Yeni Azərbaycan Partiyasının 500 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib

img

02-02-2010 [03:38]


Fevralın 2-də Yeni Azərbaycan Partiyasının 500 mininci üzvünə partiya vəsiqəsinin təqdimolunma mərasimi keçirilib. Partiyanın mərkəzi qərargahında keçirilən mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov öncə 2 Fevral-Gənclər Günü münasibətilə gəncləri təbrik edib. YAP Sədrinin müavini qeyd edib ki, bu gün Azərbaycanı bütün dünyada layiqincə təmsil edə bilən gənc nəsil formalaşıb. Bu da dövlətimizin gənclərə olan diqqət və qayğısının təzahürüdür. ?Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda elə bir sahə yoxdur ki, orada gənclər təmsil olunmasın. Bütün bu işlərin görülməsində məqsəd Azərbaycanda sağlam, müasir biliklərə yiyələnmiş, dünyada ölkəmizi layiqincə təmsil edə biləcək gənc nəslin formalaşmasıdır. Sevindirici haldır ki, bu məqsədlərə nail olunur? deyə o, vurğulayıb. YAP üzvlərinin sayının təxminən 40 faizinin gənclərdən ibarət olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, hər il partiya sıralarına 30 min civarında insan qoşulur. Onların sırasında da gənclər böyük üstünlük təşkil edir. O, bildirib ki, partiya sıralarında təmsil olunan gənclərə öz bilik və bacarıqlarını ortaya qoymaq üçün lazımi şəraitin yaradılması YAP rəhbərliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Əli Əhmədovun sözlərinə görə, hazırda partiya üzvlərinin sayının 500 min nəfərə çatması qürurverici haldır. ?Bu fakt bir daha təsdiq edir ki, YAP ölkəmizdə ən böyük və güclü siyasi təşkilatdır. Digər partiyaların hamısı birləşsə, say, güc və digər parametrlərinə görə YAP-la müqayisə oluna bilməz. Azərbaycanda hər 10 seçicidən biri artıq YAP üzvüdür. Bu çox yüksək rəqəmdir və dünyada əhalisinin sayı bizim ölkənin əhalisinin sayı qədər olan ölkələrdəki partiyaların heç birində bizim partiyanın üzvü qədər üzvü olan siyasi qurum yoxdur?. YAP Sədrinin müavini bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin əsasını Azərbaycanı dünyanın ən qüdrətli və zəngin dövlətlərindən birinə çevirməkdir. Bu yöndə Prezident İlham Əliyev uğurla fəaliyyət göstərir. Əli Əhmədovun sözlərinə görə, gənclər də bu prosesdə fəal iştirak etməlidir. Daha sonra Əli Əhmədov YAP-ın 500 mininci üzvü Ləman Fərzəliyevaya partiyanın vəsiqəsini təqdim edib. Bakı Dövlət Universitetinin tələbəsi Ləman Fərzəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 500 mininci üzvü olmasından qürur duyduğunu bildirib. O, 500 mininci üzv olsa da, Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğində ön sıralarda olacağını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA