Nurəddin Məmmədli: "Bu hakimiyyət mütləq çökəcək"

img

20-12-2009 [05:25]


[b]"Bunun neçə aydan sonra baş verəcəyi çoxlu sayda faktorlardan asılıdır" [/b] Bələdiyyə seçkilərinə üç gün qalıb. Hakimiyyət işlərin qaydasında olacağını, müxalifət isə növbəti dəfə seçki şousunun keçiriləcəyini bəyan edir. Amma buna baxmayaraq, hər iki tərəf fərqli formalarda da olsa, prosesdə iştirak edirlər. AXCP sədrinin müavini Nurəddin Məmmədli budəfəki seçkilərin əvvəlkilərə nisbətən daha anti-demokratik keçəcəyini söylədi. - İndiki rejimin hakimyyətdə olduğu bütün dövrlərdə seçkilər qanunazidd, saxtakarlıq və zorakılıq şəraitində keçirilib. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son bələdiyyə seçkiləri bütövlükdə indiyə qədər keçirilən seçkilərin ən pisidir. Burada hakimiyyət ölkə vətəndaşlarının seçmək və seçilmək hüququna apatiya yaratmaq istiqamətində bir siyasət həyata keçirir. Xalqa sübut etməyə çalışır ki, onlar heç bir seçkidə öz iradəsini ifadə edə bilməz. Azərbaycanda keçirilən seçkilər sadəcə olaraq, imitasiyadır və kimin harda oturmasını hakimiyyət özü müəyyən edir. Bu, indiki siyasi prosesin bütün mərhələlərində müşahidə olunan reallıqdır. Həm qeydiyyat, həm ondan sonrakı mərhələlərdə bütün bunlar özünü göstərib. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda seçki ab-havası müşahidə olunmur. Hətta iş o həddə çatıb ki, YAP-ın səlahiyyətlisi Əli Əhmədov bəyanat verir ki, partiyanın siyahısına daxil olmayan şəxslər öz nəmizədliklərini irəli sürməsi faktlarına görə cəzalanacaqlar. Bu, bütövlükdə Azərbaycanda vətəndaşın hüquqlarına etinasız münasibətin mövcudluğunu və seçki prosesini hakimiyyətin dikəsi altında keçirilməsini göstərən ən bariz nümunədir. Ona görə də hesab edirəm ki, bu seçkidən yaxşı nəsə gözləmək olmaz. Bələdiyyələr Azərbaycanda aşağıdan təşkilatlanmanı və özünü idarə forması kimi tamamiylə siyasi, inzibati və dövlətçilik əhəmiyyətini itirib. [b]- Nurəddin bəy, seçki ilə bağlı fikirlərinizi anladıq, müxalifət olaraq, seçkidən sonra hansı mövqeyi ortaya qoymaq niyyətindəsiniz? [/b] - Seçkinin nəticələrinə qiymət vermək məsələsi kollegiyal müzakirə tələb edən problemdir. Ona görə də buna, hansı qiymətin veriləcəyi və onun formasını partiya, bizim təmsil olunduğumuz "Azadlıq" bloku, eyni zamanda müəyyən məsələlərdə əməkdaşlıq elədiyimiz hərəkat daxilində müəyyənləşəcək. Amma mənim qənaətim ondan ibarətdir ki, bu qədər saxtakarlıq şəraitində keçirilən seçkinin nəticələrini tanımaq, onu legitim hesab etmək qeyri-mümkündür. [b]- Bu günə kimi çox seçkini legitim hesab etməmisiz, amma hakimiyyət öz bildiyini edib. Bu dəfə nəticələri legitim hesab etməməklə kifayətlənəcəksiniz, yoxsa... [/b] - Hər hansı seçkiyə siyasi qiymətin verilməsi problemin sonrakı fəaliyyət istiqamətlərini müəyyən etmək baxımından önəmlidir. Əgər seçkinin nəticələri legitim kimi qəbul olunmursa, deməli, həmin o situasiyanın dəyişmək zərurəti meydana çıxır. Həmin situasiyanı dəyişmək imkanlarını nəzərə almaqla, siyasi partiya kimi buna qarşı mübarizə aparacağıq. Çünki özünüz də bilirsiniz ki, Azərbaycanda bu gün siyasi fəaliyyətlə məşğul olamaq faktiki olaraq, qadağan edilib. Siyasi fəaliyyətlə məşğul olduğuna görə, insanlar ən müxtəlif zorakılığa məruz qalır. Son seçkidən bu yana AXCP-dən 16 nəfər adam siyasi fəaliyyətinə görə həbs olunaraq dustaqxanalara salınıb. Təbii ki, bu cür şəraitdə rejimə qarşı çox ciddi siyasi mübarizə aparmaq imkanlarımız məhdudlaşdırılıb. Buna baxmayaraq, biz birinci növbədə beynəlxalq təşkilatlara müraciət edəcəyik, daxildə isə seçkinin nəticələrini tanımamaqla bağlı mümkün olan addımları atacağıq. O cümlədən kütləvi aksiyalar, dəyirmi masalar, konfransları imkanlarımız daxilində reallaşdıracağıq. [b]- Axı, hakimiyyət aksiyalara da icazə vermir. Yəni icazəsiz kütləvi etiraz aksiyaları gündəmə gələcək? [/b] - İndiyə qədər lokal piketlər formasından dəfələrlə istifadə etmişik. Bundan sonra da imkan daxilində onların formaları tapılmaqla, kontingentin xarakterini nəzərə almaqla, aksiyalar keçiriləcək. [b]- Bu seçkinin bir "özəlliyi" də ondan ibarət oldu ki, müxalifət seçkidən xeyli əvvəl birgə iştirak qərarı versə də, sonda vahid mövqeyə gələ bilmədi. İndiki situasiyanın yaranması müxalifətin vahid mövqe nümayiş etdirə bilməməsi ilə nə qədər bağlıdır? [/b] - Müxalifətin birlik ideyası sosial sifarişdir. Özü də haqlı sifarişdir və cəmiyyətdə buna çox həssas münasibət var. Amma bunun bələdiyyə seçkiləri vasitəsi ilə reallaşması praktiki cəhətdən çox çətindir. Çünki bələdiyyə seçkisi tayfa seçkisidir, kimin tayfası güclüdürsə, qohum-əqrəbası çoxdursa, normal demokratik seçkidə o qalib gəlir. Ona görə də partiya mövqeyinin ortaya qoyulması, bunun hər hansı formada razılaşdırılması olduqca çətindir. Məsələnin ikinci aspekti onldan ibarətdir ki, Azərbaycan müxalifətinin birləşmə zərurəti nə qədər çox olsa da, seçki ilə bağlı əsas problem bu deyil, problem demokratik seçkinin keçirilməməsindədir. Əgər Azərbaycanda demokratik seçki keçirilərsə, hakimiyyətlə alverə son qoyularsa, müxalifətin birliyinə heç bir problem yarana bilməz. Problem ondadır ki, hakimiyyət demokratik seçki keçirmir və müxtəlif adamlar partiya mənsubiyyətindən asılı olmayaraq, vasitəçiliklə parlamentdə oturmaq, bələdiyyə üzvü seçilmək yolunu tuturlar, alverə gedirlər. Belə bir şəraitdə müxalifətin birləşib-birləşmməsi öz əhəmiyyətini tamamiylə itirir. Ona görə də bütün məsuliyyəti müxalifətin birləşməməsinin üzərinə qoymaq düzgün deyil. [b]- "Azadlıq" bloku ilə Müsavat birliyindən ən çox Siz danışırsınız və bildirirsiniz ki, bu məsələ hələlik funksionerlər səviyyəsində müzakirə olunur. Bu birliyin real müstəviyə keçməsi perspektivi nə qədərdir?[/b] - Əslində bu ideyanın müəllifi mən deyiləm. Bu fikir ilk dəfə Müsavat funksioneri İbrahim İbrahimli tərəfindən irəli sürülüb. Sadəcə olaraq, mən bu ideya ilə bağlı jurnalistlərin suallarına cavab vermişəm ki, bu, vaxtı çatmış, olduqca zəruri məsələdir. Hesab edirəm ki, parlament seçkilərinə çox vaxt qalmış biz bu ideyanı reallaşdırmalıyıq. Onu da qeyd edim ki, AXCP-də buna qarşı hər hansı mübarizə olmayacaq. Biz bunun tərəfdarıyıq. Hazırda Azərbaycanda müxalifətçilik ruhu güclənib. Hətta əhalinin hakimiyyətdən külli miqdarda bəhrələnən təbəqələri də bu hakimiyyətdən təngə gəlib və ondan xilas olmaq istəyindədir. Ona görə də müxalifətin birlişməməsi 2010 parlament seçkilərində bizim ən böyük itkimiz ola bilər. Normal siyasət yürüdən, hakimiyyətlə alverə getməyən real mövqedə duran siyasi partiyaların hər biri bu addımı zəruri addım kimi dəyərləndirməlidir. [b]- Arif Hacılı deyir ki, bu məsələni indidən gündəmə gətirib mətbuatda müzakirəyə çıxarmaq birliyin baş tutmamasına hesablanıb... [/b] - Mən o fikirlərlə tanışam. Adətən mənim fikirlərim mətbuatda təhrif olunur, amma bu fikirlərim yox. Hesab edirm ki, bu, reallaşmasının vaxtı çatmış məsələdir. Birləşmək istəyində olan siyasi partiyalar indidən bu ideyanı dəstəkləyib, real addımlar atmalıdır. Kimsə başqa arqumentlərlə bunu izah edirsə, o arqumentlərin hər biri ilə bağlı diskussiyaya getməyə hazıram. [b]- Fazil Qəzənfəroğlu, Sərdar Cəlaloğolu və Əhməd Oruc bu birliyin perspektivinin olmadığını deyirlər. Məsələn, Fazil Qəzənfəroğlu deyir ki, Müsavatın heç olmasa, strukturları var, AXCP niyə partiya olsun və onunla yaradılan birlik nə olacaq? Bu barədə nə deyə bilərsiniz? [/b] - Fazil Qəzənfəroğludu, ya Fazil Mustafadı, bilmirəm o kimdi bu dəqiqə, onun dediklərini başa düşmək olar. Çünki faktiki olaraq, o, çörək yediyi qaba tüpürmüş adamdır. Fazil Qəzənfəroğlu cəbhədə nüfuz qazanıb, cəbhə vasitəsi ilə layiq olduğundan da çox-çox nüfuza sahib olub, siyasətdə fiqura çevrilib. Bu gün öz əqidəsindən dönməsi onun daxilində müəyyən psixoloji komplekslər yaradıb. O cəbhənin inkişafının ona problem yaradacağı qənaətindədir. Digər tərəfdən, bu adam müxalifətin bir araya gəlməsindən qorxur, o bunun nə demək olduğunu başa düşür. Ona görə də Xalq Cəbhəsini aşağılamağa çalışır. [b]- 2010-cu illə bağlı fikirlərinizi bilmək istərdik. Bəzi həmkarlarınız 2010-u inqilabi dəyişikliklər ili kimi proqnozlaşdırır. Siz nə düşünürsünüz? [/b] - Mən bu günə kimi gələcəkdə baş verəcək prolseslərlə bağlı proqnoz verəndə heç vaxt onu vaxta bağlamamışam. Münəccim deyiləm, fala da baxmıram, siyasətçinin vəzifəsi də hansı ildə nə olacağını proqnozlaşdırmaq deyil. Azərbaycanda bu rejimin sonu olacaq, bu hakimiyyət mütləq çökəcək. Amma bunun neçə aydan sonra baş verəcəyi çoxlu sayda faktorlardan asılıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu faktorun Azərbaycan xalqından asılı olmayan hissəsi ilə asılı olan hissəsi 50/50-yə nisbətindədir. Mən də hesab edirəm ki, bu hakimiyyətin dairəsi daralmaqdadır. Hakimiyyət bir-birinin ardınca qeyri-populyar, özünə nifrət yaradan addımlar atır. Bu, əsasən korrupsiya və rüşvətxorluqda, qanunsuzluqda, hakim özbaşınalığında ifadə olunur. Hakimiyyətin atdığı bütün addımlar xalqın böyük əksəriyyətinin maraqları ilə ziddir, hətta elə həddə çatır ki, ölkənin yarıdan çoxunu özünə düşmən edir. Bu hakimyyətin uzun müddət qalacağı möcüzə ola bilər. Ona görə də, hesab edirəm ki, bu rejim dəyişəcək. Ancaq bu dəyişilmədə daxili faktorun, yəni Azərbaycan xalqının fəallığının da böyük əhəmiyyəti var. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA