isa Qəmbər 17 noyabr Milli Dirçəliz Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

img

17-11-2009 [12:21]


Müsavat Partiyasının Başqanı İsa Qəmbər 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: ?Hörmətli həmvətənlər! 17 noyabr Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. 1988-ci ilin məhz bu günündə xalqımız ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün Azadlıq meydanına toplaşdı. 17 gün davam edən möhtəşəm mücadilə faktiki olaraq azadlıq və müstəqillik uğrunda mübarizəyə çevrildi. Bu mübarizə 1991-ci ildə qələbə ilə başa çatdı, xalqımız 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi nəticəsində itirdiyi müstəqilliyini bərpa etdi. Çətin mübarizə illərində xeyli itkilərlə üzləşdik, təqib və repressiyalara məruz qaldıq, amma iradəmiz sarsılmadı. Çünki xalq yumruq kimi birləşdiyi anda yenilməz olur. Artıq 18 ildən çoxdur ki, Azərbaycan müstəqil dövlətdir. Müstəqilliyimizin ilk illərində biz 1918-20-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, hüquqi və mənəvi varisi olan bir dövlət qurmağa başladıq. Şərqə ilk dəfə demokratiya gətirən cümhuriyyətin dövlət atributları bərpa olundu, ictimai-siyasi həyatın bütün sahələrində ciddi islahatlar həyata keçirildi. Lakin demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilən bu islahatlar sonradan yarımçıq qaldı. 1993-cü ildə baş vermiş hərbi qiyam nəticəsində hakimiyyətə gəlmiş Heydər Əliyev və keçmiş kommunistlər ölkəni demokratik dövlət yolundan yayındırdılar. Ölkədə sərt avtoritar rejim quruldu. Bu gün bütün xalqımız qeyri-demokratik, səriştəsiz, başdan-ayağa korrupsiyaya uğramış bir hakimiyyətin əsirinə çevrilib. Sosial-iqtisadi böhran günbəgün dərinləşir, neft və ölkənin digər sərvətləri hakim zümrə tərəfindən qarət edilir, məmur özbaşınalığı baş alıb gedir. İndi ölkədə faktiki olaraq polis rejimi hökm sürür. İnsan hüquqları hər addımbaşı tapdalanır, insanlar dünyagörüşünə və əqidəsinə görə həbsxanalara atılır, mətbuat dözülməz şəraitdə fəaliyyət göstərir. Bu gün Avropa Şurasının üzvü olan heç bir ölkədə Azərbaycandakı qədər jurnalist həbsdə yatmır. Əliyevləri hakimiyyətdə olduğu 16 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində də heç bir müsbət irəliləyiş baş verməyib. Hörmətli həmvətənlər! 17 noyabr 1988-ci ildə başlayan xalq hərəkatı öz əsas hədəflərindən birinə çatıb-Azərbaycan müstəqil dövlət olub. Lakin biz əsas hədəflərimizdən biri olan demokratiya və azad vətəndaş cəmiyyəti quruculuğu yolunda hələ çox mübarizə aparmalıyıq. Bunun üçün də ölkəni sevən, onun gələcək taleyindən narahatlıq keçirən hər bir Azərbaycan vətəndaşının fəallığı lazımdır. Yalnız azad və demokratik bir vətəndaş cəmiyyəti qurulduqdan sonra biz öz müstəqilliyimizin həqiqi bəhrələrini dadacağıq. Bir daha hamınızı bayram münasibəti ilə təbrik edir, şəxsi xoşbəxtlik, ictimai-siyasi həyatda isə fəal olmağınızı arzulayıram.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA