Zəminə Dünyamalıyeva: "Hərə öz ranqında döyüzür"

img

15-11-2009 [06:41]


[b]"Əgər öz ranqından aşağı bir adamla döyüşə gedirsənsə, onda onu udmaq da sənə şərəf gətirmir" [/b] Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin toplantısından sonra sədr postuna sahiblənən Vaqif Mahmudov partiya rəhbərliyə müxalif olan Zəminə Dünyamalıyevanı zərərsizləşdirə bildi. Z.Dünyamalıyevanın məsələsi bir müddət əvvəl Ali Məclisdə müzakirəyə çıxarılaraq, partiyada gərginlik yaratdığına görə təşkilatdan uzaqlaşdırıldı. Amma Zəminə xanım bu qərardan sonra susaraq, baş verənlərlə bağlı danışmaq istəmirdi. "Reytinq"in israrlı cəhdləri ilə Z.Dünyamalıyeva lakonik olsa da, suallarımızı cavablandırdı. - Bildiyiniz kimi, mən qərar vermişəm ki, bu barədə danışmayım. Bu, mənim qərarımdır. Sadəcə olaraq, keçib gedən məsələlər barədə danışmağı yersiz hesab edirəm. Özüm də bir qədər istirahət etmək istəyirəm. [b]- Zəminə xanım, bildirilir ki, Sizə bu barədə danışmağa qadağa qoyulub. Ona görə danışmırsınız? [/b] - Yaxşı bilirsiniz ki, hes kim mənə qadağa qoya bilməz. Bu gün kifayət qədər müzakirə olunası, barəsində fikir öyrəniləsi məsələlər var. Amma çox təəssüf ki, jurnalistlər bunları kənara qoyub, deyirlər ki, Zəminə xanım niyə danışmır? Kefim istəmir, danışmıram. Kim mənə qadağa qoya bilər? Bu mümkün olan məsələ deyil. Elə bir səviyyədə adam da yoxdur ki, mənə qadağa qoya bilsin. [b]- Mətbuatın yazdığına görə, Sizə bu qadağanı Rəsul Quliyev qoyub... [/b] - Rəsul Quliyev son dərəcə demokratik, intellektual səviyyəsi yüksək olan insandır. Mən onunla parlament zalından başlayaraq, neçə ildir ki, rəhbərliyi altında işləyən adamam. Həmişə də Rəsul müəllimdən hörmət görmüşəm. Yəni Rəsul Quliyevin mənə qadağa qoyması, ümumiyyətlə, inandırıcı deyil. Hər hansı bir fikir səslənəndə də adamların xarakterinə, keyfiyyətinə uyğun deyilməlidir. Belə bir məlumatlar Rəsul Quliyevə yapışmır. Mənə gəlincə, qərardan əvvəl də, sonra da danışmışam. Rəsul Quliyev mənə zəng edib, mən də ona zəng etmişəm, danışmışıq. Aramızda hər hansı problem yoxdur. [b]- Bir vaxtlar Zəminə Dünyamalıyevanın məsələsini İdarə Heyətinə çıxaracağıq deyənlərə sərt cavab verirdiniz, amma Sizi partiyadan kənarlaşdıranlara heç nə demirsiniz. Bunu necə başa düşək? [/b] - Mən, həmin dövrdə məsələmin İdarə Heyətinə çıxarılmasını istəmirdim. Ona görə də o vaxt etirazımı kəskin şəkildə bildirdim və dedim ki, bacarırlarsa, etsinlər. Amma indi başqa situasiyadır. [b]- Hətta deyirdiniz ki, məni heç kim partiydan kənarlaşdıra bilməz... [/b] - Bəli. Mən elə bir fikir işlətmişəm. İndi də deyirəm ki, bu gün nə baş verirsə, mənim iradəmdən kənarda baş vermir. [b]- Yəni partiyadan çıxmağı özünüz istəmisiniz? [/b] - Yox. Bu, partiyanın qərarıdır. Əgər partiya belə bir qərar veribsə, çox gözəl. Siz niyə Zəminə Dünyamalıyevanın ondan üç ay qabaq mətbuatda verdiyi açıqlamalara istinad eləmirsiniz, nə vaxtsa İdarə Heyətində məsələnin qaldırılmasına istinad edirsiniz? Yəni hələ xeyli öncə mən öz fikrimi demişdim. [b]- Siz onu da demişdiniz ki, Ali Məclis çağırılmalı, partiyanın fəaliyyətinə xitam verilməlidir. Ali Məclis çağırıldı, yeni sədr seçildi, Siz də partiyadan kənarlaşdırıldınız...[/b] [i]- (Tələsik)[/i] Mənim fikrimin arxasını niyə demirsiz? Deyirdim ki, əgər Ali Məclis çağırılıb partiyanın fəaliyyətinə xitam verilməsə və partiyanın fəaliyyəti bu ardıcıllıqla davam edəcəksə, mən orda olmayacağam. [b]- Onu da deyirdiniz ki, bundan sonra ACP-dən partiya olmayacaq... [/b] - Mən hansı zaman nə demişəmsə, o sözüm bu gün də qüvvədədir. Elə bu cümləni yazsanız, kifayətdir. Yəni fikrimdən bir addım belə geri çəkilməmişəm. Bu gün mənim danışmamağımın səbəbi də ACP-dən kənarda olmağımla bağlıdır. Bu günə kimi həmişə aid olduğum yerlə bağlı danışmışam, tənqidi fikirlərimi söyləmişəm. İndi isə ACP-də deyiləm, ona görə də aid olmadığım yer haqqında danışmaq səviyyəmə uyğun deyil. Bu səbəbdən də danışmamağa üstünlük vermişəm. [b]- Söhbət Sizin partiyadan uzaqlaşdırılmağınızdan gedir... [/b] - Mən etirazımı bildirmək istəmirəm. Bu, mənim hüququm deyil? Öz hüququmdan istifadə edirəm də. Axı demokratik cəmiyyətdə yaşayırıq. Ona görə də özümlə bağlı qərarımı bu formada vermişəm. [b]- Axı, ACP-də Zəminə Dünyamalıyevanın da haqqı var. Bu haqq niyə tanınmadı? [/b] - Mən hər zaman haqqımı tanıyıram və tələb etməyi də bacarıram. Amma məsələyə bir tərəfli yanaşmaq lazım deyil. Axı o qərarı verənləri də haqqı var. Partiyada qərarlar səs çoxluğu ilə qəbul olunur. Mənimlə də bağlı səs çoxluğu olub, uzaqlaşdırıblar. Burada nə var ki? [b]- ACP yaranandan partiya sədri olan Akif Şahbazovla, neçə illər aktiv fəaliyyəti ilə seçilən Yaqub Abbasovla döyüşən Zəminə Dünyamalıyevanın Vaqif Mahmudovun qarşısından çəkilməsini başa düşmürük... - Siz yadınızdan çıxarırsınız[/b] ki, hərə öz ranqında döyüşür. [b]- Vaqif Mahmudov Sinzin ranqınızda deyil?[/b] - Mən sözümü deyirəm, siz necə yozursunuz yozun. Fikrimi dedim, vəssəlam. Əgər öz ranqından aşağı bir adamla döyüşə gedirsənsə, onda onu udmaq da sənə şərəf gətirmir. [b]- Ali Məclis toplantı, yeni sədr seçildi, artıq fəalliyyət... [/b] [i]- (Sözümüzü kəsərək)[/i] Mən, olmadığım yer barədə danışmıram. Əgər orda olub, sonra çıxarılmasaydım, bəlkə də kənar şəxs kimi mövqe bildirərdim. İndi isə situasiya başqadır. Partiyada olanda həmişə sözümü açıq şəkildə demişəm. Arxaca çox adam danışır, amma mən həmişə sözümü üzə demişəm. Elə bilirəm ki, qiymətli fikrimi mənim üçün əhəmiyyətsiz olan bir şey üçün istifadə etmirəm. [b]- Ancaq bir proqnozunuz özünü doğrultdu ki, ACP bələdiyyə seçkilərinə gedə bilməyəcək... [/b] - Proqnozlarım çox məsələlərdə özünü doğruldub. Seçki ilə bağlı dediklərim onlardan biridir. Mənə elə gəlir ki, hər şeyi bir zamanı var. Əgər hansısa məsələ özünü doğrultmayıbsa, zamanı gələndə doğrulacaq. [b]- Zəminə xanım, aktiv siyasətə nə zaman qoşulmaq fikriniz var? [/b] - Hər şeyi zamanında danışmaq lazımdır. Aktiv siyasətə qatılıb-qatılmamaqla bağlı hazırda bir söz demək istəmirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA