Deputatlarımız MDB Parlamentlərarası Assambleyasının 33-cü plenar iclasına qatılacaq

img

01-12-2009 [01:53]


Azərbaycan parlamentinin nümayəndə heyəti dekabrın 2-dən 4-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək MDB Parlamentlərarası Assambleyasının 33-cü plenar iclasında və Tavriya sarayının 220 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edəcək. Parlamentin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Elton Məmmədov, Fəzail Ağamalı və Ərəstun Cavadov daxildirlər. Öncə MDB PA Şurasının iclasında bir sıra təşkilati məsələlərə baxılacaq, quruma üzv olan dövlətlərin ekoloji təhlükəsizliyinə dair Konvensiyanın yeni redaksiyası və II Neva beynəlxalq ekoloji konqresinin yekunları nəzərdən keçiriləcək, MDB ölkələrinin sərhədyanı əməkdaşlığına dair Konvensiyaya Əlavə müzakirəyə çıxarılacaq, 2005-2010-cu illərdə MDB-də milli qanunvericiliklərin yaxınlaşdırılmasına və model qanunvericiliyə dair Perspektiv plana dəyişikliklər ediləcək, müxtəlif tədbirlərə dair qətnamələr qəbul olunacaq. MDB Parlamentlərarası Assambleyasının 33-cü plenar iclasında qurumun Sosial siyasət və insan hüquqları üzrə Daimi Komissiyasının sədri, Milli Məclisin deputatı Arif Rəhimzadə ?Dövlətdə uşaq hüquqlarının əsas təminatları haqqında? model qanunun yeni redaksiyası, həmçinin ?qırmızı xaç? və ?qızıl aypara? emblemlərinin istifadəsinə və qorunmasına dair model qanun barədə məruzələr edəcək, ?Dəniz gəmiçiliyində əmək haqqında? Beynəlxalq Konvensiyanın ratifikasiyasına dair məsələni təqdim edəcək. Deputatlarımız qurumun komissiya iclaslarına da qatılacaqlar. Fəzail Ağamalı MDB PA-nın Dövlət quruculuğu təcrübəsinin və yerli özünüidarəetmənin öyrənilməsi üzrə, Ərəstun Cavadov isə Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyaların iclaslarında müzakirəyə çıxarılan məsələlər ətrafında çıxış edəcək, mövqelərini bildirəcəklər. Səfər dekabrın 4-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA