QAT ABŞ-ın Minsk Qrupu həmsədrliyindən kənarlazdırılmasını tələb edir

img

14-12-2009 [02:57]


Qarabağ Azadlıq Təşkilatı (QAQ) ABŞ Konqresinin Dağlıq Qarabağdakı qondarma rejimə və işğalçı Ermənistana yardım ayırmasını pisləyən bəyanat yayıb. QAT mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumara görə, bəyanatda qeyd olunur ki, bu qərar ABŞ hökumətinin ermənipərəst siyasətini bir daha təsdiq edir. "Biz Azərbaycan hakimiyyətinin bu qərara sərt reaksiyasını gözlədik, təəssüf ki, bu reaksiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin və parlamentin vitse-spikerinin reaksiyasından o tərəfə getmədi. Bu cür yanaşma qətiyyən kifayət deyil və belə vecsiz reaksiyanın heç bir mənası yoxdur". QAT hesab edir ki ,ABŞ hökuməti davamlı şəkildə bu siyasəti həyata keçirir və bununla da Ermənistanın işğalçı hərəkətlərinə himayədarlıq edir: "ABŞ Konqresi 1998-ci ildə Dağlıq Qarabağdakı qondarma rejimə birbaşa dövlət səviyyəsində yardım göstərmək haqda qərar qəbul edib və Azərbaycan diplomatiyasının uğursuz fəaliyyəti nəticəsində bu günə qədər bu yardımı davam etdirir. ABŞ hökuməti həmişə ikili standartlar mövqeyindən çıxış edib. ABŞ hökuməti bu siyasətinə görə cavab verməlidir. Necə olur ki, İraq hakimiyyəti işğalçılıq meyllərinə görə darmadağın edilir, Sudan rəhbərliyi separatçılara qarşı hərəkətlərinə görə bütün dünyadan təcrid edilir, İran nüvə təşəbbüslərinə görə sanksiyalara məruz qalır, Türkiyə terrorçu partiyanın qapadılmasına görə tənqid atəşinə tutulur, Azərbaycan yalnız öz torpaqlarını hərb yolu ilə işğaldan azad etmək istəyinə görə hədələnir, amma işğalçı Ermənistana qarşı heç bir sanksiya və ya qınaq tətbiq olunmur, əksinə ildən-ilə artan yardımlar göstərilir?! Necə olur ki, dünyanın müxtəlif yerlərində mövcud olan separatçı rejimlərdən fərqli olaraq ABŞ hökuməti yalnız Dağlıq Qarabağdakı qondarma və separatçı rejimə birbaşa yardım göstərir, bu qondarma rejimin nümayəndəliyinin ABŞ ərazisində fəaliyyət göstərməsinə, bu qondarma qurumun terrorçu rəhbərlərinin ABŞ-ın müxtəlif şəhərlərində külli miqdarda vəsait toplamasına şərait yaradır?! ABŞ hökuməti bu suallara cavab verməlidir. Azərbaycan hakimiyyəti isə qətiyyətsiz siyasətinə son qoymalıdır, mənasız bəyanatlarla kifayətlənməməlidir. Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti dərhal ABŞ hökumətinə nota verməli, ABŞ-ın ölkəmizdəki diplomatik nümayəndəliyinin rəhbərləri Xarici İşlər Nazirliyinə dəvət olunmalı və Dağlıq Qarabağdakı qondarma rejimə, işğalçı Ermənistana yardımların dayandırılması tələb olunmalıdır. Əks halda, ABŞ Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmalıdır. Qarabağ Azadlıq Təşkilatı bu tələblərlə ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında dəfələrlə aksiyalar keçirib, müraciətlər edib. İndi hakimiyyətin qəti addımlar atmasının vaxtıdır. Əgər biz yenidən aksiyalara başlasaq, ABŞ səfirliyini daş-qalaq etsək, arzuolunmaz proseslərin qarşısını almaq mümkün olmayacaq. Ona görə də ABŞ və Azərbaycan hökumətlərindən dərhal ədalətli, düzgün və qətiyyətli addımların atılmasını tələb edirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA