06-12-2009 [05:25]
[b]Qüdrət Həsənquliyev: "Hakimiyyətdəki bəzi qüvvələr istəyirlər ki, Dağlıq Qarabağın itirilməsini özündə ehtiva edən sazişə prezident imza atsın. Onları yalnız Bakı, Abşeron yarımadası, neft və qaz düşündürür" [/b]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə çox az vaxt qalıb. Hakim Yeni Azərbaycan Partiyasından başqa heç bir siyasi təşkilat gözlənilən qədər namizədlə prosesə qoşula bilmədi. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bələdiyyə seçkiləri ərəfəsində də siyasi fəallığın olmamasının səbəbini açıqladı:
- Biz əvvəldən də demişdik ki, əhali arasında bələdiyyə seçkilərinə maraq çox azdır. Ona görə ki, bələdiyyələrin statusu aşağıdır və bələdiyyələr yaranandan bəri xalqın gözləntiləri özünü doğrultmadı. Bakı şəhəri istisna olmaqla, digər bələdiyyələr dotasiya ilə işləyir. Büdcədən isə bələdiyyələrə çox cüzi - cəmi 3 milyon manat, amma ən kiçik rayona belə, 10-15 milyon vəsait ayrılır. Bələdiyyələrin maliyyəsi olmadığı, icra strukturlarından asılı bir quruma çevrildiyi üçün insanlar bu seçkiyə maraq göstərmirlər. Biz çox çalışdıq ki, üzvlərimiz seçkiyə qatılsın. Amma partiya rəhbərliyində olan bir çox şəxslər də daxil olmaqla, buna maraq göstərilmədi. Rəhbərlikdən də üç-dörd nəfər namizədliyini verdi. Nəticədə 1020 nəfərin namizədliyini rəsmi şəkildə MSK-ya təqdim etdik, onlardan 263 nəfərin namizədliyi qeydə alınıb. Əksəriyyəti kifayət qədər əsas olmadan qeydə alınmadı. Maraqlıdır ki, MSK digər partiyaların şikayətinə baxsa da, bizim şikayətə baxılmadı.
[b]- Necə düşünürsünüz, namizədlərin azlığı partiyaların potensialını göstərir, yoxsa... [/b]
- Qətiyyən o fikirdə deyiləm ki, YAP-dan başqa digər partiyaların real potensialı budur. Mən, hər zaman vəziyyətin nə dərəcədə ağır olmasına baxmayaraq, bütün seçkilərdə iştrakın tərəfdarı olmuşam. Hesab edirəm, seçki kampaniyası imkan verir ki, minimal da olsa, partiyanı təbliğ edəsən.
[b]- BAXCP üzvü olamaq namizədlərinizə problem yaradacaq, yoxsa əlavə şans verəcək? [/b]
- Deyə bilmərəm ki, nə qədər adam keçəcək. Əgər o adamları da buraxmasalar, iqtidar necə təbliğat kampaniyasında tək qaldı, seçkidə də tək qalacaq, qoy bütün bələdiyyə üzvlərinin hamısı YAP-çı olsun. Bunun isə Azərbaycanla bağlı hansı imici yaradacağı bəllidir. Yəni Azərbaycanda təkpartiyalı sistem qurmaq ağır nəticələr doğuracaq. Hazırkı şərait isə onu göstərir ki, çoxpartiyalı sistem iflasa uğrayır. Azərbaycan təkpartiyalı siyasi sistemə doğru gedir. Müxalifət partiyalarının sosial bazası daralır, insanların siyasi partiyalara marağı ölür, ümumiyyətlə, siyasətdən üz döndərirlər. YAP-a tanınan imkanın cüzi hissəsi digər partiyalara tanınmır. Məsələn, bizim partiyanın hazırda yerləşdiyi qərargahla bağlı 6 aylıq icarə müqaviləsi bağlayırlar. Sonra müraciət etdikdə isə müqaviləni uzatmırlar. Qərargahımızı özəlləşdirmək üçün müraciət edirik, müraciətimizə baxmırlar. Amma YAP-a bu imkanlar tanınır. Nəyə görə YAP-a olar, biz yox?
[b]- Yenə də qərargahdan çıxarılmaq təhlükəniz var? [/b]
- Bir dəfə bizi məcbur elədilər, qərargahdan çıxdıq. İndiki yerimiz əvvəlkindən də kiçikdir, şəraiti də yaxşı deyil. Əlavə iki otaq var, onların bizə verilməsi ilə bağlı müraciət etmişik. Bir ildir həmin otaqlar üfunət içərisində qalıb, amma onu bizə icarəyə vermirlər. Bu da bizə münasibətin göstəricisidir. Bildiyimə görə, Ədalət Partiyasının, BQP-nin, ALDP-nin də qərargahla bağlı bizim kimi problemi var.
[b]- Amma sözügedən partiyalarla müqayisdə iqtidarın Sizə qarşı münasibətinin daha aqressiv olduğu nəzərə çarpır... [/b]
- Görünür, bu məsələdə icra strukturlarındakı müəyyən adamların mənə və bizim partiyaya neqativ münasibəti rol oynayır. Hakimiyyətin ümumi siyasətindən əlavə, hakimiyyət daxilində də bir ayrıseçkilik edilir. Yəni iqtidardakı müəyyən qüvvələr bizə qarşı belə münasibət göstərirlər.
[b]- Sizə qarşı olan bu münasibət parlamentdə bir çox məmurları tənqid etmənizlə bağlı deyil ki? Məsələn, AZAL-ın prezidenti Cahangir Əsgərovun ünvanına tənqidi fikirlər səsləndirdiniz... [/b]
- Mən dediyim fikirlərin arxasında dururam. Naxçıvana təyyarə biletlərinin qiymətinin artırılması məsələsini qaldırsam da, təəssüf ki, həmin problem olduğu kimi qalır. Amma mən bu gün də o fikirdə qalıram. Necə olur, Tağı Əhmədov deyir ki, metropolitendə bir nəfəri daşımaq 49 qəpiyə başa gəlir, amma onu 15 qəpiyə daşıyırlar. Yəni üç dəfədən də ucuz qiymətə aparırlar. Ancaq deyirlər ki, Naxçıvana təyyarədə gediş 95 manata başa gəlir, onun 20 faizini dövlət ödəyir. Halbuki mən əminəm ki, bu, 95 manata başa gəlmir. Naxçıvan sakinlərinin həyat səviyyəsi Bakı sakinlərindən yaxşıdır ki, onlara güzəş edilmir? Özü də təyyarələrdə boş yer qalmır. Ona görə də hesab edirəm ki, Naxçıvanın blokada da olmasını nəzərə alaraq, təyyarədə gediş haqqı endirilməlidir. Belə davam edərsə, Naxçıvandan Bakıya köç davam edəcək. Naxçıvanın kəndlərində çoxlu evlər var ki, qapısı qıfıllıdır, yaşayış yoxdur. Amma elə etməliyik ki, Naxçıvanda vəziyyət daha yaxşı olsun və insanlar ora rahat gedib-gəlsinlər.
AZAL-la bağlı digər məsələyə gəlincə, faktın araşdırılması ilə bağlı müraciət etmişdi. Dünən baş prokurorun birinci müavini Rüstəm Usubov mənə məktub göndərib ki, müraciətim araşdırılmaq üçün Daxili İşlər Nazirliyinə göndərilib. Başqa hər hansı məlumatım yoxdur.
[b]- Bəs, AZAL-la bağlı qaldırdığınız məsələ ətrafında Naxçıvandan seçilən millət vəkilləri niyə susurlar? [/b]
- Çünki Naxçıvandan seçilən millət vəkilləri hakim partiyanın üzvləridir. Komitənin iclasında Eldar İbrahimov da buna qarşı çıxdı, amma dərinə gedə bilmirdilər. Mən inanmıram ki, Naxçıvan rəhbərliyi, millət vəkilləri buna müsbət baxsınlar. Görünür, onlar təmsil olunduqları hökumətə qarşı çıxmaq istəmirlər.
[b]- Əslində bu güzəşt AZAL-ın büdcəsi üçün böyük məbləğ olmasa da, qiymət artımında israr edirlər... [/b]
- Təbii ki, onlar özləri bu məsələni qaldırıblar, hökuməti, tarif şurasını, prezidenti inandırıblar ki, vəziyyət ağırdır və bunu etməyə məcburdurlar. Digər ölkələrə baxanda Naxçıvana gediş haqqı iki-üç dəfə artıqdır. Yəqin ki, prezidentə məruzə olunanda başqa fikirlər deyilir.
[b]- Cahangir Əsgərov Sizin fikirlərinizə reaksiya veribmi? [/b]
- Çox təəssüf ki, bu cür tənqidlərə hər hansı bir reaksiya verilmir. O mədəniyyət hələ formalaşmayıb ki, öz addımlarını əsaslandırsınlar. Cavab verəndə də faktları söyləyən şəxsi etikadan kənar formada yalançılıqda ittiham edirlər.
[b]- Qüdrət bəy, Rusiya ilə bağlı təklifiniz müxalifət tərəfindən sərt reaksiya ilə qarşılandı... [/b]
- Sərt reaksiyanı verən Pənah Hüseyn oldu. Bizim "Yeni Müsavat" qəzetində polemikamız olub, Pənah Hüseyn özü etiraf edir ki, hətta Əblüfəz Elçibəy hakimiyyət dövründə də Rusiyaya bu tipli təkliflər olub. Yəni o vaxt Pənah Hüseynin özü Rusiyaya bu tipli təkliflər verib. Ardınca da deyirdi ki, Elçibəy hakimiyyəti dövründə birinci dövlətlərarası saziş Rusiya ilə bağlanıb, Qəbələ RLS-dən Rusiyanın istifadəsinin davam etməsi barədə müqaviləni Elçibəy hakimiyyəti imzalayıb. Mən başa düşmürəm, əgər bunu öz hakimiyyətləri dönəmində veriblərsə, indi niyə əleyhinə çıxırlar?
Pənah bəy deyir ki, Qüdrət bəyin təklifləri anti-millidir, bəs onda bu anti-milli təklifləri niyə o zaman özü verib? Mən bu təklifi ona görə irəli sürmüşəm ki, Azərbaycan beynəlxalq birlik tərəfindən Ermənistan-Rusiya hərbi-siyasi bloku qarşısında tək buraxılıb. Azərbaycana təklif olunan Madrid prinsipləri əslində Kosova probleminin həlli modeli kimidir. Bu gün faktiki olaraq, Azərbayan Dağlıq Qarabağı itirmək təhlükəsi ilə üz-üzədir. Dünya bizə qarşı birləşib. Bizim ən yaxın müttəfiqimiz Türkiyəni də arxamızdan çəkirlər. İndi Türkiyəni bizdən necə ayırmaq istəyirlərsə, biz də Rusiyanı Ermənistandan ayıraq. Rusiyanı öz tərəfimizə çəkə bilməsək də, ən azından bu münaqişəyə müdaxilə eləməməsinə nail olarıq. Bu zaman isə öz torpaqlarımızı azad edək. Bunun üçün də Rusiyaya müəyyən güzəştlərə getmək olar. Tərəzinin bir gözünə Qarabağın itirilməsini, o biri gözünə Rusiyanın hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini, yaxud da kollektiv təhlükəsizlik müqaviləsinə üzv olmasını qoyuram. Görürəm ki, Qarabağı itirməmək naminə bu addımı ata bilərik.
[b]- Sizin bu təklifinizə iqtidarın münasibəti necədir? [/b]
- İqtidarla Pənah Hüseynin münasibəti təqribən eynidir. Məndə şübhələr var ki, Pənah Hüseyn hakimiyyətdən kimlərdənsə aldığı təlimatlar əsasında buna qarşı belə aqressivlik nümayiş etdirir. Ona görə ki, o, vaxtiylə özü bu təklifləri Rusiyaya verib. Yəni vaxtiylə özünün verdiyi təklifə indi aqressiv yanaşırsa, deməli, bu, sifarişdir. İqtidar düşərgəsindən isə Mübariz Qurbanlı bildirir ki, Azərbaycan heç bir hərbi-siyasi bloka qoşulmaq istəmir. Mən isə hesab edirəm ki, müharibə aparan dövlət özünə hərbi müttəfiqlər tapmalıdır. Vaxtiylə mən deyirdim ki, Türkiyə ilə əlaqələri genişləndirmək, ciddi işləmək lazımdır. O vaxt deyirdim ki, Türkiyəni qardaşımız bilirik, amma zaman gələ bilər və görərik ki, Türkiyə Ermənistanın yanındadır. Üç il bundan qabaq bu fikirləri parlamentdə söyləmişəm. Yəni o vaxt Türkiyənin mövqeyində Ermənistana yaxınlaşması ilə bağlı təhlükəni görürdüm.
[b]- İndiyə kimi müxalifətin bir hissəsi Azərbaycan iqtidarını Qərbin əvəzinə Rusiyanı seçməkdə ittiham edib. İndi isə Rusiyaya yaxınlaşmaqla bağlı təklifə belə reaksiya verilir... [/b]
- Burada maraqlı nüanslar var. Məsələn, Pənah Hüseyn deyir ki, bu hakimiyyətin siyasətini Azərbaycanın maraqlarına zidd hesab etsək də, prinsip etibarı ilə bir sıra məqamlarda xarici siyasətdə iqtidarın mövqeyini bölüşürəm. Yəni Pənah Hüseyn hakimiyyətin balanslaşdırılmış siyasətini dəstəkləyir. Mən isə deyirəm ki, Azərbaycan seçim etməlidir. İki pisdən birini seçməlidir. Ya Qarabağın itirilməsi ilə razılaşmalı, ya da Rusiyaya yaxınlaşmalıdır. Mən bu iki pisdən Rusiyaya yaxınlaşmanın seçilməsinin tərəfdarıyam.
20 ildir ki, danışıqlar gedir. Kim deyirsə ki, danışıqlar Qarabağı bizə yaxınlaşdırır, əksinə, elə deyil, hər keçən gün Qarabağı bizdən uzaqlaşdırır. Qərb isə Qarabağın itirilməsinin rəsmiləşdirilməsini istəyir.
Düzdür, mən hər zaman hərb yolunu müdafiə etmişəm, indi də onun tərəfdarıyam. Biz hətta Rusiyanı razı salsaq belə, problemin tam ədalətli həllinə nail ola bilməyəcəyik. Qarabağ probleminin Azərbaycanın tam maraqlarına uyğun həlli uğurlu hərbi əməliyyatdan keçir. Mən də ölkənin hərbi reys üzərinə keçməsinin tərəfdarıyam. Amma bu baş vermədiyi və cəmiyyət müharibə istəmədiyi təqdirdə başqa yolumuz qalmır. Bu gün ana müxalifət də deyir ki, münaqişəni sülh yolu ilə həll edəcəm, iqtidar da. Yenə prezident sağ olsun, hərdən bir bəyanat verir ki, problemi hərb yolu ilə həll edəcəyik. Amma ermənilər görür ki, Azərbaycan müharibə edib torpaqlarını azad etmək fikirində deyil, güzəştə getmək barədə düşünmür. Bu məsələdə ən acınacaqlısı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun tutduğu mövqedir. Diqqət yetirsəniz görəsiniz ki, prezident burda işğalçı Ermənstanı hədələyir, xarici işlər naziri Elmar Məmmədyarov isə prezidentdən 180 dərəcə fərqli mövqedən çıxış edir. Hələ dünyada prezidentlə xarici işlər nazirinin mövqeyinin bu dərəcədə fərqlənməsi ilə bağlı tendensiya yoxdur. Prezident beynəlxalq təşkilarları tənqid edir ki, məsələnin həlli ilə bağlı lazımi səy göstərilmir, amma Elmar Məmmədyarov BMT-də deyir ki, narahat olmayın, danışıqlarda irəliləyiş var. Guya ki, BMT-dəki dövlətlərin torpaqları işğal olunub, bu da onlara təskinlik verir. Elmar Məmmədyarov onları qınamaq, BMT qətnamələrinin qəbulunu tələb etmək əvəzinə, uğurlu danışıqlardan söz açır.
[b]- Elmar Məmmədyarovu uğursuz diplomat sayırsınız? [/b]
- Əlbəttə. Mən o fikirdəyəm ki, Elmar Məmmədyarov uğursuz kadrdır. Onun mövqeyi də, fəaliyyəti də Azərbaycanın milli maraqlarına cavab vermir.
Onu da deyim ki, iqtidarda milli maraqlarımızı düşünməyən şəxslər bu gün də mövqelərini qoruya biliblər. Həmin qüvvələr nəyin bahasına olursa-olsun Qarabağ probleminin həll olunmasını istəyirlər. Bu səbəbdən də düşünürəm ki, prezidentə ən böyük təzyiq xaricdən yox, daxildən olacaq. Yəni hakimiyyətdəki bəzi qüvvələr istəyirlər ki, Dağlıq Qarabağın itirilməsini özündə ehtiva edən sazişə prezident imza atsın. Onları yalnız Bakı, Abşeron yarımadası, neft və qaz düşündürür. Onlara övladlarının xaricdə kef eləməsi lazımdır, Qarabağ yox.
[b]- Həmin qüvvələr bir o qədər güclüdürlər ki? [/b]
- Bəli. Təsəvvür edin, hətta onlar bu barədə açıq danışmaqdan da çəkinmirlər. Əgər bu gün hakimiyyətdəki bəzi şəxslər açıq şəkildə "Atasının həll edə bilmədiyi problemi İlham Əliyevin həll edə bilməz, Qarabağ onsuz da gedib",- deyirlərsə, deməli, vəziyyət gərgindir. Günün birində həmin şəxslər bu sözü prezidentin yanında da deyəcəklər.