2010 büdcə layihəsi Milli Məclisdə səsçoxluğu ilə təsdiqləndi (YENiLƏNiB)

img

26-11-2009 [12:27]


Bu gün Milli Məclisin növbəti iclasında Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu, 2010-cu il üçün ehtiyac meyarının həddi, Milli Məclisin və Hesablama Palatasının 2010-cu il üçün xərclər smetaları müzakirə olunub. Milli Məclisin sədri Oqtay Əsədov deputatlara investisiya proqramına dair təkliflərini büdcə layihəsinin müzakirəsində deyil, martda hökumətin hesabatı zamanı təqdim etməyi tövsiyə edib. Spiker bildirib ki, belə olan halda hökumətin bu təklifləri dövlət büdcəsinin layihəsi hazırlanarkən nəzərə alması da asanlaşacaq. Gələn ilki büdcənin gəlirləri 10 015 milyon manat, xərcləri 11 264 milyon manat, büdcə kəsiri isə 1 249 milyon manat həcmində proqnozlaşdırılıb. Hökumətin yenidən parlamentə qaytardığı sənəddə yalnız cüzi dəyişikliklər var. Xüsusən elm sahəsi və tarixi abidələrin bərpasına ayrılan xərclərə bəzi dəyişikliklər edilib. 2010-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar səviyyəsində nəzərdə tutulub. Dövlət büdcəsi barədə yekun söz deyən maliyyə naziri Samir Şərifov bildirib ki, hökumət parlamentdə səslənən təklifləri dəyərləndirib və icmal büdcəsini artıraraq 12 milyard 636 milyon manata çatdırıb: ?Dövlət büdcəsinin isə daxili xərclərində dəyişiklik edilib, bəzi xərclər azaldılıb, bəzi xərclər artırılıb?. Samir Şərifov bildirib ki, dövlət büdcəsinin ümumi xərclərində artım baş verməyib. Büdcə xərclərinin daxilində isə bəzi dəyişikliklər edilib. Birinci müzakirələrdə çıxış edən 70-dən çox deputatın fikirləri və təklifləri hökumət tərəfindən təhlil olunub və onların bəziləri nəzərə alınıb. Eyni zamanda, deputatların bəzi sahələr üzrə vəsaitlərin artırılmasına dair təklifləri də nəzərə aılınıb və artırılıb. Belə ki, büdcədə alternativ enerji mənbələrinin işlənilməsi, o cümlədən ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə 2010-cu ildə icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun büdcə xərcləri 20 mln. manat artırılacaq. Artım üçün nəzərdə tutulan vəsaitdən 2010-cu ilin ?Ekologiya ili? elan olunması ilə əlaqədar ekoloji tədbirlərin və dövlət proqramlarının maliyyələşdirilməsinə, ekoloji-təmiz alternativ enerji mənbələrinin yaradılması ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulur. Artımlar nəzərə alınmaqla, 2010-cu il üçün icmal büdcənin xərclərinin yuxarı həddi 12,636 mlrd. manat təşkil edəcək. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov isə qeyd etdi ki, deputatların təklilərini digər əlaqədar qurumlarla müzakirə ediblər və növbəti ildə müəyyən irəliləyişin əldə olunması üçün mənbələrin axtarılması qərara alınıb. S.Müslümov deyib ki, DSMF-nin 2010-cu il büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 1 757,216 mln. manat səviyyəsində müəyyənləşdirilib. Azərbaycanda yaşayış minimumu 87 manat, ehtiyac meyarı isə 65 manat məbləğində təsdiq edilib. Həmçinin, Milli Məclisin xərcləri 16 827 033 manat, Hesablama Palatasının xərcləri isə 3 727 021 manat təsdiq edilib. Daha sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub. Dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin hər biri 101 nəfər lehinə, 8 əleyhinə olmaqla qəbul edilib. [b]?SİZ GECİKMİSİNİZ?[/b] Sonra deputatlar cari məsələlərin müzakirəsinə başlayıblar. İlk çıxış edən ?Müsavat? deputat qrupunun üzvü Pənah Hüseyn son zamanlar Madrid prinsiplərindən tez-tez danışıldığını xatırladaraq bu prinsiplərin dördüncü bəndinin - Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsi müddəasının Azərbaycan üçün təhlükəli olduğunu deyib. O qeyd edib ki, Azərbaycan hakimiyyəti bu məqamla bağlı açıqlama verməli, danışıqların hansı istiqamətdə getdiyini bildirməlidir. Spiker Oqtay Əsədov isə bildirib ki, Qarabağ məsələsi ilə bağlı dövlət başçısı İlham Əliyev öz fikrini bəyan edib: ?Siz gecikmisiniz?. YAP-çı deputat Mübariz Qurbanlı da Madrid prinsiplərindən danışıb: ?Nə qədər ki, Azərbaycan rəsmi şəkildə o sənədə imza atmayıb, o, sənəd hesab edilə bilməz. Ermənilərin dezinformasiyasına uymamalıyıq. Azərbaycanın mövqeyi konkretdir. Bir millət vəkili kimi məsələyə kömək etmək istəyiriksə, gəlin işğal altında olan torpaqlar barədə qanun qəbul edək. Beynəlxalq təşkilatların və şirkətlərin Qarabağda fəaliyyətini məhdudlaşdıraq, yoxsa, burda danışmaqla Dağlıq Qarabağ məsələsindən populizm və siyasi məqsədlər üçün istifadə etməyək?. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycanın Rusiya ilə yaxın əlaqələr qurmasını təklif edib: ?Azərbaycan NATO ilə inteqrasiya yolu tutub, Türkiyə ilə stareji müttəfiqdir. Rusiya ilə də belə münasibətlər qurulmalıdır?. Q.Həsənquliyevin fikrincə, Rusiya Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarını tanıyarsa, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da daxil ola bilər: ?Sərhədləri də birgə qoruya bilərik, hətta Rusiya Azərbaycanda hərbi baza da yerləşdirilə bilər. Torpaqlarımızı itirməkdənsə, Rusiya ilə münasibətlər qurmağa çalışmalıyıq. Bu gün Azərbaycanlı Rusiyaya yaxınlaşmaqda ittiham etməyin heç bir əsası yoxdur?. [b]?QARABAĞ MÜZAKİRƏLƏRİ APARILSIN?[/b] Qüdrət Həsənquliyev İranın Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv etdiyini xatırladaraq, Azərbaycanın da eyni addımı atmasını istədi: ?Biz Azərbaycanda dini qarşıdurmanın, narkotiklərin dövriyyəsinin və başqa mənfi halların baş qaldıracağını düşünmədən viza rejimini ləğv etməliyik. İmkan yaratmalıyıq ki, o tayda yaşayan soydaşlarımız öz vətənlərinin bir hissəsinə rahat gəlib-gedə bilsinlər?. Deputat İqbal Ağazadə Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsi təklifinə qarşı çıxdı: ?Biz istəyirik ki, Rusiya Azərbaycanda yeni Xocalı törətsin? Qarabağ problemini yaradan Rusiyadır. MDB-dəki bütün milli-etnik konfliktləri Rusiya yaradıb. MDB-nin əksər dövlətləri də bu fikirdədir ki, əgər Rusiya əlini çəksə, bu konfliktlər həllini tapar. Dağlıq Qarabağ məsələsi bütün vətəndaşları narahat edir. Biz də millət vəkili olaraq fikirlərimizi açıqlayırıq. Narahat olduğumuz üçün istəyirik ki, Xarici İşlər Nazirliyi danışıqlar barədə məlumat versin. Biz bilməliyik ki, danışıqlar hansı mərhələdədir və hara gedir?. İqbal Ağazadə seçkidə müxalifətin iştirakının minimuma endirildiyini də vurğuladı. Onun sözlərinə görə, yerli icra hakimiyyəti strukturları seçkidə iştirak etmək istəyən müxalifət namizədlərinə polis vasitəsilə təzyiq edirlər: ?Belə qeyri-demokratik seçkinin kampaniyası şübhə doğurur?. Millət vəkili Fazil Mustafa da Dağlıq Qarabağ məsələsi ilə bağlı gedən danışıqların deputatlara çatdırılmasını vacib saydı. Onun sözlərinə görə, artıq parlamentdə qapalı da olsa, Qarabağ müzakirələlərinə ehtiyac var: ?Parlamentdə təmsil olunan partiyalar danışıqlardan məlumatlı olmalıdır. İndi hərə bir söz danışır, biri deyir, iki rayon qaytarılacaq, biri deyir, 5 rayon. Bizə dəqiq məlumat verilməlidir. Biz ancaq mətbuatdan məlumat almaqla kifayətlənə bilmərik?. Fazil Mustafa Azərbaycanda məscidlərin bağlanması və uçurulmasından narahatlığını da dilə gətirdi və bildirdi ki, belə hallara son qoyulmalıdır: ?Azərbaycan dünyəvi dövlətdir, dini tolerantlıq hökm sürür. Ancan məscidlərə qarşı belə münasibət ölkənin imicinə ziyandır və gələcəkdə mənfi nəticələr verə bilər?. Millət vəkili Zahid Oruc isə bildirdi ki, indi başqa məsələlərdə fikir ayrılığı olsa da, fərqli yanaşma göstərilsə də, Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış etmək və dövlət başçısının ətrafında birləşmək lazımdır: ?Prezidentin hərbi və siyasi yüklü son bəyənatları başqa cür qəbul olunmamalıdır. Bu bəyanatlar xalqın istəyini, fikrini əks etdirir. Biz hələ müharibəyə qərar verməmişik, artıq əks bəyanatlar eşidirik. Amma bütün hallarda işğalçı Ermənistan günahkardır?. [b]?DEPUTAT QANUNLARI POZUR?[/b] Deputat İkram İsrafil isə Qurban bayramında Sumqayıt sakinlərinin bu bayramı keçirə bilməyəcəklərini bildirdi və əlavə etdi ki, buna səbəb ?Azərkimya? Dövlət Müəssisəsində çalışan işçilərin əksəriyyəti hələ də üç aylıq maaşını ala bilmir: ?Mən burda deyirəm işçilərin maaşı verilmir, ?Azərkimya?nın rəhbəri Məcid Kərimov deyir ki, yalandı. Necə yalandır ki, işçilər orda ac-susuz qalıb? İşçiləri qanunsuz olaraq işdən çıxarıblar. Məhkəmə qərar verib ki, onları işə bərpa etsinlər. Amma bu günə qədər məhkəmə qərarları icra olunmayıb. Axı necə ola bilər ki, qanunverici orqanda təmsil olunan Məcid Kərimov özü qanunları pozur??. İkram İsrafil bu məsələnin Məcid Kərimovla birlikdə müzakirə olunub həll edilməsinin mümkünsüz olduğunu deyərək, bu işdə parlament rəhbərliyindən kömək istədi. [b]?HƏR ŞEY PREZİDENTİN BOYNUNA YIXMAQ OLMAZ?[/b] Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə bildirdi ki, seçki prosesi zamanı bir sıra qanun pozuntularına yol verilib: ?İcra strukturlarından deyirlər ki, bələdiyyəyə seçiləcək şəxslərin siyahısı hazırdır. Namizədlərin geri götürülməsi üçün müxalif partiyaların üzvlərinə zorla ərizə yazdırırlar. Kim ərizə yazmasa, onu yaxınlarının işdən çıxarmaqla hədələyirlər?. S.Rüstəmxanlı onu da dedi ki, ən dəhşətli soyqrımı-Xocalı soyrımını törədən Rusiyanın yenidən Azərbaycana çağrılması gülməli bir məsələdir. O həmçinin təklif etdi ki, Xarici İşlər Nazirliyi danışıqların nə yerdə olduğu barədə Milli Məclisə hesabat verməlidir və Qarabağ münaqişəsi ilə bağlı danışıqlar barədə deputatlar da məlumat almalidırlar: ?Xarici qonaqlar bura gəlirlər, sonra bizi qinayırlar ki, 20 gün Bakida qalırlar, ancaq televiziya və radioda torpaqlarımızın 20 faizinin işğalı barədə məlumat ala bilmirlər. Mən başa düşə bilmirəm, hanı bu xalq, hanı qaçqın-köçkünlər? Qarabağdan bəyəm ancaq Prezident danışmalıdır? Axı hər şey də Prezidentin boynuna yıxmaq olmaz?. Müzakirələrdən sonra gündəlikdəki məsələlər müzakirə olundu və qəbul edildi. Milli Məclisin növbəti iclası dekabrın 4-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA