ADP Dağlıq Qarabağ münaqizəsinin Madrid prinsipləri ilə həllinə qarzıdır

img

29-03-2010 [04:25]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrin qısa xülasəsi şərh edilib. Xarici İşlər Naziri E.Məmmədyarovun Dağlıq Qarabağ probleninin həllində Madrid prinsiplərinin əsas şərt olaraq Azərbaycan hökuməti tərəfindən qəbul edilməsi barədə səsləndirdiyi bəyanata bir daha münasibət bildirən İdarə Heyəti üzvləri bu şərtlər daxilində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə ciddi təhlükə yarana biləcəyindən narahat olduğunu bildirib və xalqımızın aktiv iştirakı olmadan problemin yalnız bağlı qapılar arxasında həll edilməsinin yolverilməz olduğunu ictimaiyyətin diqqətinə çatdırıb. İdarə Heyəti üzvləri Türkiyənin XİN başçısı Ə.Davudoğlunun Dağlıq Qarabağ problemi və Qafqazda sabitliyin təmin edilməsinə dair digər məsələlər ətrafında Azərbaycan və Ermənistanın birgə iştirakı ilə üçtərəfli görüşlər keçirilməsi təşəbbüsünü təqdir edib və hakimiyyəti bu təşəbbüsün reallaşması istiqamətində zəruri addımlar atmağa çağırıb. İngiltərə və Bolqarıstan parlamentlərində qondarma erməni soyqırımı məsələsinin yenidən gündəmə gətirilməsinə münasibət bildirən toplantı iştirakçıları bu faktın yalnız ənənəvi xristian təssübündən qaynaqlandığını və heç bir tarixi reallığı əks etdirmədiyini bildirib və bu cür tendensioz yanaşmaların beynəlxalq sülhün qorunmasına xidmət etmədiyini diqqətə çatdırıb. Son günlər Qüdsdə müsəlmanların yaşadığı ərazilərin dağıdılaraq həmin yerlərdə yəhudilərin məskunlaşdırılması və burada mövcud olan dini-tarixi abidələrin İsrail dövlətinin tarixi abidələri kimi təqdim edilməsi faktından narahatlığını bildirən İdarə heyəti üzvləri insanlığa və sağlam düşüncəyə zidd olan bu hadisələri qətiyyətlə pisləyib və beynəlxalq təşkilatları Fələstin xalqına qarşı yürüdülən etnik təmizləmə siyasətinə son qoyulması üçün səylərini artırmağa çağırıb. İdarə Heyəti üzvləri həmçinin ?Amnesty İnternational? beynəlxalq insan haqları təşkilatı və ?Omega Research Foundation? Avropa Parlamentinə bu quruma daxil olan bir sıra ölkələrdə işgəncə qurğularının ixracı ilə məşğul olması faktı ilə bağlı təqdim etdiyi hesabat ətrafında fikir mübadiləsi aparıb. Partiya yetkililəri işgəncə əlehinə kəskin mübarizə aparmağı prioritet olaraq qəbul edən Avropa ölkələrində işgəncə qurğularının istehsal edilməsi faktını elan olunmuş beynəlxalq prinsiplərə və BMT-nin İşgəncələrin qadağan edilməsini barədə Konvensiyasına zidd olduğunu qeyd edib və bu faktı fundamental insan hüquq və azadlıqlarına qarşı düşünülmüş cinayət addımı kimi dəyərləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA