Məzahir Pənahov seçki komissiyalarının seçkiyə hazır olduğunu bəyan edib

img

22-12-2009 [01:31]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə,MSK sədri komissiyaların seçkilərinin keçirilməsinə tam hazır olduğunu bəyan edib. M.Pənahov bildirib ki, seçkilər 118 seçki dairəsinin 4813 seçki məntəqəsində keçiriləcək və 1718 bələdiyyəyə 15 682 üzv seçiləcək. MSK sədri onu da qeyd edib ki, səsvermənin gedişi ilə bağlı sabah gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək: ?Bələdiyyə seçkiləri kifayət qədər mürəkkəb prosesdir. Prezident seçkilərində bir bülletenlə, parlamentdə 125 bülletenlə, bələdiyyə seçkilərində isə 1718 fərqli bülleten üzrə səs veriləcək. Yəni ictimaiyyətə 1718 müxtəlif bülletenlə bağlı məlumatları açıqlamalıyıq. Seçki keçirilən bələdiyyələrdə ən az 5 üzv, ən çox isə 19 üzv yerləri var. Bələdiyyələrdə ən az 10, bəzilərində isə 100-ə qədər namizəd var. Buna görə də seçki dairələrindən daxil olan məlumatların araşdırılması bir qədər vaxt aparacaq. Amma maksimum dərəcədə ictimaiyyətə səsvermənin nəticələrinin operativ şəkildə atdırılmasına, səsvermənin nəticələrinin MSK-nın saytına yerləşdirməyə çalışacağıq?. MSK sədri bildirib ki, seçkilərdə 31 minə qədər namizəd iştirak edəcək. Onların 16 755 siyasi partiyaların namizədləri, 14 073 bitərəflərin, 147 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb: ?Seçkiləri izləmək üçün 50 minə yaxın müşahidəçi qeydə alınıb. Onların 48 388 DSK-larda, 1160-ı isə MSK-da qeydiyyatdan keçib. Prosesi izləmək üçün 52 beynəlxalq müşahidəçi qeydə alınıb?. Məlumat üçün onu da bildirək ki, səsvermə sabah saat 8.00-da başlayacaq və 19.00-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA