"Bazqan olmaq üçün kifayət qədər təcrübəm, tərcümeyi-halım, insanlarım var"

img

31-01-2010 [05:43]


[b]Vurğun Əyyub: "Heç bir halda İsa Qəmbər özündən sonra partiya rəhbərliyinə diktə yolunu tutmayacaq" [/b] 2010 parlament seçkiləri ili olsa da, müxalifət bu ilə daxili qarşıdurmalarla başladı. Buna səbəb Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalif düşərgədəki bəzi şəxslərə qarşı sərt ittihamlarıdır. İ.Qəmbərin birlik təklifləri ilə çıxış edən partiyaların arasında İrana, Rusiyaya və Azərbaycan hakimiyyətinə işləyənlərin olmasını deməsi iqtidar əleyhdarlarını üz-üzə qoyub. Hazırda müxalifət seçkiyə hazırlaşmaq, birlik yaratmaq əvəzinə, kimin, hansı partiyanın hara işləməsi suallarına cavab axtarır. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub öncə parlament seçkilərindən gözləntilərini bizimlə bölüşdü. - Təbii ki, parlament seçkiləri Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biridir. Müsavat Partiyası da həmişə olduğu kimi, indi də bu seçkiyə ciddi hazırlaşır. Hesab edirəm ki, parlament seçkilərinə qədər Azərbaycan vətəndaşlarının fəallığı artacaqsa, - düşünürəm ki, bu fəallıq mütləq artmalıdır, - o zaman ölkədə çox ciddi ictimai-siyasi dəyişikliklərə nail olmaq mümkündür. [b]- Həmişə bu istiqamətdə ümumi fikirlər səsləndirilib. Konkretləşdirmək olarmı ki, qeyd etdiyiniz dəyişikliklər özünü hansı formada göstərə bilər? [/b] - Ciddi dəyişiklik o deməkdir ki, Azərbaycan parlamentində xalqın səsi eşidilə bilər, xalqın səsi ilə seçilən adamlar parlamentdə mövqelərini ifadə edə bilərlər. Bununla da Azərbaycan dövlətində icra hakimiyyətinin özbaşınalığına son qoyular. Hələlik fakt ondan ibarətdir ki, parlamentin əksəriyyəti xalqın iradəsi ilə formalaşmayıb və orada xalqın mövqeyi səslənmir. [b]- Bəs, müxalifət budəfəki seçkiyə hansı formada qatılmalıdır ki, dediyiniz dəyişikliklərə nail olmaq mümkün olsun? [/b] - Düşünürəm ki, Azərbaycanda həqiqi və real müxalifət qüvvələrinin bir araya gəlməsi proseslərin daha uyğun nəticələr əldə edilməsinə şərait yarada bilər. Amma mən heç də o fikirdə deyiləm ki, ölkədəki seçkilərin nəticələri və ya siyasi proseslərin gedişatı müxalif qüvvələrin birliyindən keçir. Hesab edirəm ki, yalnız bu, əsas ola bilməz. Biz dəfələrlə görmüşük ki, özünü müxalifət sayan qüvvələr vahid mövqedən çıxış edəndə belə, uduzdurulmuş vəziyyətə gətirilib. Yəni demək istəyirəm ki, ölkədə ciddi dəyişikliklərin baş verməməsinin və seçkilərin nəticələrinin saxtalaşdırılmasının səbəbi heç də birliyin olmamasında deyil. Əsas səbəb odur ki, Azərbaycan hakimiyyəti ölkədə anti-demokratik vəziyyət yaradıb və seçkiləri saxtalaşdırmaqla məşğuldur. Lakin bununla belə, mən heç də real müxalifət qüvvələrinin bir araya gəlməsini istisna eləmirəm. Budəfəki parlament seçkilərində də real müxalifət qüvvlərinin bir araya gəlməsi və vahid mövqedən çıxış eləməsi mümkündür. Müsavat Partiyası da həmişə olduğu kimi, bunun baş tutması üçün çalışmaqdadır. [b]- Hakim komanda seçkilərdə monolit qüvvə kimi iştirak edir. Hazırda isə müxalifətin vahid qüvvə kimi ortada olması görünmür. Bu günə kimi də hər hansı bir partiya hakimiyyətlə təkbaşına mübarizədə qalib olmayıb... [/b] - Məncə, burada müəyyən dəqiqləşdirmələrə ehtiyac var. Məsələn, 2003-cü il prezident seçkilərində müxalifət qüvvələrinin böyük hissəsi Müsavat Partiyasının namizədi İsa Qəmbərin ətrafında birləşmişdi. İsa Qəmbər də seçkidə qələbə çalmağına baxmayaraq, nəticəni hakimiyyətin saxtakarlığı ucbatından reallaşdıra bilmədik. 2005-ci il parlament seçkilərində də əsas müxalifət qüvvələri vahid blokda iştirak elədi, qələbə çaldı, amma yenə də nəticə reallaşdırıla bilmədi. Bu, o deməkdir ki, məsələ heç də müxalif qüvvələrin bir araya gəlib-gəlməməsində deyil. Hesab edirəm ki, bu, hakimiyyət tərəfindən qəsdən ortaya atılmış fikirdir. Bəzi müxalifət nümayəndələri də bilərəkdən, yaxud bilməyərəkdən bu fikrin təsiri altına düşür. [b]- Vurğun bəy, müxalifətin birliyi ilə bağlı Müsavat Məclisinin iclasında İsa Qəmbərin açıqlamaları oldu. Başqan müxalifətdə İrana, Rusiyaya, Azərbaycan hakimiyyətinə işləyənlərin olduğunu bildirdi. Eyni zamanda bu açıqlamalar müxalif düşərgədə ciddi narazılıq yaratdı. Sizin bu açıqlamalarla bağlı mövqeyiniz necədir?[/b] - Mən, partiya başqanının fikirlərini bölüşürəm. Hesab edirəm ki, İsa bəy kifayət qədər aydın açıqlama verib və ölkədə siyasətlə az-çox maraqlanan, bu barədə yazan qələm sahiblərinin hamısı konkret olaraq, kimlərin nəzərdə tutulduğunu bilirlər. Üstəlik, bəzi partiyaların buna çox qızğıncasına münasibət bildirmələri də onu göstərir ki, İsa Qəmbər lazım olan ünvanları göstərib. [b]- Amma İsa Qəmbər konkret ünvan söyləmədi. Sözlərinizdən belə çıxır ki, kimlərin nəzərdə tutulduğunu Siz də bilirsiniz. Deyə bilərsinizmi?[/b] - Hər şeyin öz vaxtı var. Zamanı gələndə adlar da açıqlana bilər. Hətta ilkin vaxtlarda ünvansız deyilən fikirlər də hazırda öz ünvanını tapmaqdadır. Bunu həmin fikirlərə verilən reaksiyalardan da aydın şəkildə görmək mümkündür. Bu barədə bir çox partiya mənsubları mövqelərini bildirdilər, diqqət yetirsəniz, hər şey aydın olar. [b]- Bu məsələyə ən aqressiv reaksiya ALP-dən gəldi. Belə çıxır ki, bu ittihamlar Liberal Partiyaya aiddir? [/b] - Məncə, bu suala Liberal Partiyasının rəhbərləri daha aydın cavab verə bilər. Bəli, ALP İsa Qəmbərin açıqlamalarına aqressiv mövqe bildirdi. Bir atalar misalı var, burada çox yerinə düşür: Soğan yeməmisənsə, için niyə göynəyir? Ona görə də ALP rəhbərliyinin İsa bəyin açıqlamalarına bu şəkildə reaksiyası düşünməyə əsas verir. [b]- Bu barədə Lalə Şövkət danışmasa da Əvəz Temirxan... [/b] [i]- (Sözümüzü kəsərək) [/i]Səhv eləmirəmsə, Əvəz Temirxan bu gün Liberal Partiyanın rəhbəridir və danışanda da partiya rəhbəri kimi danışır. [b]- Əvəz Temirxan deyir ki, İsa Qəmbər belə çıxışlar etməklə müxalifətin birliyinin alınmasına mane olur və bu da onun hakimiyyətə işlədiyini sübuta yetirir... [/b] - Əgər Əvəz Temirxan öz dediyi bu sözlərə inanırsa, bu, absurdun ən yüksək nöqtəsidir. Çünki İsa Qəmbərin hakimiyyətə işlədiyini iddia etmək asburddur və təbii ki, belə fikirlər qeyri-ciddi səslənir. [b]- Vurğun bəy, hazırda gündəmdə olan məsələlərdən biri də qurultayda Müsavat başqanının kim olmasıdır. Bəziləri, məsələn, Müsavat Gənclər təşkilatının üzvləri İsa Qəmbərin başqanlıqdan getməsini istəmirlər. Bu barədə Siz nə deyə bilərsiniz? [/b] - İstər Müsavat Partiyasındakı gənclərin, istər başqa yaş dövrünə mənsub üzvlərin, eləcə də partiyaya üzv olmayan müsavatsevərlərin hər birinin fikir söyləməyə haqqı var. Amma eyni zamanda ortada iki məsələ var. Bunun biri Nizamnamə məsələsi, digəri İsa Qəmbərin özünün partiya başqanlığına namizəd olub-olmaması istəyidir. Partiyanın Nizamnaməsi qurultay iştirakçılarının qərarı olmadan dəyişdirilə bilməz. Hətta partiya qurultayının nümayəndələri bu Nizamnaməni dəyişsələr belə, İsa Qəmbərin öz namizədliyini irəli sürüb-sürməmək hüququ var. İsa Qəmbər də öz münasibətini bildirib ki, bu qərar onun özünə aiddir və onun öz namizədliyini irəli sürmək fikri yoxdur. Bununla da hesab edirəm ki, Müsavatın növbəti başqanının kim olması barədə müzakirələrə yekun vurulmalıdır. Ona görə də bu məsələ ətrafında söz-söhbətlərə, müzakirələrə ehtiyac yoxdur. [b]- Belə fikirlər də səslənir ki, Müsavat İsa Qəmbərdən sonrakı dönəmdə problemlərlə qarşılaşa bilər. Yəni İsa Qəmbər başqan olmasa, Müsavat həmin Müsavat olmayacaq. Razısınızmı? [/b] - O narahatlıqları qəbul edirəm, amma bu arqumenti doğru hesab etmirəm. Müsavat Partiyasının tarixinə və indiki durumuna, partiyadaxili münasibətlərə, partiya Nizamnaməsinə bələd olmayan adamlar, bu cür narahatlığı ya bilməyərəkdən keçirirlər, ya da bilərəkdən "narahat" olurlar. Hesab edirəm ki, Müsavat Partiyası bir şəxs ətrafında formalaşmış partiya deyil, bu partiyanın yüz illik tarixi var. İsa Qəmbər bu illər ərzində Müsavat Partiyasına çox ləyaqətlə və bacarıqla rəhbərlik edib. İndi İsa Qəmbər Müsavat Partiyasının başqanlığından gedirsə, bu o demək deyil ki, o, Müsavatdan gedir, yaxud Azərbaycan siyasətindəki yerini kiməsə təhvil verir. Nə qədər ki, İsa Qəmbər var, nə qədər ki, bu ölkədə demokratik seçki keçirilməyib və ədalətli nəticələr ortaya çıxmayıb, İsa Qəmbər Azərbaycan siyasətində özünəməxsus sözü və çəkisi olan siyasətçi olaraq qalacaqdır. O, partiya başqanı olmasa belə, yenə Müsavat Partiyasında, o cümlədən Azərbaycan siyasətində öz sözünü deyəcək. [b]- Belə demək mümkündürsə, İsa Qəmbər Müsavatda monolitlik yaradan qüvvə kimi çıxış edir. Nəzərə alsaq ki, Müsavat ierarxiyasında təmsil olunan funksionerlər arasında çəkişmələr var, o zaman İsa Qəmbərin olmadığı dönəmdə parçalanma olmayacaq ki? [/b] - Müsavat Partiyasının başqanı nə qədər şərəfli və şöhrətli vəzifə olsa da, eyni zamanda çox məsuliyyətli vəzifədir. Bu vəzifənin özü istənilən hər bir müsavatçıya təlqin edir ki, o, insanlara da, partiya rəhbərliyində olan şəxslərə də, siyasi proseslərə də şəxsi, subyektiv, emosional münasibətlərini bir kənara qoyub, ümummilli və ümumpartiya maraqlarından çıxış eləsin. Ona görə də hesab edirəm ki, ora seçiləcək hər hansı bir insan, bu və ya digər şəkildə ümumən partiyanın maraqlarını təmsil etməyə çalışacaq. Narahatlığa əsas yoxdur. [b]- AMİP və ALP-də də sədr gedəndən sonra lider statusu qazanaraq, partiyanı idarə etməyə başladı. Analoji addım Müsavatda da atıla bilərmi? [/b] - Mən belə bir variantın tətbiq olunacağını güman eləmirəm. Sadəcə olaraq, Hesab edirəm ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı olmadan da, partiya daxilində çox böyük nüfuza malik şəxs olacaq. İsa Qəmbərin nə şəxsi xarakteri, nə onun bağlı olduğu dəyərlər partiyanın idarə edilməsində rəhbərliyə hər hansı bir diktə yolunu tutmağa imkan vermir. Ola bilər ki, partiyanın idarə edilməsində İsa bəyin çoxillik təcrübəsindən və demokratik ənənələrindən bəhrələnməyə çalışaq, onun məsləhətlərini eşidək. Amma heç bir halda İsa bəy özündən sonra partiya rəhbərliyinə diktə yolunu tutmayacaq. Mən bunu onun neçə illik mübarizə yoluna və xarakterinə bələd olan dostu kimi deyirəm. Hesab edirəm ki, partiya kollegial şəkildə idarə olunacaq, elə İsa Qəmbərin dövründə də belə olub. [b]- Müsavat başqanı kim olsun deyə, sorğular keçirilir. Namizədlər arasında Sizin də adınız var. Başqanlığa iddianız varmı? [/b] - Müsavat Partiyasının ən sıravi üzvündən tutmuş, onun bərpasında iştirak edən, illərlə ona rəhbərlik edən hər bir şəxsin partiya başqanlığına iddiası ola bilər və bu, onun haqqıdır. Amma qurultay kimi ora layiqli namizəd biləcəksə, biz onu qurultayda görəcəyik. Təbii ki, mənim partiya başqanı olmaq üçün kifayət qədər təcrübəm də, tərcümeyi-halım, insanlarım var. Ancaq mən, bu məqamda belə məsələlərin müzakirəsinin tərəfdarı deyiləm. Ona görə yox ki, bəzilərinin iddiasına görə, guya bu müzakirələr partiyaya zərər vurur. Bu müzakirlər partiyaya hər hansı bir zərərə vurmur, sadəcə olaraq, indi qurultaydan daha öncə qarşımızda başqa bir hədəf dayanır. Bu da parlament seçkiləridir. İndi biz bütün gücümüzü, mülahizələrimizi, intellektual və təşkilati bacarığımızı bu hədəfə yönəltməliyik. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA