14-03-2010 [05:28]
[b]Arif Hacılı: "Müsavat Partiyasının iştirak etmədiyi hər hansı koalisiya əsaslı dəyişiklərə nail ola bilməz"[/b]
Müxalifət düşərgəsindəki partiyalar seçkidə iştirakla bağlı müəyyən qərar vermək ərəfəsindədir. "Azadlıq" bloku, ADP və Ümid Partiyasının bir blokda seçkiyə gedəcəyi bildirilsə də, Müsavat Partiyası seçki mübarizəsindəki müttəfiqi bilinmir. Bu və ya digər məsələlərlə bağlı suallarımızı Müsavat Partiyası Məkrəzi İcra Aparatının rəhbəri Arif Hacılı cavablandırır:
- Müsavat Partiyası Rəsulzadə-Elçibəy siyasi xəttinə bağlı olan qüvvələrin bir arada olması təklifini irəli sürüb. Bu istiqamətdə bizim səylərimiz davam etməkdədir. Bununla yanaşı, Müsavat hər bir dairədən güclü namizədin müdafiə edilməsi iddiasını irəli sürüb ki, bu da siyasi partiya nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin və digər şəxslərin seçki kampaniyası dövründə müdafiə olunması üçün imkan yaradır. İstənilən halda Müsavat Partiyası müəyyən koalisiyada seçkidə iştirak edəcək. Müsavatın təklənməsi məsələsinə gəlincə, mənə elə gəlir ki, bu, absurd iddiadır. Əgər Müsavat digər partiyalarla bir yerdə olmayacaqsa, Azərbaycan xalqı ilə birlikdə tək qalacaq. Yaxın dövürlərdə keçirilən seçkilərin tarixinə diqqət yetirsəniz, görərsiniz ki, istər təklikdə, istər blokda, istər prezident seçkilərində namizədlə iştirak etsin, bütün seçkilərdə protest elektoratı ya təklikdə Müsavata, ya da onun iştirak etdiyi bloka səs verib. Ona görə də bu məsələlərlə bağlı Müsavatın xüsusi narahatlığı yoxdur.
[b]- AXCP ilə bir yerdə olmaq istədiyinizi bəyan etsəniz də, qarşı tərəf təklifinizə müsbət cavab vermir...[/b]
- Hər halda Xalq Cəbhəsi Partiyası bu məsələlərlə əlaqədar müzakirələrin yenidən başlanmasının mümkünlüyünü istisna etmir. Düşünürəm ki, bu prosesdə AXCP-nin də iştirak imkanları hələ tükənməyib. Mən bir çox AXCP funksionerlərinin açıqlamasını izləyirəm və gəldiyimi nəticə ondan ibarətdir ki, Xalq Cəbhəsi elitasına daxil olan şəxslərin əksəriyyəti seçkilərdə Müsavatla bir yerdə olmaq istəyindədir. Bu cür istəklər təşkilatın bundan sonrakı dövürdə qəbul edəcəyi qərarlara təsir edə bilər.
[b]- Ancaq Sizin AXCP ilə bağlı səsləndirdiyiniz fikirlər qarşı tərəfdə müəyyən narazılıq yaradıb. Nurəddin Məmmədli son açıqlamalarınızın birliyin əleyhinə yönəldiyini iddia edir. Yəni sanki Sizi anti-birlik tərəfdarı kimi görürlər, razısınızmı? [/b]
- Müsavat Partiyası öz mövqeyini açıq şəkildə ortalığa qoyub. Bizim açıqlamalarımızın Nurəddin Məmmədlidə narazılıq yaratması mənə qəribə göründü. Çünki son dövürlərdə Azərbaycanın əsas siyasi qüvvələrindən biri kimi AXCP-ni dəyərləndirən adamlardan biri mənəm. Əgər onlar bundan inciyirlərsə, mən mövqeyimi mətbuata açıqlamaya da bilərəm. Sadəcə olaraq, biz öz fikirlərimizi Azərbaycan ictimaiyyətinə çatdırmaq zorundayıq. Biz hesab edirik ki, Azərbaycanda müxalifətin birliyi dedikdə, ilk növbədə Müsavat, AXCP, KXCP kimi təşkilatların birliyi nəzərdə tutulur. İstər Azərbaycan, istər beynəlxalq ictimaiyyət öncə bu cür birliyi müxalifətin birliyi kimi dəyərləndirir. Əgər biz müxalifətin birliyi çağırışlarını edir, ancaq AXCP ilə əməkdaşlığa hazır olmadığımızı bəyan ediriksə, bu çağırışları səmimi hesab etmək olmaz. Eyni zamanda əgər AXCP liderləri müxalifətin birliyi arzusunda olduqlarını bildirirlərsə, ancaq Müsavatdan kənar hansısa birlik yaratmaq cəhdlərində bulunurlarsa, təbii ki, bu halda onların müxalifətin birliyinin yaradılması istiqamətindəki çağırışlarının səmimi olmadığı aşkara çıxacaq.
[b]- Arif bəy, AXCP və KXCP ilə birgə olmağı mümkün sayırsız, digərləri ilə yox. ALP, ADP, VİP, Ümid Partiyası müxalifət deyilmi?[/b]
- Mən bu partiyaların hamısı barədə eyni fikri səsləndirmək istəməzdim. Çünki bu partiyalar arasında bizim əməkdaşlıq edəcəyimizin mümkün ola biləcəyi siyasi qüvvələr də var, yaxud əməkdaşlıq etmək istəməməyimizin müxtəlif səbəbləri ola bilər. Ancaq biz bu məsələrlə bağlı mövqeyimizi bildirmişik. Hesab edirəm ki, hər hansı siyasi partiya digər siyasi partiya ilə əməkdaşlıq etmək istəyirsə, o, əlavə şərtlər irəli sürməməlidir. Məsələn, Müsavat Partiyası olaraq biz Xalq Cəbhəsi ilə əməkdaşlıq müzakirələrinə qeyd-şərtsiz başlamağa hazır olduğumuzu bəyan etmişik. Bizim bu fikrimiz bu gün də qüvvədə qalmaqdadır. Biz Müsavatın əməkdaşlıq etdiyi qüvvələrlə AXCP-nin müttəfiq olması tələbini irəli sürmürük. Hesab edirəm ki, belə tələbin irəli sürülməsi düzgün olmazdı. AXCP-nin isə əsas arqumenti "Azadlıq" bloku ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, Müsavat Partiyasının irəli sürdüyü təklif, yəni Müsavat-AXCP-KXCP əməkdaşlığı heç də "Azadlıq" blokunun mahiyyətini dəyişdirmir. Yəni Xalq Cəbhəsi Partiyası bizimlə əməkdaşlıq etməklə yanaşı, "Azadlıq" blokunda öz müttəfiqləri ilə münasibətlərini davam etdirə bilər. Amma qeyd edim ki, "Azadlıq" bloku daxilindəki vəziyyət göründüyündən də mürəkkəbdir.
[b]- Onda belə demək mümkündürmü ki, Müsavat-AXCP birliyinin baş tutmamasının təqsiri Xalq Cəbhəsindədir? [/b]
- Birliyn alınması bir qədər uzağa gedən fikirdir. Biz, ümumiyyətlə, əməkdaşlığın başlaması fikrini irəli sürmüşük. Belə müzakirələrin başlamamasının səbəbkarı yəqin ki, daha çox AXCP-dir. Düşünürəm ki, bu təşkilatın özünün də qərar qəbul etməkdə müəyyən çətinlikləri var. Məsələn, müxalifət birliyinə "Azadlıq" blokuna daxil olan partiyalarda münasibət fərqlidir. Əli Kərimli müxalifət birliyi dedikdə "Azadlıq" bloku ilə Müsavatın bir arada olmasını nəzərdə tutduğunu bəyan edib. Lalə Şövkət isə müxalifət birliyi dedikdə "Azadlıq" bloku, Müsavat, Ümid Partiyası, ADP və digər tiəşkilatların, onun təbirincə desək, bütün müxalifətin bir arada olmasını məqsədəuyğun sayır. Görürsünüzmü, "Azadlıq" blokuna daxil olan iki siyasi qüvvənin mövqeyində kifayət qədər üst-üstə düşməyən məqamlar mövcuddur. Və ya Sərdar Cəlaloğlu müxalifətin birliyi dedikdə mütləq bu prosesdə Ümid Partiyasının iştirak etməsi tələbini irəli sürür. Hətta ötən dövürlərdə Liberal Demokrat Partiyasının bu prosesdə iştirakının önəmli olduğu barədə fikirlər səsləndirir. Yəni bu cür mövqelər təbii ki, arzuolunan və səmərəli birliklərin yaranmasının qarşısını alır.
[b]- Müsavat Partiyasının rayon təşkilatlarının bir qismi yerlərdə gücü olmayan partiyalarla birgə seçkiyə getməyin əleyhinə olduqlarını və prosesə təkbaşına qoşulmağı tələb edib. Bu barədə nə deyə bilərsiniz?[/b]
- Onların mövqelərini başa düşmək olar. Çünki bir çox rayonlarda Bakı şəhərində böyük iddialar ortaya qoyan təşkilatların yerli strukturları mövcud deyil və ya həmin təşkilatları regionlarda elə adamlar təmsil edir ki, onlarla əməkdaşlıq etmək seçici səsini qazanmaqdan daha çox seçici səsinin itirilməsi ilə nəticələnər. Ona görə də yerli təşkilatların rəhbərləri adətən belə mövqelər sərgiləyirlər. Ancaq düşünmürəm ki, bu amil müxalifətin birliyi məsələsində həlledici rol oynayacaq. Təbii ki, biz rayon təşkilatlarımızın mövqelərini nəzərə alırıq, ancaq hər hansı birliyin fəsadları olduğu kimi, üstünlükləri də mövcuddur. Əgər hansısa təşkilatla birliyin dividentləri onun fəsadlarından daha çoxdursa, onda biz həmin təşkilatlara üstünlük veririk. Əksinə olacaqsa, belə birliklərdə Müsavat iştirak etməyəcək.
[b]- Yəni Müsavat seçkidə hansı formatda iştirak etməklə bağlı yekun qərar verməyib? [/b]
- Görəcəksiniz ki, seçki kampaniyası dövründə Müsavat Partiyası kifayət qədər ciddi koalisiyanın yaradılmasına nail olacaq. Birliyin indiki mərhələdə yaranmaması, müxtəlif bəhanələrlə birlik ideyasının reallaşmaması üçün əks fəaliyyət göstərən təşkilatların bu mövqeyi əslində seçkidə iştirak etməmək niyyətləri ilə bağlıdır. Məsələn, Lalə Şövkət seçkilərdə iştirak etməyəcəyini, namizədliyini irəli sürməyəcəyini birmənalı şəkildə bəyan edib. Yəni seçkidə iştirak etməyəcək təşkilatın seçki birliklərinin yaradılması mövzusundakı fəallıqları təbii ki, bu məsələnin həll olunmasına müəyyən əngəllər yaradır. Seçki yaxınlaşdıqca, ölkədəki siyasi vəziyyət əsaslı şəkildə dəyişməzsə, yəqin ki, başqa siyasi qüvvələrin seçkiləri boykot yolunu tutacağının şahidi olacaqsınız. Yəni bəzi təşkilatlar indidən seçkidə iştirak etməməklərinin siyasi bazasını hazırlamaq istiqamətində konkret addımlar atırlar. Ona görə də biz seçkidə iştirak etməyə, hakimiyyətlə mübarizə aparmağa hazır olan qüvvələrlə birliyin yaradılmasına çalışırıq. Düşünürəm ki, gələn həftə bu istiqamətdə Müsavat Partiyasının bəzi təşkilatlarla məsləhətləşmələri başlayacaq.
[b]- Ancaq yeni birlik yaradılması istiqamətində müzakirələrin aparıldığı bildirilir. Bu birlikdə isə "Azadlıq" bloku, ADP və Ümid Partiyasi bir araya gələcək...[/b]
- Mən, Müsavat Partiyasının rəhbərliyinə daxil olan bir şəxs kimi belə bir koalisiyanın yaradılmasını istəyən şəxslərə ancaq uğurlar arzulayıram. Bu, onların daxili işləridir və buna qarışmağımız düzgün olmazdı. Ancaq bir siyasi ekspert kimi belə bir koalisiyanın qeyri-mümkün olduğunu bildirirəm.
[b]- Nəyə əsasən belə deyirsiniz? [/b]
- Özünüz şahidi olacaqsınız. Yəni "Azadlıq" bloku-ADP-Ümid Partiyasının daxil olduğu blok yaranmayacaq. Bu, siyasi ekspert kimi mənim proqnozumdur.
[b]- Bəs, Müsavatın təmsil olunmadığı koalisiya seçkidə nəyəsə nail ola bilərmi? [/b]
- Hansısa uğurlar qazana bilər. Biz bu seçkiyə yalnız qanunverici hakimiyyət uğrunda mübarizə deyil, bütövlükdə ölkədə siyasi vəziyyətin demokratiyanın xeyrinə dəyişməsi imkanları kimi yanaşırıq. Bunun uğrunda da mübarizə aparacağıq. Hesab edirəm ki, Müsavat Partiyasının iştirak etmədiyi hər hansı koalisiya əsaslı dəyişiklərə nail ola bilməz.
[b]Zaur ƏHMƏD [/b]