"Xəzər -Lənkəran" - "Neftçi" oyununda azərkezlər meydana hücum etdi, FiFA referesi döyüldü

img

28-03-2010 [05:48]


Növbəti Azərbaycan derbisi dava-dalaşla yekunlaşdı. Fanat.az xəbər verir ki, dünən Lənkəran şəhər stadionunda baş tutan 14-cü "Xəzər Lənkəran" - "Neftçi" matçı böyük qalmaqala səbəb olub. 15 minə yaxın fanatın canlı izlədiyi derbi oyunun idarə edən çimərlik futbolu üzrə FİFA referisi qarşılaşmanın 18-ci dəqiqəsində Emeka Oparanın qolunu qeydə almayıb. Hakim buna səbəb kimi ötürmə zamanı topun qapı xəttini keçməsini əsas göstərdi. "Xəzər Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadovun və fanatların etirazları nəticəsiz qalıb. Bundan sonra "Fırtınalar meydanı"nda vəziyyət get-gedə gərginləşməyə başlayıb. Leysan yağışının müşayəti altında keçən derbidə hakim daha bir qolu qeydə almayıb. Belə ki, 83-cü dəqiqədə "Xəzər Lənkəran"ın oyunçusu topu tora qovuşdursa da, qol sayılmayıb. Bu dəfə səbəb kimi Rail Məlikova qarşı kobud oyun göstərilib. Hakim Əfqan Həmzəyevin bu qərarı Lənkəran şəhər stadionunda "yanan odun üzərinə tökülmüş neft" effekti verdi. Məhz bundan sonra gərginlik son həddə çatdı, azarkeşlər meydana butulka atmağa başladı. Hətta fanatlardan biri Əfqan Həmzəyevi vurmağa da imkan tapıb. Matçın son saniyələrində referinin verdiyi daha bir qərar isə əsəbləri tarıma çəkib. Belə ki, top cərimə meydançasında Ruslan Abışovun əlinə dəysə də, hakim penalti təyin etməyib. Bundan sonra azarkeşlər stadiona hücum etdi, orturacaqları qıran fanatlar onları meydana tökdü. "Neftçi"nin prezidenti Sadıq Sadıqov və Mais Mənsimovun meydana çıxmasından sonra polis hakimləri və futbolçuları qoruyucular vasitəsi ilə meydandan çıxarıb. Bununla da matçın həm də final fiti səslənib. Oyundan sonra "Xəzər"in baş məşqçisi Ağasəlim Mircavadov mətbuat konfransında iştirak etməyib. Bəziləri onun əsəb gərginliyi keçirərək, səhhətində problem yarandığını bildiriblər. O səbəbdən də Mircavadovu köməkçisi Tofiq Mustafayev əvəzləyib: "Hesab edirəm ki, bu gün çox gözəl oyun alındı. Rəqib bura xal qazanmaq üçün gəlmişdi və buna da nail oldular. Hakimlərin belə oyunlarda diqqətli olmaları gərəkdir. Bu cür səhvlərə yol vermək olmaz". "Neftçi"nin baş məşqçisi isə komandasından razılıq edib: "Komandam öz taktikasına uyğun oyun göstərə bildi. Uşaqlara minnətdarlığımı bildirmək istəyirəm. Əsas odur ki, "Xəzər Lənkəran" kimi bir komanda ilə səfərdə yaxşı oyun nümayiş etdirdik". Görüşün baş hakimi Əfqan Həmzəyevin "Neftçi"nin lehinə qərarlar verməsi barədə suala isə Əsədov belə cavab verib: "Hakimin bizim lehimizə qərarlar verməsi fikrilə razı deyiləm. Bir xalı "Neftçi"yə hakim qazandırmadı. Bu gün hər kəs "Neftçi"nin necə oyun göstərdiyinin şahidi oldu". Yeri gəlmişkən, Lənkranda hakimin döyülməsi, azərkeşlərin meydançaya hücumuna AFFA yetkilisi Ramin Musayev də münasibət bildirib. O, Lənkəranda baş verənlərə bağlı bazar ertəsi qərar veriləcəyini deyərək, baş verənlərlə bağlı məlumat aldığını bildirib: "Bununla bağlı mən qərar verə bilmərəm. Ona görə də kimin günahkar olub-olmadığını deyə bilmərəm. Lənkərana kamera göndərmişik. Matçın videoyazısına baxıb, qərar qəbul edəcəyik. Yəqin ki, bununla bağlı bazar ertəsi qərar qəbul olunacaq". Onu da qeyd edək ki, dünən "Qarabağ" lider "İnter"lə qarşılaşıb və hər iki komanda 1-1-lik heç-heçəyə razılaşıblar. Oyundan sonra "Qarabağ"ın məşqçisi Qurban Qurbanov belə deyib: "Bu oyunda iki fərqli hissəyə şahidlik etdik. İkinci hissədə komandamız çox mübariz görünürdü. Ancaq artıq "İnter"lə bu oyunu unudacağıq. Ardıcıl üç dəfə məğlub olduğumuzdan komanda böyük təzyiq altına düşmüşdü. Qarşıda bizi "Xəzər-Lənkəran"la çox ağır oyun gözləyir". "İnter"in baş məşqçisi Kaxaber Sxadadze də hakimdən narazı qalıb: "Mən heç zaman hakimlər haqda danışmaq istəməmişəm. Amma fikrimcə, bu görüşdə baş hakim Elçin Məmmədov oyunun "ipi"ni əldən buraxmışdı. Çox istərdim ki, Azərbaycan futbolunun inkişafına hakimlər də yardımçı olsun". "Turan" - "Simurq" qarşılaşmasında qolsuz heç-heç qeydə alınıb. "Muğan" isə evdə "Standard"ı minimal hesabla məğlub edib - 1:0.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA