"Müsavatla "Azadlıq" blokunun birliyi ən uğursuz variantdır"

img

06-12-2009 [05:54]


[b]Sərdar Cəlaloğlu: "Nə qədər ki, Azərbaycanda demokratiya yoxdur, liderlər və partiyalar cəmiyyətin qarşısında aşkar rəqabət aparmaq imkanında deyillər, heç bir inteqrasiya olmayacaq"[/b] Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) "Azadlıq" bloku ilə Müsavatın qarşıdan gələn parlament seçkilərində birgə iştirakını təklif edib. Bundan əlavə, hər iki qurumun 2010-da birgə siyasi fəaliyyətinin reallaşması istiqamətində addımların atılması da müzakirəyə çıxarılıb. Amma ölkənin aparıcı müxalifət partiyalarından olan Azərbaycan Demokrat Partiyasının (ADP) bu birliyə qatılması nəzərdə tutulmayıb. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən ADP sədri Sərdar Cəlaloğlu isə yaranacaq birliyi alqışlasa da, perspektivinin olmayacağını düşünür. - Əgər belə bir ideya həqiqətən varsa, mən bunu alqışlayıram və xeyir dua verirəm. Hətta orda ADP olmasa belə, o qüvvələrin birləşməsi müsbət addımdır. Azərbaycan üçün inteqrasiya o qədər vacibdir ki, bizim iştirak etmədiyimiz inteqrasiyaları da alqışlayırıq. Amma çox təəssüf ki, bu cür inteqrasiyalarla bağlı acı təcrübələr olub. Biz bilirik ki, hansı müstəvidə və kimlər sözün həqiqi mənasında birlik yaradıb, fəaliyyət göstərə bilər. Bu baxımdan indi təklif edilən variant - "Azadlıq" bloku ilə Müsavat Partiyasının birliyi ən uğursuz, ən ağlasığmayan variantdır. Ola bilsin, bu, təşəbbüs naminə edilən cəhddir və guya müxalifətin birliyi yaranır, ideyasını formalaşdırırlar. Bir halda ki, hansısa partiyalar birləşirlər, biz bunu alqışlamalıyıq. Bu birlikdə ADP niyə nəzərdə tutulmur sualının cavabını isə mən yox, onlar verməlidirlər. Çünki bu ideya onlar tərəfdən irəli sürülür. Mən bilmirəm ki, onlar hansı ideyanı əsas tutublar və ADP nəyə görə burada yoxdur. Amma hər halda hesab edirəm ki, əgər bu qüvvələr həqiqətən də birlik yaradacaqlarsa, bunun özü cəmiyyətimizə böyük bir sürpriz olacaq. [b]- Sərdar bəy, bu günə kimi müxalifətin xeyli sayda birliyi yaradılıb, amma həmin birliklərin ömrü uzun olmayıb. Bu birliyi də eyni aqibət gözləyirmi?[/b] - Nə qədər ki, Azərbaycanda demokratiya yoxdur, demokratik seçki keçirilmir, liderlər və partiyalar cəmiyyətin qarşısında aşkar rəqabət aparmaq imkanında deyillər, nəinki müxalifətdə, hakimiyyətdə də, cəmiyyətdə də heç bir inteqrasiya olmayacaq. Hətta ailələrin özündə də interqasiyadan söhbət gedə bilməz. Çünki bütün bunlar bir-biri ilə bağlı məsələlərdir və bunların hamısı demokratiyanın əlamətləridir. O yerdə ki, demokratiya yoxdur, təbii ki, inteqrasiya da mümkün deyil. Burada güc, ağıl, təcrübə rol oynamır, həm də razılaşma rol oynayır. Razılaşma isə demokratik bir dəyərdir. Razılaşma əhval-ruhiyyəsi olmayanların inteqrasiyaya getməsi, sadəcə, tabe etdirmə ola bilər, yəni ağa, qul münasibəti kimi. Onun da ömrü uzun ola bilməz. [b]- Siz hakimiyyətin də inteqrasiya edə bilməməsindən danışdınız, amma hakim komanda hər zaman lazımi məqamda vahid mövqedən çıxış edə bilir... [/b] - Bu, hakimiyyətin təbiəti ilə bağlı olan məsələdir. Söhbət hakimiyyəti təmsil edən insanlardan gedir. Dövlət bir sturkturdur, buradakı strukturlar bir-biri ilə əlaqəlidir. Bu əlaqələr hesabına müxalifətdən fərqli olaraq, hakimiyyətdə zahiri birlik görsənir. Əks halda dövlət dağıla bilər. Amma içəridə subyektiv birlik iqtidarın özündə də həddindən artıq zəifdir. Bunu zaman-zaman iqtidarın içindən çıxan ziddiyyətlərdən də görürük. Müxalifətin birliyi isə rəsmi strukturda olmadığına görə, özündəki zəifliyi ifadə edir. [b]- Müxalifətin geniş spektri Qarabağ və Respublika Uğrunda Hərəkatda bilrəşmişdi, amma mənfi nəticə göz qabağında oldu. Necə düşünürsünüz, indi daha geniş spektrli birlik alınmadı deyəmi, daha az saylı partiyanın birliyini yaradırlar? [/b] - Mənə elə gəlir ki, Azərbaycanın problemi yeni birlik yox, uzunömürlü birlik modellərinin yaradılmasıdır. Demokratiya ilə bağlı məşhur bir məsəl var: demokratiyanın qüsuru saydan yox, keyfiyyətdən qaynaqlanır. Yəni min nəfər adam olsun, əgər onların arasında demokratik dəyərlər, prinsiplər əsas götürülməsə, demokratiya üçün bir şey edə bilməzlər. Amma iki-üç nəfər olub, demokratik prinsipləri əsas götürsələr, orada demokratiya inkişaf edəcək. Bu baxımdan sayın məsələyə aidiyyatı yoxdur, əsas birlikdir. Məqsəd birlik yaratmaq deyilsə, kələk gəlməkdirsə, təbii ki, orada dayanıqlı birlikdən, effektli əməkdaşlıqdan söhbət gedə bilməz. Yox əgər söhbət sözün həqiqi mənasında əməkdaşlıqdan gedirsə, qarşılıqlı münasibətlər səmimi qurulursa, onda orda partiyaların çox olması belə birliyi gücləndirir. Bizdə sayın problemi deyil, keyfiyyətin problemi var. [b]- Bu gün müxalifətin birliyinin yaranmasını istəməyən, onu dağıdanlar kimlərdir? [/b] - Bir məsəl var, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Azərbaycanda kim ki, birliyin əleyhinədir, onlar həmişə birliklərdən danışır, birlik yaratmaq təşəbbüslərində olurlar. [b]- Söhbət AXCP-dən gedir? [/b] - Mən, AXCP-nin adını çəkmədim. Deyirəm ki, birliyi yaradırlar, birlik yaratmaq haqqında danışmırlar. Bilirsiniz, birlik yaratmaq istəmək gözəl bir şeydir. Amma birlik yaratmağa cəhd etmək başqa, təcrübə başqa, niyyət başqa şeydir. Hitlerin bir sözü var, deyir, birliklər yaradılanda bəzən ora daxil olan qüvvələri zəiflədir. Bu baxımdan, birlik yarandı deyə kimsə güclənəcək, kimsə qabağa çıxacaq demək düzgün deyil. İkincisi, Azərbaycanda bir təcrübə var, hamı bilir ki, kimlər dağıdıcılıqla məşğul olur, kimlər birliyə meyllidir. Bütün bunlara baxmayaraq, mən keçmişi əsas götürməklə gələcəyə getməyin çətin olduğunu başa düşürəm. Ona görə də hesab edirəm ki, əgər AXCP ilə Müsavat birləşmək istəyirsə, bütün cəmiyyət bunu alqışlamalıdır. Hər birimiz də əlimizdən gələni eləməliyik ki, bu iki qüvvə birləşsin. Yox, əgər birləşməyəcəklərsə, onun günahı bizdə olmayacaq. [b]- Deyirsiniz ki, birliyi dağıdanları hamı tanıyır... [/b] [i]- (Sözümüzü kəsərək)[/i] Mən onu söz mənasında dedim. Jurnalistsiniz, uzun müddətdir Azərbaycanda yaşayırsınız, baş verənləri də çox gözəl bilirsiniz, ayrı-ayrı birliklərin yaranması və dağılması tarixçəsi sizə məlumdur. [b]- Mən də istəyirəm ki, ünvanları Siz göstərəsiniz... [/b] - Elə məsələlər var ki, mən onları siyasətçi kimi deyəndə artıq siyasi mövqe nümayiş etdirmiş oluram. Siz həqiqəti tapmaq istəyirsinizsə, gərək məsələyə siyasətçi kimi yanaşmayasınız. Mən isə həm siyasətçi, həm də ekspert kimi çıxış edə bilmərəm. Yəni mənim istənilən mövqeyim konyuktura olacaq. [b]- Belə çıxır ki, polemika yaranmaması, Sizə hücumların olmaması üçün nəsə demirsiniz...[/b] - Qətiyyən. Mən öz mövqeyimin konyuktur olduğunu deyirəm. Çünki siyasətlə məşğulam. Bu, dini icma deyil, dini fəaliyyətlə məşğul deyilik ki, həqiqəti deyək. Siyasətçi özünə lazım olan qədər düzü deyir, yaxud özünə lazım olan həqiqəti söyləyir. Cəmiyyətin özünün də düzü var. Mənə elə gəlir ki, jurnalist kimi bu məsələləri üzə çıxarmağınız daha məqsədəuyğundur və daha ədalətli olar. [b]- Qarşıdan gələn parlament seçkilərində - "Azadlıq" bloku və Müsavat Partiyasının birliyi yaranacağı təqdirdə - ADP hansı formada fəaliyyətini davam etdirəcək? [/b] - Öncə onu deyim ki, indiki halda parlament seçkilərini gündəmə gətirmək bələdiyyə seçkilərindən diqqəti yayındırmaqdır. Bunun özü bir daha demokratiyaya zərbədir. Çünki yerli özünüidarəetmə demokratik institutların içərisində ən gənci və ən vacibidir. Bu baxımdan biz xalqın diqqətini bələdiyyələrə yönəltməliyik. Xüsusən də indiki korrupsiya və rüşvət şəraitində yerlərdə problemlərin həll edilməsinin vacib olduğu bir vaxtda yerli hakimiyyətin əhmiyyətini önə çəkməliyik. Belə bir vaxtda kiminsə hələ gələn il keçiriləcək seçkilər barədə danışması, ictimaiyyətin diqqətini ora yönəltməsi məni bağışlayın, mən burada artıq başqa məqsədlərdən, niyyətlərdən söhbət getdiyini qəbul edirəm. Düşünürəm ki, burada məqsəd bələdiyyə seçkilərinə diqqəti azaltmağa, fikri yayındırmağa, bələdiyyə seçkilərində bulanıq suda balıq tutmaq istəyinin reallaşmasına hesablanıb. [b]- AXCP-nin, yaxud Müsavatın belə bir məqsəd güdməkdə hansı marağı olar bilər? [/b] - Mən, nə AXCP-nin, nə Müsavatın birlik ideyası ilə bağlı mövqeyi ilə tanış deyiləm. Sadəcə olaraq, bu barədə nəzəri olaraq mövqeyimi bildirirəm. Bu gün bələdiyyə seçkilərinə 20 gün qalıb. İndi belə bir məqamda seçkidə iştirak edə-edə bələdiyyə seçkilərini bir kənara qoyub, sonrakı seçkini gündəmə gətirirlərsə, onda iki nəticə çıxır, ya bu seçkilər həmin qüvvələr üçün heç bir əhmiyyət kəsb eləmir, onda da niyə iştirak edirlər, ya da başqa seçkini gündəmə gətirməklə bu seçkini gözardı edirlər. Bunun başqa izahı yoxdur. [b]- Belə izah edirlər ki, budəfəki seçkidə uduzacaqlarını bildikləri üçün növbəti seçkiyə hazırlaşırlar... [/b] - Bilirsiniz, siyasətçidə idmançı şüuru olmalıdır. Yarışlarda hansısa idmançı iştirak edir və bilir ki, rəqibi olan dünya çempionuna uduzacaq. Amma bununla belə, mübarizə müstəvisində uduzmağı özü üçün qələbə hesab edir. Müxalifətin tərəf kimi seçkidə iştirak edib uduzmağı da bir qələbədir. İqtidar partiya şəklində seçkidə iştirak edir və televiziya imkanı əldə etsə də, bundan imtina edir. Bunun özü elə bizim qələbəmizdir. Yəni rəqibsiz, "döşək çempionu" olmaqdan çəkinir. Əvvəla, heç kəs deyə bilməz ki, kim qalib, kim məğlub olacaq. Faktiki olaraq, müxalifət məğlub olmayacaq, biz bunu bilirik. İctimai rəydə narazı elektoratın həcmi bizə məlumdur ki, bu qədər narazılıq olan yerdə müxalifətin uduzmaq ehtimalı yoxdur. Qaldı ki, seçkilər saxtalaşdırılacaq, ağa qara deyiləcək, bu ənənəvi şeydir, hamıya məlumdur. Kimsə cinayət edib bizim haqqımızı vermirsə, bunu özümüzün məğlubiyyəti hesab eləmirəm. Əsas məsələ odur ki, biz, rəqibimiz olan hakimiyyətlə döşəyə çıxaq, mübarizə aparaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA