaş dövlətimizin beynəlxalq nüfuzu getdikcə artır. Bizim dövlət və hökumət nümayəndələrimiz daha tez-tez görüşməlidirlər", - deyə o vurğulayıb. Onu da bildirək ki, Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov daxildir. Səfər aprelin 2-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA