ADP prezidenti siyasi məhbusları azad etməyə çağırıb

img

21-12-2009 [04:05]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda Ölkə daxilində və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər və bələdiyyə seçkilərinə son hazırlıq vəziyyəti əsas müzakirə obyekti olub. Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə münasibət bildirən İdarə Heyəti üzvləri qətnamənin tələblərinin ölkəmizdəki siyasi reallıqlardan irəli gəldiyini bildirməklə yanaşı Avropa strukturlarını göstərilən neqativlərin aradan qaldırılması istiqamətində praktik əhəmiyyətli daha cidi addımlar atmağa da çağırıb. Dünya Azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar əfv fərmanının veriləcəyi ilə əlaqədar məlumatlara diqqət çəkən İdarə heyəti üzvləri dövlət başçısını humanistlik göstərərək siyasi məhbusları, həbsdə olan qəzet redaktorlarını və gənc bloggerləri də azad etməyə, beləliklə də Azərbaycana olan beynəlxalq təzyiqləri azaltmağa çağırıb. İdarə Heyəti üzvləri ABŞ Konqresinin Dağlıq Qarabağa humanitar yardım adı altında 8 milyon vəsait ayırmasına etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin nota göndərməsini təqdir edib və bir daha Azərbaycanın başı üstündən bu addımın atılmasını ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına alan və separatçı Dağlıq Qarabağ rejiminə niyyətlərini həyata keçirmək üçün geniş imkan yaradan bir addım olduğunu diqqətə çatdırıb. İdarə heyəti üzvləri ictimai rəydə antiamerika və antiqərb kompaniyalarının aparılmasını isə ölkəmizin gələcək perspektivləri baxımından yolverilməz hesab edib və bu cür kompaniyalara qarşı olduğunu bildirib. Sentyabrın 30-da Milli Məclisdə qəbul olunan ?Elektroenergetika haqqında?, ?Qaz təchizatı haqqında?, və ?Su təchizatı və tullantı suları haqqında? qanunlara əlavə və dəyişikliklərin sonradan saxtalaşdırılması ilə əlaqədar yaranmış qalmaqala toxunan toplantı iştirakçıları bu ziddiyyətin ölkədə hökm sürən hüquqi nihilizmdən irəli gəldiyini və məsələnin hələ də açıq qlmasından təəssüfləndiyini bildirib. Son vaxtlar dövlət başcısının Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli variantının ermənilər tərəfindən qəbul edilmədiyi halda torpaqlarımızın hərb yolu ilə azad edilməsinin qaçılmaz olması barədə səsləndirdiyi bəyanatlara cavab olaraq Ermənistan prezidentinin müharibə başlanarsa MDB-in Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın tərəfindən çıxış etməsi faktını gündəmə gətirmələrinə münasibət bildirən İdarə heyəti üzvləri bu cür çıxışların beynəlxalq hüququn hamı tərəfindən qəbul edilən imperativlərinə uyğun gəlmədiyini bildirib və sülh prosesinə qarşı tərəfin etinasızlığı şəraitində Azərbaycanın öz ərazilərini hərbi yolla azad edilməsinə BMT qətnamələrinin hüquqi əsas olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıb. İclasda bələdiyyə seçkilərinə hazırlığa dair məsələ də müzakirə mövzusu olub, seçki günü partiyadan olan namizədlərin vəkilləri və müşahidəçiləri tərəfindən seçki qərərgahına məlumatların verilməsi, onların ümumiləşdirilməsi və yayılması, habelə seçki günü partiyadan olan namizədlərin fəaliyyətinin koordinasiya edilməsi ilə əlaqədar partiyanın müvafiq strukturlarına tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA