YAP-dan mətbuat xidmətinin rəhbərinə yeni etimad - Hüseyn Paşayevə yeni vəzifə verildi

img

11-04-2016 [18:40]


Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq nümayəndələrinin yeni siyahısını Milli Məclisə təqdim edib.

Bu barədə report-a YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O, MM-ə göndərilən yeni siyahıda hazırki tərkibdən bir nəfərin çıxarıldığını və YAP-ın yeni nümayəndəsinin əlavə olunduğunu bildirib. Lakin S.Novruzov yeni namizədin kimliyini açıqlamayıb.

Sayt yazır ki, YAP-ın yeni namizədi partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevdir.

Xatırladaq ki, H.Paşayev bundan əvvəl MSK-da əvəzedici üzv olub.

Qeyd edək ki, Milli Məclis siyasi partiyalara MSK-da təmsil olunacaq üzvlərinin müəyyənləşdirilməsi üçün müraciət edib.

Məsələ Milli Məclisin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

MSK-nın hazırkı tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb, tərkibi 18 üzvdən ibarətdir. Komissiya üzvlərini Milli Məclisdə təmsil olunan siyasi partiyaların və bitərəf deputatların irəli sürdüyü namizədlər əsasında Milli Məclis təsdiqləyir.

MSK-nın 2010-cu ildə formalaşan tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA