PA-nıın rəhbəri, akademik Ramiz Mehdiyev üçün əlamətdar tarix...

img

17-04-2016 [16:11]


Bu gün Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Azərbaycan AMEA-nın həqiqi üzvü, həqiqi dövlət müşaviri Ramiz Mehdiyevin doğum günüdür.

Akademik Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakıda anadan olub.

1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin "Xəzərneftdonanma” İdarəsində işləyib. 1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967-68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.

1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb. 1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub.

1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib. 1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib.

1982-ci ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub.

1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub. 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1994-cü ilin fevralında Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə, 1995-ci ildə isə Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib. 1980-1990-cı illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. "Qırmızı Əmək Bayrağı”, "İstiqlal” və "Şərəf” ordenləri ilə təltif edilib.

2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA