ADP hakimiyyəti qanunlara və beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb

img

08-02-2010 [03:42]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər və təşkilati məsələlər ətrafında fikir mümadiləsi aparılıb. İlk növbədə Ukraynada keçirilən prezident seçkilərinə diqqət şəkən toplantı iştirakçıları bu ölkədə Rusiya meyilli qüvvələrin hakimiyyətə gəlmə ehtimalının güclənməsindən və Qərbin narıncı inqilabın ilk nümunəsi olaraq bu ölkədə həyata keçirmək istədiyi demokratik dəyişilmələrin təhlükə altında qalmasından narahat olduqlarını bildirib. İdarə Heyəti üzvləri Ukraynada demokratik proseslərin geriyə doğru getməsi faktının nəinki adı çəkilən ölkədə, eləcədə MDB-in digər ölkələrində başlanan, lakin hələ oturuşmamış demokratik ənənələrin tamamilə pozulmasına və bölgədə qüvvələr nisbətinin imerialist xülyasından əl çəkmək istəməyən Rusiyanın xeyrinə dəyişilməsinə gətirib çıxarmasının qaçılmaz olduğunu qeyd edib və bu geriləməni ABŞ, o cümlədən qərbin narıncı inqilabların baş tutduğu ölkələrdə axıra qədər demokratiyanın müdafiəsində durmaması ilə bilavasitə bağlı olduğunu diqqətə çatdırıb. Ölkə başçısının Münhendə keçirilən təhlükəsizlik konfransında və Almaniya kansleri A.Merkellə keçirdiyi brifinq zamanı Azərbaycanın Nabukko qaz kəməri layihəsində iştirakının qüvvədə qalması ilə bağlı səsləndirdiyi bəyanata mövqe bildirən İdarə Heyəti üzvləri bəyanatın təqdirə layiq olduğunu bildirib və ölkənin apardığı xarici siyasətdə Rusiya ilə birtərəfli münasibətlərdən daha çox Avropaya inteqrasia qapılarını açan bu cür proyektlərə üstünlük verilməsinin tərəfdarı olduğunu qeyd edib. ATƏT-in ABŞ nümayəndəsinin Azərbaycandakı insan haqlarının pozulması ilə yaydığı bəyanata diqqət çəkən İdarə Heyəti üzvləri bəyanatda ölkəmizdə insan haqları, o cümlədən media azadlığı, gənc bloqqerlərin və azad yazarların həbs edilməsi, jurnalistlərin hüquqlarının məhdudlaşdırılması və bir sıra fundamental insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı səslənən fikirlərin reallığı əks etdirdiyini bildirib və Azərbaycan hakimiyyətini ölkə qanunları və beynəlxalq öhdəliklərlə üzərinə götürdüyü vəzifələri yerinə yetirməyə çağırıb. İdarə Heyəti üzvləri həmçinin Norveç Helsinki komitəsinin Naxçıvan MR-da insan hüquq və azadlıqlarının pozulması, muxtar respublikanın diktaturanın hökm sürdüyü ?Qara ada? halına salınması və bölgədə heç bir beynəlxalq qanunların işləməməsi ilə bağlı AŞPA-nın qış süssiyasında xüsusi bəyanat yayaraq həmin bölgə üçün xüsusi məruzəçi göndərilməsi təklifini müzakirə edib və Azərbaycan hakimiyyətini muxtar respublikada baş verən qanun pozuntularının və insan haqlarına qarşı kobud müdaxilənin qarşısını almaq üçün təcili tədbirlər həyata keçirməyə çağırıb. Türkiyə Ermənistan anlaşmasını özündə əks etdirən Sürix razılaşmasının yenidən gündəmə gəlməsi və bu yöndə ABŞ, qərb ölkələri və Rusiyanın ağır şərtlər daxilində protokolların ratifikasiya edilməsi üçün Türkiyəyə təzyiqlər göstərməsinin yol verilməz olduğunu diqqətə çatdıran İdarə heyəti üzvləri Azərbaycan hakimiyyətini bu basqılar zəminində Türkiyə ilə bir yerdə olmağa və bu təzyiqlərin qarşısını almaq üşün gərəkən neytrallaşdırıcı addımlar atmağa çağırıb. İdarə Heyətində havaların kəskin pisləşməsi nəticəsində Bakıda və regionlarda yaranmış fövqəladə vəziyyətdə hökumətin qeyri qənaətbəxş fəaliyyəti pislənilib və dövlətin müvafiq strukturlarının, xüsusilə də şəhər icra hakimiyyətinin bu cür vəziyyətlərdə normal işləməsi üçün ciddi tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA