Müsavat Partiyasının Divanı deputatlarına tapzırıq verib

img

15-12-2009 [12:58]


Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Ğüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Gündəlikdə əsas müzakirə olunan məsələ Bələdiyyə seçkiləri ilə bağlı olub. Müsavatçı namizədlərin təbliğat kampaniyasının gedişatı haqqında məlumat dinlənilib və müvafiq tapşırıqlar verilib. Qeyd edilib ki, Seçki Məcəlləsində namizədlərini irəli sürmüş siyasi partiyaların vahid seçki fonduna maliyyə ayrılmasının birmənalı şəkildə göstərilməsinə və bununla bağlı MSK-ya rəsmi müraciət edilməsinə baxmayaraq, oradan partiyaya mənfi cavabı verilib. Dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərinin səsvermə bülletenlərinin nümunələrində Müsavat Partiyası MP şəklində göstərilib. Bunun ciddi qanun pozuntusu olduğu və seçiciləri çaşdırmaq məqsədi ilə edildiyi qeyd edilib. Müsavat Partiyasının adının qısa yazılış forması yoxdur və MSK-ya əvvəlcədən təqdim edilmiş sənədlərdə göstərilib. Divan bu haqda Milli Məclisdə məsələ qaldırılması ilə bağlı Müsavat Deputat Qrupunun üzvlərinə tapşırıq verib. Qeyd edilib ki, əgər MSK bu pozuntunu düzəltməsə, məhkəməyə şikayət ediləcək və işin Avropa İnsan Haqları Məhkəməsində udulması perspektivi tamamilə realdır. Bu ilin sentyabrın 30-da Milli Məclisdə qəbul edilmiş qanuna görə istehlakçılara işıq, qaz və su sayğaclarının pulsuz olaraq quraşdırılması nəzərdə tutulsa da, həmin qanunun ölkə başçısı tərəfindən imzalanmaq və rəsmi dövlət qəzetlərində dərc olunmuş variantında mətndə istehlakçıların ziyanına olan dəyişiklik edilib. Divan qətiyyətlə bildirib ki, bu hər hansı texniki yanlışlıq olmayıb, bu işdə ciddi korrupsiya maraqları olan dairələrin əli ilə edilmiş düzəlişdir. Bu məsələnin Milli Məclisdə qaldırılması Müsavat Deputat Qrupunun üzvlərinə həvalə edilib. Eyni zamanda qərara alınıb ki, baş vermiş hadisə cinayət xarakterlidir və Müsavat Partiyası Konstitusiya Məhkəməsinə müraciət etmək də daxil olmaqla müvafiq addımlar atacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA