22-11-2009 [05:58]
[b]Vurğun Əyyub: "İstər Azərbaycan vətəndaşlarının sosial vəziyyətlərinin pisləşməsi və hakimiyyətdaxili intriqaların qızışması, istərsə də büdcənin indiki vəziyyəti, Azərbaycanın beynəlxalq aləmdəki yeri və nüfuzu aktivliyə səbəb olacaq"[/b]
Seçkiqabağı təbliğat-təşviqat kampaniyasının başlamasına bir neçə gün qalıb. Partiya şəklində seçkiyə qatılan müxalifət qüvvələri isə azlıq təşkil edirlər. Bu baxımdan mübarizənin elə də gərgin olmayacağını bəri başdan demək mümkündür. Ölkədəki seçkiöncəsi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşən Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub da bu seçkidən elə də müsbət nəticələr gözləmir.
- Seçkiöncəsi vəziyyəti Azərbaycan hakiminin hər şeyə total şəkildə nəzarət etməsi kimi dəyərləndirmək olar. İndiyə qədər bələdiyyə seçkilərində müxtəlif səviyyələrdə saxtakarlığa yol verilsə də, hakimiyyət tərəfindən bu dərəcədə seçkiyə diqqə yetirilməmişdi. Amma builki seçkidə hakimiyyət prosesi bütövlükdə nəzarətə götürmək niyyətindədir. Müxalifətçi namizədlərə qarşı olan təzyiq və təhdidlərin daha da müərəkkəbləşdirilməsi onu göstərir ki, hakimiyyət gələcəkdə bələdiyyələrə daha çox səlahiyyətlər tanımaq fikrindədir. Bələdiyyələrin səlahiyyətləri artırılacağına görə, bütövlükdə bələdiyyə hakimiyyətini özəllərində cəmləşdirmək arzusunu reallaşdırmaq istəyirlər. Bununla bərabər, hakimiyyətdaxili intriqaların da qızışdığı göz önündədir. Beynəlxalq aləmdə isə Azərbaycan demək olar ki, sıxışdırılmış, təklənmiş vəziyyətdədir. Bu da hakimiyyətdə qəribə bir çaşqınlıq yaradaraq, onu impulsiv addımlar atmağa sövq edib. Qısaca olaraq, vəziyyəti bu cür dəyərləndirmək olar.
[b]- Vurğun bəy, budəfəki seçkilərin total nəzarət altına alındığını deyirsiniz, məgər bundan əvvəl hakimiyyət seçkini nəzarətdə saxlamırdı? [/b]
- Əvvəlki bələdiyyə seçkilərində də hakimiyyət saxtakarlığa yol verirdi. Ancaq bununla bərabər, YAP-dan olmayan, yaxud özlərinin müəyyənləşdirmədiyi namizədlərin də qeydiyyatına imkan verilirdi. Amma budəfəki seçkidə səsvermənin nəticələrini gözləmədən əvvəlcədən müxalifətdən olan, yaxud müstəqil şəkildə namizədliyini irəli sürən şəxslərin namizədliyinin qeydə alınmasına çox böyük əngəllər törətdilər, onlara qarşı müxtəlif təzyiqlər etdilər. Əvvəlki bələdiyyə seçkilərində namizədliyi irəli sürmək prosesində bu qədər qanunsuzluqlarla qarşılaşmamışdıq.
[b]- Belə demək mümkündürmü ki, seçkinin nəticələri də əvvəlki illərə nisbətən daha çox saxtalaşdırılacaq? [/b]
- Saxtakarlıq Azərbaycanda keçirilən seçkilərin məğzini təşkil edir. Amma görünür, hakimiyyət müxalifətdən olan və yaxud öz nəzarətində olmayan namizədlərin qeydiyyatına bəri başdan ona görə maneələr törədir ki, seçki prosesində açıq saxtakarlıqlara getməsinlər. Yəni namizədlər əsasən özlərininki olduğu üçün açıq-aşkar, kobud saxtakarlıqlara ehtiyac duymayacaqlar.
[b]- Bəs, bu mərhələdə müxalifətin fəaliyyətini necə qiymətləndirirsiniz?[/b]
- Təbii ki, müxtəlif faktlar ortaya qoyuldu, mövqelər səsləndirildi. Amma seçki mühitinin daha da pisləşməməsi üçün, deyək ki, seçki mühitinin az-çox demokratik olması üçün müxalifət heç də bütün imkanlardan istifadə edə bilmədi. Bu da onunla bağlıdır ki, ölkədə dəhşətli polis rejimi hökm sürməkdədir. Hakimiyyət əlindəki güc vasitələri ilə Konstitusiyada, sözdə də olsa, vətəndaşlara tanıdığı haqlardan imtina edib, onların qarşısını aldı. Heç uzağa getmək lazım deyil, ölkədə alimlərin, orta və ali məktəb müəllimlərinin maaşı ilə polislərin maaşlarını və imtiyazlarını müqayisə etsək, hər şe aydın görünər. Hakimiyyət güc orqanlarında işləyənlərə daha yaxşı maaş, imtiyazlar tanımaqla, hakimiyyətin idarə edilməsində məhz onlara əsaslandığını açıq şəkildə ortaya qoyur.
[b]- Hakimiyyətin bu addımı təbii ki, narazılıq yaradıb. Amma bu narazılıq kütləvi şəkildə ortaya çıxmır. Bunun səbəbi nədir? [/b]
- Bu, insanların qorxudulmuş vəziyyətdə olması və sosail durumlarının dəhşətli dərəcədə çətinliyi ilə bağlıdır. İnsanlar ailələrinə gündəlik çörəkpulu qazanmaq çabasındadırlar. Hər bir vətəndaş fikirləşir ki, əgər etiraz eləsə, polis tərəfindən həbs olunsa, onun həbsdə olduğu günlərdə ailəsi acından öləcək. Yəni qorxu və insanların sosial durumunun pis olması, hesab edirəm ki, belə bir vəziyyətin yaranmasının əsas səbəblərindəndir.
[b]- Sanki bu qorxu müxalifət düşərgəsinə də sirayət edib. Çünki əvvəllər müxalifət nümayəndələri heç nədən çəkinmədən öz etirazlarını daha açıq formada bildirirdilər. Son dövrlər bu da yoxdur... [/b]
- Müxtəlif yanaşmalar ola bilər. Bunu qorxu hissinin müxalifət düşərgəsinə sirayət etməsi kimi dəyərləndirənlər də var. Amma məncə, bu, qorxunun müxalifətə sirayət etməsi ilə bağlı deyil. Müxalifət, öz etiraz aksiyalarına cəmiyyətdən və beynəlxalq aləmdən dəstək görmədikdə təbii ki, yorğunluq, ümidsizlik yaranır. Cəmiyyət hesab edirsə ki, kütləvi etiraz aksiyalarını ancaq müxalifət öz gücü ilə həyata keçirməlidir, bu, əlbəttə ki, yanlış yanaşmadır. Ona görə də nəticə indiki kimi olur. Cəmiyyətin daha geniş dəstəyi olmadıqda, hakimiyyət müxalifətə qarşı daha qəddarcasına hərəkət edir. Təbii ki, müxalifətdəkilər də insandılar və onlar bu əziyyətləri, qəddarlığı təkbaşına daşımaq imkanında deyillər.
[b]- Ancaq belə bir dönəmdə müxalifət yaratmış olduğu birliyi seçkiyə qədər saxlaya bilmədi. Müsavatın da daxil olduğu Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını parçaladılar...[/b]
- Birliklər barədə mövqeyimi dəfələrlə bildirmişəm. Hesab edirəm ki, Azərbaycanda birlik haqqında qəribə bir illuziya var. Bu illuziya davam etməkdədir. Bir qism adamlar bunu düşünülmüş şəkildə gündəmdən çıxarmaq istəmirlər, bir qismi isə səmimi olaraq düşünür ki, müxalifət bir yerdə olsa, vəziyyət tamamiylə dəyişər. Təbii ki, səmimi düşənənlərin fikirlərində müəyyən qədər həqiqət payı var. Amma bütün dərdlərin dərmanı kimi yalnız birliyi göstərmək yanlış yanaşmadır. Əks arqument kimi, göstərə bilərəm ki, bir neçə seçkidə müxalifət deyilən qüvvələrin həmrəyliyi də, birliyi də olub. Ancaq nəticə bir o qədər də fərqli olmayıb. Deməli, problem birliyin olmamasında deyil.
İkinci tərəfdən, mən, həmişə yalançı birliklərin əleyhinə olmuşam, indi də əleyhinəyəm. Bilə-bilə ki, özünü müxalifət qüvvəsi kimi təqdim edib, arxada hakimiyyətlə əl-bir olan qüvvələr var, biz bu birlikdə niyə maraqlı olmalıyıq? Kim bizi məcbur edir ki, bu yalançı birlikdə iştirak edək? Müsavat Partiyasının bu məsələdə mövqeyi həmişə qəti olub. Səmimi, sağlam müxalifət qüvvələri ilə birgə olmaq lazımdır və biz daim bu istiqamətdə addım atmışıq. Üzdə müxalifətçi olub, arxada hakimiyyətlə işbirliyində olan qüvvələrlə birlik yaratmağın isə heç bir mənası yoxdur.
[b]- Müsavat Ümid Partiyasını da hakimiyyətə işləməkdə suçladı və bir yerdə ola bilməyəcəklərini bəyan etdi. Bunu əvvəlcədən bilmirdinizmi ki, bu birliyə gedirdiniz? [/b]
- Elə məqamlar var ki, onlar bəzən geniş ictimaiyyətə aydın olmur. O zaman sən nəsə deyəndə, sənin özünü dağıdıcılıqda günahlandırırlar. Onun üçün də müəyyən bir məqamda konkret addımlar atmaq tələb olunur ki, doğrudan da müxalif mövqedə olduğunu sübut edəsən. Belə məqamların birində də Müsavat Partiyası təklif irəli sürdü. Bu təklifin də mahiyyəti ondan ibarət idi ki, Azərbaycanda seçki komissiyalarının tərkibinin dəyişdirilməsi üçün hakimiyyətə təzyiqlər olsun. Biz onu da xatırlatdıq ki, parlament seçkilərinin nəticələrinə görə, YAP-dan sonra seçki komissiyalarında ən çox yer Müsavatın idi. Amma Müsavat özü könüllü şəkildə bu yerlərdən imtina elədi ki, seçki komissiyaları daha demokratik prinsiplərlə formalaşsın. İndi hansı məntiqlə Müsavat Partiyası bu seçki komissiyalarından geri çəkilməyən qüvvə ilə əməkdaşlıq etməlidir? Hesab edirəm ki, bu prosesdə Müsavatın mövqeyi haqlıdır.
[b]- Artıq Müsavat bələdiyyə seçkilərinə təkbaşına gedir. Bu seçkidə partiyanızın şansını necə dəyərləndirirsiniz? [/b]
- Azərbaycanda siyasi qüvvələrin göstərəcəyi nəticələr onların imkanlarına görə yox, hakimiyyətin kimə nə qədər çox yer verəcəyi ilə hesablanır. Məsələnin mahiyyəti bax burdadır. Ona görə də bu seçkilərdə hansı siyasi qüvvənin hansı gücə malik olduğunu göstərmək üçün heç bir imkan yoxdur.
[b]- Yəni hakimiyyət nə pay versə, o olacaq? [/b]
- Hakimiyyət pay vermir. Hakimiyyət öz məntiqi ilə, öz düşüncələrinə uyğun kiməsə bu şansı tanıyır, kiməsə tanımır. Pay vermək bir qədər başqa anlayışdır. Mən bununla heç də onu demək istəmirəm ki, seçkilər hakimiyyətin total nəzarətində olduğu üçün, nəticələr saxtalaşdırılacağına görə, mütləq seçki prosesindən imtina etmək lazımdır. Sadəcə olaraq, reallıq budur ki, Azərbaycan hakimiyyəti müxalif qüvvələrin seçkidə iştirakını qətiyyən arzu eləmir. Onun marağındadır ki, seçkidə müxalifət adından danışan və özünə yaxın qüvvələr iştirak etsin. Sonra da cəmiyyət və beynəlxalq aləm qarşısında hesabat verəndə desin ki, bəli, seçkidə müxalifət də var idi. Lakin əsl müxalif qüvvələrdən də seçkidə iştirak edənlərin hamısına bu seçkidə səsvermənin nəticələrinə uyğun yer tutmasına şans tanınmayacaq.
[b]- Bəzi həmkarlarınız bələdiyyə seçkilərinin keçid mərhələ olacağını və 2010-da aktiv siyasi proseslərin başlanacağını bildirirlər. Bu fikirlərlə Siz də razılaşırsınızmı?[/b]
- Heç nə özbaşına baş vermir. Heç bir "sehirli əl" vəziyyəti dəyişməyəcək. Vəziyyətin dəyişməsi, cəmiyyətin aktivləşməsi üçün konkret şərtlər və bu şərtlərin müəyyən işartıları olmalıdır. Təbii ki, mən bu məsələdə çox da bədbin deyiləm. Hesab edirəm ki, 2010-da ölkədə vəziyyət dəyişə bilər. İstər Azərbaycan vətəndaşlarının sosial vəziyyətlərinin pisləşməsi və hakimiyyətdaxili intriqaların qızışması, istərsə də büdcənin indiki vəziyyəti, Azərbaycanın beynəlxalq aləmdəki yeri və nüfuzu aktivliyə səbəb olacaq. Düşünürəm ki, 2010-cu il parlament seçkiləri həm də öz çəkisinə görə cəmiyyəti bir az da aktivləşdirəcək. Bu seçkidə müxalifətin sağlam qüvvələrini toparlayıb cəmiyyətdə aktivliyi artırmaq mümkündür.