Vəhdət Partiyasını hakimiyyətdən narazı salırlar

img

20-12-2009 [05:49]


Hakimiyyətyönlü siyasi kurs götürən Vəhdət Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində partiya şəklində iştirak etmir. Amma partiyanın üzvləri müstəqil şəkildə seçki prosesinə qatılıblar. Müsahibə verən Vəhdət Partiyasının sədri hazırda seçkiyə hazırlaşdıqlarını bildirir. - Ölkədə vəziyyət necədirsə, siyasi partiyalar seçkiyə necə hazırlaşırlarsa, Vəhdət Partiyasında da vəziyyət elədir. Namizədlərimiz gücləri çatan qədər təbliğatlarını apırırlar. Amma müəyyən çətinliklər oldu ki, Vəhdət seçkiyə partiya şəklində qatıla bilmədi. [b]- Hansı çətinlikləri nəzərdə tutursunuz? [/b] - Bəzi yerlərdə partiyamıza biganəlik oldu. Bildiyiniz kimi, bizim qərarımız var ki, İlham Əliyevin strategiyasını müdafiə edək. Amma bizə qarşı olan maneələr buna maneə törətmir. [b]- Tahir bəy, budəfəki seçkidə hakim partiyadan başqa heç bir qurum partiya şəklində prosesə qatıla bilmədi. Müxalifət nümayəndələri bunu hakimiyyətin yürütdüyü siyasətlə əlaqəndirir...[/b] - Bəlkə də müxalifət partiyalarını başa düşmək olar. Amma bu münasibət bizə qarşı da tətbiq edildi. Bilirlər ki, Vəhdət Partiyası prezidentin strategiyasını müdafiə edir. Onda nəyə görə bəzi seçki dairələri, yaxud yerlərdəki rəhbər şəxslər Vəhdət Partiyasının namizədlərini qeydə almadılar, təzyiqlər edildi? Görəsən, icra başçıları, DSK sədrləri bilmirlər ki, Vəhdət prezidentin siyasətini dəstəkləyir? Onlar bu cür münasibət sərgiləməklə düşmənçilik yaradırlar. İnanmıram ki, prezidentin elə bir tapşırığı olsun ki, Vəhdətin namizədlərini qeydə almayın. Deməli, aşağılarda kimlərsə istəyir ki, Vəhdət Partiyası hakimiyyətdən narazı qalsın. [b]- Belə çıxır ki, hakimiyyətin aşağı təbəqələrində Sizə qarşı düşmənçilik edənlər var...[/b] - Bəli. Yaşananlar onu göstərir. Əgər o məmurlar siyasətlə maraqlanmırlarsa, bizim hansı mövqedə olduğumuzu bilmirlərsə, bu da mənim problemim deyil. Mən başa düşə bilmirəm ki, nəyə görə bizə belə münasibət var? Hesab edirəm ki, hansısa yerli icra orqanlarının rəhbərləri başlarını ağrıtmamaq üçün belə bir addım atırlar. Mən müxalifətçi deyiləm, nəyə görə mənə bu cür münasibət göstərirlər? Ona görə də bir inamsızlıq, etimadsızlıq yarandı. [b]- Həmin məmurlar müdafiə etdiyiniz hakimiyyətin məmurlarıdır...[/b] - Doğrdur. Ona görə də həmişə demişik ki, hakimiyyət bu cür məmurlardan təmizlənməlidir. Axı, bunlar dövlətə etimadsızlıq yaradırlar. Nəyə görə məni, partiyamın üuzvlərini narazı salmalıdırlar? Onlar öz işlərinin rahat getməsi üçün dövlətə zərbə vurmaqdan da çəkinmirlər. [b]- Sizə qarşı belə bir münasibətin sərgilənməsi nə ilə bağlı ola bilər? [/b] - Düzü, bunu dəqiq bilmirəm. Əgər bu, məlumatsızlıqdan irəli gəlirsə, yenə də onların günahıdır, onlar bilməlidirlər ki, biz prezidenti müdafiə edirik. Yox, əgər bilə-bilə ediblərsə, görünür, burada inamsızlıq, etimadsızlıq var. Amma bir məsələ də var ki, biz siyasətimizdə səmimiyik. Deyiriksə, prezidentlə dostluq edirik, deməli, dostuq. Açığı, bu gün elə bir vəziyyət yaranıb ki, ölkədə müxalifət təşkilatı qalmayıb. Biz addımı atanda çoxları bizi qınadı. Əslində belə olan təqdirdə bizim qədrimiz daha çox bilinməli idi. Amma bütün bunlara baxmayaraq, biz yenə də sözümüzün üstündə dururuq və prezidenti müdafiə edirik. [b]- Bildiyiniz kimi, hakimiyyət daxilində də aparılan siyasətdən narazı olanlar var. Bəlkə Sizin indiki mövqeyiniz bəziləri tərəfindən bəyənilmir, istəyirlər ki, əvvəllər dediklərinizin heç olmasa, yarısını bu gün deyəciniz?[/b] - Mən əvvəllər yüz dəfə bundan güclüsünü demişəm. İndi də deyirsiniz ki, heç olmasa, yarısını denən. Yaxşı, mən bunun hamısını deyəndə bir nəticəyə gələ bilməmişəm, indi onun yarısını, yaxud on faizini deməklə nə əldə olunacaq? Bir də, mən o fikirləri qəbul etmirəm ki, biz hər şeyə müsbət qiymət veririk. Biz prenzidentin strategiyasını müdafiə edirik, amma praktiki məsələlərdə həmişə sözümüzü demişik. Korrupsiya, rüşvətxorluq, qiymət artımı, pensiyalar, əmanətlərin qaytarılmaması, qaz, işıq pullarının artırılması və digər sosial problemlərlə bağlı etirazımızı bildirmişik, rəsmi bəyanatımızı vermişik. 15 illik siyasətimizin nəticəsi olaraq, o fikirə gəlmişik ki, ölkədə sabitlik lazımdır. Əgər bu sabitlik olmasaydı, böyük güclər Azərbaycanı diri-diri yeyərdilər. Biz başa düşürük ki, indi İlham Əliyevin alternativi yoxdur. Elə bir adam yoxdur ki, prezident olsun, Azərbaycanda sabitlik və inkişaf yarada bilsin. Bununla belə, biz ölkədəki çatışmazlıqları da dilə gətiririk. İlham Əliyev istəyir ki, ölkədəki bütün təbəqələrlə dost olsun. Amma bəzi məmurlar istəyirlər ki, ölkədə münasibətlər qarşılıqlı etimadsızlıq, düşmənçilik səviyyəsində qurulsun. Bu baxımdan hesab edirəm ki, hakim komanda köhnə təfəkkürlü məmurlardan təmizlənməlidir. Çünki bu cür məmurlarla çox irəli getmək olmaz. Köhnə təfəkkür hakimiyyətin apardığı inkişaf strategiyasının qarşısını alır. Bu mənada hesab edirəm ki, hakimiyyət öz yerini daha da möhkəmləndirmək, aparılan siyasətin müsbət nəticəsini görmək, ölkədə iqtisadi və siyasi inqkişafa nail olmaq istəyirsə, daxili təmizləmə aparmalıdır. Vəziyyətdən çıxış yolu yalnız bundadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA