13-12-2009 [05:16]
[b]Arif Hacılı: "Biz olmasaq, bu hakimiyyət insanların qanını içər" [/b]
Bələdiyyə seçkilərinin keçiriləcəyi gün yaxınlaşır. Rəsmən təbliğat-təşviqat kampaniyası elan olunsa da, nə hakim Yeni Azərbaycan Partiyasının, nə də müxalifət namizədlərinin kampaniya aparması ciddi şəkildə müşahidə olunmur. Bəziləri bu passivliyi seçkilərin yerli əhəmiyyətli olması ilə izah etsə də, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı seçki əhval-ruhiyyəsinin aşağı olmasını hakimiyyətin yürütdüyü siyasətlə əlaqələndirir.
- Doğrudur, budəfəki seçki kampaniyası çox sönük keçir, təbii ki, bunun da səbəbi hakimiyyətin yaratdığı anti-demokratik seçki mühitidir. Buna baxmayaraq, əldə olan imkanlardan istifadə edilir. Artıq bir çox yerlərdə namizədlərimiz seçicilərlə təmaslara başlayıblar və öz təbliğatlarını aparırlar. Bu həftə Müsavat Partiyasının qərargahında namizədlərlə görüş keçirilib və bəzi regionlarda da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulur.
[b]- Təbliğat dönəmində həm də seçkinin necə keçəcəyi və nəticələrlə bağlı ilkin rəy yaranır. Hazırda seçki ilə bağlı ilkin rəyiniz nədən ibarətdir?[/b]
- İlkin rəy ondan ibarətdir ki, hakimiyyət dairələri bu dəfə bələdiyyə seçkilərində normal seçki prosesinin getməsinin qarşısını aldılar. Qeydiyyata alma mərhələsində seçkinin nəticələrini hakim partiyanın xeyrinə həll etdilər. Eyni zamanda normal seçki kampaniyasının olmaması üçün televiziya debatlarını ləğv etdilər, qeyri-qanuni olaraq siyasi partiyalara maliyyə vəsaiti ayırmadılar. Bunun nəticəsidir ki, nə təbliğat materialları yapışdırılır, nə televiziyada reklam aparılır, nə seçki ilə bağlı kampaniya gedir, nə də kütləvi aksiyalar keçirilir. Yəni faktiki olaraq, ölkədə seçki kampaniyası mövcud deyil. Bu da hakimiyyətin apardığı avtoritar siyasətin nəticəsidir.
[b]- Belə fikirləri bundan əvvəlki seçkilərdə də deyirdiniz, o zaman boykot yolunu tutub, bundan başqa yol olmadığını bildirirdiniz...[/b]
- Seçki kampaniyası dövründə qanun pozuntuları və saxtakarlıqlar 2003-cü ildən bəri artan xətt üzrə inkişaf edir. Əgər əvvəllər normal kampaniya aparmaq, yəni şəhərin hər yerində təbliğat plakatları yapışdırmaq imkanları vardısa, şəhərin mərkəzində olmasa da, şəhərin hüdudlarında kütləvi aksiyaların keçirilməsinə icazə verilirdisə, pulsuz efir vaxtı ayrılırdısa, indi bunlar tamamiylə aradan qaldırılıb. İndi keçirilən seçkilər sovet dönəmində keçirilən kənd sovet seçkilərini xatırladır. Seçkiləri boykot məsələsinə gəlincə, əgər siyasi qüvvələrin seçki prosesini dayandırmaq və normal seçki keçirilməsinə nail olmaq imkanları varsa, avtoritar rejimin verdiyi imkanlar ciddi etiraz aksiyalarının keçirilməsinə imkan verirsə, təbii ki, bu cür kampaniyaların boykot olunması effektli ola bilər. Amma indiki şəraitdə - hakimiyyətin cəmiyyəti güc strukturlarının vasitəsi ilə tamamiylə siyasi aktivlikdən kənar saxladığı bir vəziyyətdə - boykot yolunun tutulması əslində siyasi partiyanın özünün siyasi prosesdən kənarda qalmasına gətirib çıxarar. Ona görə də biz heab edirik ki, bu seçki kampaniyasında olan minimum imkanlardan istifadə edərək saxtakarlqları üzə çıxarmağa çalışaq və hakimiyyətin mahiyyətini Azərbaycan ictimaiyyətinin və beynəlxalq aləmin diqqətinə çatdıraq.
[b]- Arif bəy, deyirsiniz ki, hakimiyyət ildən ilə ölkədəki demokratik mühiti daha da pisləşdirir. Bunun səbəbi nədir? [/b]
- Bütün bunlar hakimiyyətin mahiyyətindən irəli gəlir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyətində feodal təfəkkürlü insanlar oturublar. Onlar yalnız öz şəxsi mənfelərini, qruplarının, ailələrinin mənafelərini düşünürlər. Demokratiyanın bərqərar olmasının mənafelərinə zərər vuracağını düşündüklərinə görə, dövlət strukturlarının imkanlarından istifadə edərək demokratik prosesin qarşısını alırlar. Bu gün hakimiyyət dərk edir ki, Azərbaycan cəmiyyətinin 90 faizindən çoxu onun siyasətindən narazıdır və kiçik bir demokratik siyasi proses başlayanda bu hakimiyyətin ömrü tükənəcək. Ona görə də normal demokratik prosesin qarşısını almaq üçün hər cür qanunsuz, anti-milli hərəkətlərə yol verməyə hazırdırlar.
[b]- Hakimiyyətin belə siyasətinə qarşı çıxa bilmirsə, onda bu müxalifət nəyə lazımdır? [/b]
- Hər halda biz ölkədə baş verən bu anti-milli siyasətin mahiyyətini Azərbaycan ictimaiyyətinə çatdıra bilirik. Bu gün Azərbaycanda olan avtoritar rejim klassik avtoritar rejimlərdən fərqlənir. Məsələn, bu hakimiyyətin Stalin dövründə olan avtoritar rejimdən fərqi ondadır ki, həmin dövrdə avtritarizm də, anti-milli siyasət də var idi, amma bununla belə sovet xalqı Stalinə və onun hökumətinə məhəbbətlə yanaşırdı, bunlara isə yalnız nifrət var. Ancaq bu gün müxalifətin, yarı-ayrı ziyalıların, mətbuatın fəaliyyəti ona gətirib çıxarıb ki, Azərbaycan cəmiyyəti dəyişilmək arzusundadır və bugünkü hakimiyyətin mahiyyətini dərk edir, onun apardığı siyasətin ölkə üçün faciəli olduğunu başa düşür.
[b]- Amma ortada nəticə yoxdur... [/b]
- Bu cür fəaliyyətin nəticəsi ondan ibarət olacaq ki, normal bir siyasi şərait yarandıqda, avtoritar rejim cəmiyyəti zorakılıq yolu ilə öz tabeçiliyində saxlaya bilmədiyi anda Azərbaycanda demokratik dəyişikliklər baş verəcək. Onda Gürcüstanda olduğu kimi, Azərbaycanda da qısa müddətdə demokratik cəmiyyətin qurulması istiqamətində sıçrayış baş verəcək. Ona görə də mən bizim fəaliyyətimizin nəticəsiz olduğunu düşünmürəm. Biz daim, ardıcıl şəkildə hakimiyyətin anti-milli siyasətinə qarşı öz mövqeyimizi ortalığa qoyuruq. Mən tam məsuliyyətimlə deyirəm ki, biz olmasaq, bu hakimiyyət insanların qanını içər.
[b]- Son günlər mətbuatda müzakirə olunan məsələlərdən biri də Müsavatla "Azadlıq" blokunun birliyidir... [/b]
- Bu mövzunu mətbuata Nurəddin Məmmədli gətirib. Guya belə bir müzakirələrin getməsi ilə bağlı fikirlər səsləndirib. Ancaq Nurəddin Məmmədlinin hansısa Müsavat funksioneri ilə bu barədə müzakirələr aparması barədə məndə heç bir məlumat yoxdur. Mən belə düşünürəm ki, siyasi qüvvələr arasında birliyə nail olunması üçün bu müzakirələr mətbuatda başlanmamalıdır. Əvvəl müzakirələr siyasi partiyalar arasında başlanmalı, müəyyən razılıqlar əldə olunmalı, müəyyən çərçivə sazişləri imzalanmalı və razılaşdırılmalıdır. Yalnız bundan sonra bu məsələ mətbuatın müzakirəsinə çıxarıla bilər. Təcrübəli siyasətçilər bilir ki, bir qayda olaraq, vaxtından əvvəl, heç bir müzakirə olmadan birlik məsələlərinin mətbuata çıxarılması belə birliklərin yaradılması yolunda maneələrə səbəb olur. Mən düşünmürəm ki, Nurəddin Məmmədli belə bir məqsəd güddüyü üçün bu yolu tutub. İnanmaq istəyirəm ki, o, doğrudan da Müsavat Partiyası ilə AXCP-nin birgə fəaliyyətinin tərəfdarıdır.
[b]- Amma deyəsən, bu əməkdaşlığa AXCP daha çox can atır, nəinki Müsavat. Çünki qeyd etdiyiniz kimi, AXCP tərəfi bu birliklə bağlı daha çox danışır və təbliğat aparır. [/b]
- Biz, daim AXCP ilə müttəfiqlik münasibətlərinin qurulmasının tərəfdarı olduğumuzu bəyan etmişik və bu gün də həmin mövqeyimizdə qalmaqda davam edirik. Heç bir şərt irəli sürmədən, bizim yanımızda hansısa siyasi qüvvələrin olması tələblərini qabaqcadan şərt kimi irəli sürməyərək, AXCP ilə əməkdaşlıq və müttəfiqlik münaibətlərinin qurulması istiqamətində müzakirələrə başlamağa hazırıq. Azərbaycan cəmiyyətində Müsavat və Xalq Cəbhəsi Partiyasının siyasi proseslərə təsiri barədə müxtəlif rəylər var və bu gün birlik məsələlərinin müzakirə olunduğu dövrdə bu rəylərin hansının həqiqətə daha çox uyğun olması barədə fikir səsləndirmək istəməzdim. Çünki hamı bu iki partiyanın siyasi proseslərə təsir imkanlarının nədən ibarət olduğunu bilir.
[b]- Bu təklif mətbuatda səslənəndə, Sərdar Cəlaloğlu, Fazil Qəzənfəroğlu bu birliyin perspektivini görmədiklərini bildirdilər. Razısınızmı? [/b]
- Fazil Qəzənfəroğlunun fikrləri məni maraqlandırmır, çünki mən adətən o cəbhədən gələn fikirlər barədə mövqeyimi müəyyənləşdirərkən əsasən Əli Həsənovun fikirlərini əsas götürürəm, çünki onlar ilkin fikirlərdir. Sərdar Cəlaloğlunun fikirlərinə gəlincə, mən onun fikirlərinin bir qədər təəccüblü olduğunu demişəm. Çünki Müsavatla Xalq Cəbhəsi Partiyası birlikdə uzun müddət blok yaradıb, birgə fəaliyyət göstərib. Elə Demokratik Konqres kimi bir təşkilatın mövcudluğu, Azərbaycanda ciddi siyasi proseslərin müəllifi olan SİDSUH kimi bir təşkilatın özü, 2005-ci ildə yaradılmış "Azadlıq" seçki bloku bu təşkilatların birgə olmasının kifayət qədər real olduğunu göstərib. Ona görə də bu birliyin qeyri-mümkün olması ilə bağlı Sərdar bəyin fikirlərin təəccüblə qarşıladım.
[b]- Ümumiyyətlə, 2010 parlament seçkilərində, o cümlədən növbəti ildə siyasi proseslərdə AXCP ilə Müsavatın birliyi nə vəd edir? [/b]
- Mən düşünmürəm ki, Azərbaycanda demokratik prosesin getməməsi ilə əlaqədar olaraq problemlərin səbəbi müxalifətin birliyinin olmamasıdır. 2003-cü il prezident seçkiləri göstərdi ki, müxalifət bir arada olmayanda da seçkilərdə müxalifətin qalib gəlmək imkanları var. 2000-ci il parlament seçkiləri göstərdi ki, heç bir seçki bloku olmadan da hakimiyyət üzərində qələbə çalmaq mümkündür. 2005-ci il parlament seçkiləri də göstərdi ki, bir neçə müxalifət partiyasının bir arada olması da kifayət edir ki, müxalifət seçkilərdə qalib gəlsin. Azərbaycan cəmiyyətinin əsas problemi demokratik şəriatin olmaması, hakimiyyətin demokratik dəyişikliklərə imkan verməmək üçün siyasət yürütməsidir. Eyni zamanda ölkədə normal seçki qanunvericiliyinin olmaması və digər amillər ölkənin demokratik keçidinin qarşısın alır. Azərbaycan cəmiyyəti və siyasi qüvvələr demokratiyaya keçidə hazırdır. Düşünürəm ki, əgər hakimiyyət Azərbaycanın demokratiyaya keçidinin qarşısının alınması istiqamətində külli miqdarda maliyyə vəsaiti xərcləməsəydi, bütün siyasətini inzibati amirlik sisteminin möhkəmlənməsinə yönəltməsəydi, ölkədə Ukraynadan, Gürcüstandan, hətta bir sıra Şərqi Avropa ölkələrindən daha inkişaf etmiş cəmiyyət qurulardı.