Həsrət Rüstəmov Masallının icra bazçısının cəzalandırılmasını tələb edir

img

04-12-2009 [01:45]


ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Masallı rayonunda bu yaxınlarda baş verən hadisələrə dair fikirlərini bildirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, H.Rüstəqmov Azərbaycanın cənub bölgəsindəki rayonların əhalisinin çoxdandır ki, iqtidarın səhv kadr siyasətindən əziyyət çəkdiklərini bilidirib: "Bu gün Masallıda baş verənlər vətəndaşın əlində olan hər şeyi qamarlayan, insanları şəxsi mülkiyyətindən məhrum edən və ya qazancının bir hissəsinə qeyri qanuni şərik olan kiçik padşahların icra başçılarının acgözlüyünün və tamahkarlığının nəticəsi kimi meydana çıxıb. İcra başçılarının xüsusi mülkiyyətə qəsdlə xarakterizə olunan qanunazidd əməlləri təkcə bu bölgəyə xas olmasa da, Masallıda, Lənkəranda və bölgənin digər rayonlarında icra başçıları və polis rəislərinin heç birinin əslən bu bölgədən olmaması, müəyyən xüsusiyyətlərinə görə spesifik və həssas olan bu regionun əhalisini, onların adət-ənənələrini bilməməsi də bu cür konfliktlərin meydana gəlməsinin əsas səbəblərindən biridir. Yerli iş adamı Cingiz Həşimov və onun oglu Yavər Həşimovun xuliqanlıqda ittiham olunaraq həbs edilməsi ilə başlayan Masallı böhranı, məhz bölgəni yaxşı tanımayan, kənardan gətirilən icra başçısı Qəzənfər Ağayevin səbatsız və səriştəsizliyinin, idarəetməni bacarmadığının təzahürüdür. Bu konfliktin kökündə duran amil isə kənardan gələnlərin yerli müəssisələri zorla özününküləşdirməsi, işlək obyektlərin yerli iş adamlarının əlindən alınmasıdır. Araşdırma aparılsa görüləcək ki, bu bölgədə gəlir gətirən bütün iri və orta bizness şəbəkəsi tamamilə bölgəyə aidiyyatı olmayan, burada yaşamayan ünsürlərin əlinə keçib. Bu isə gələcəkdə indi qarşılaşdığımız konfliktlərdən daha ciddi hadisələrə yol aça bilər. Ən pisi isə odur ki, hazırda bu məsələ ilə əlaqədar rayonda böyük gərginlik yaşanır, aclıq aksiyası keçirilir, amma respublika rəhbərliyindən heç kim bu məsələyə münasibət bildirmək istəmir. Belə qənaət yaranır ki, həqiqətən də hər rayonun öz padşahı var və mərkəzi hökümət onların işinə qarışa bilmir. Dövlətin konstitusiya ilə üzərinə götürdüyü əsas öhdəlik vətəndaşı, onun əmlakını və xüsusi mülkiyyəti, yəni dövlət büdcəsinə vergi ödəyənləri hər cür qanunsuz müdaxilədən qorumaqdan ibarətdir. Əgər vətəndaşı məmur şərləyib tutdurursa və dövlət də dinmirsə, burdan iki nəticə cıxır, ya dövlət elə vətəndaşı tutduran icra başçısıdır, ya da dövlət yoxdur. ADP funksionerinin sözlərinə görə, Masallıda baş verənlər bir siqnaldır: "Fikrimcə mərkəzi hökumət rayonda qarşıdurmaya səbəb olmuş icra başçısını dərhal cəzalandırmalı, Həşimovları isə azad etməlidir. Bu cür hadisələrin başqa rayonlarda da təkrar baş verməməsi üçün isə kadrlar təyin edilərkən Masallı böhranından nəticə çıxarılmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA