?Azərbaycan xarici siyasətində birmənalı olaraq Türkiyənin yanında olmalıdır?

img

10-11-2009 [03:38]


Amerika erməni milli komitəsi ?Ərdoğan üçün hesab zamanı başladı? adlı təbliğat kampaniyasına start verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bildirib ki, bu kampaniyanın məqsədi Türkiyə Cumhürriyyətinin Baş Nazirinin ABŞ-a planlaşdırılan səfəri ərəfəsində iki ölkə və bütövlükdə region üçün əhəmiyyətli razılaşmaların əldə edilməsinə mümkün qədər mane olmaq və ABŞ adminstrasiyasına məlum soyqırım iddiaları ilə təzyiq etməkdir: ?Açıqca görünür ki, erməni lobbisi Ermənistan ilə sərhədlərini açmaqda qərarlı olan Türkiyənin bu proyektdən əldə etmək istədiyi siyasi dividentləri heçə endirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək, Türkiyənın protokolları qeyd-şərtsiz təsdiqləməsi üçün ona təzyiq etmək və digər bu kimi çoxtərəfli məqsədlərini həyata keçirməyə başlayıb. Hesab edirəm ki, sərhəd məsələsində Türkiyə ilə Azərbaycan arasında müəyyən gərginliyin yaşanmasına nail olmuş qüvvələr növbəti mərhələdə bu prosesi daha da dərinləşdirmək üçün ABŞ-ın Türkiyə qarşısına daha ağır şərtlərlə çıxmasına çalışırlar. Mənə elə gəlir ki, indiki məqamda Azərbaycan, xarici siyasətində birmənalı olaraq Türkiyənin yanında olmalı, əlindəki bütün vasitələrlə erməni lobbisinin bu kampaniyasına maneələr yaratmağa cəhd etməlidir. Bu sırada rəsmi diplomatik kanallardan tutmuş, ABŞ mətbuatı, ictimai dairələri və lobbi fəaliyyətləri ilə iş böyük rol oynaya bilər. Eyni zamanda son vaxtlar milli məsələlərdə birgə çıxış edən ABŞ türk və azəri icmaları da bu məsələdə də aktiv işləməlidirlər?. H.Rüstəmov bildirib ki, Ərdoğanın ABŞ səfəri öncəsi Bakını ziyarət etməsi və Dağlıq Qarabağın erməni işğalında olduğunu bir daha dilə gətirməsi ola bilər. Onun sözlərinə görə, bu səfərin reallaşması üçünsə Türkiyədən daha çox Azərbaycan hökuməti maraqlı olduğunu nümayiş etdirməlidir. Çünki Türkiyə Baş Nazirinin Obama ilə görüşündə təkcə Türkiyəyə deyil, həm də Azərbaycana dair, o cümlədən Azərbaycanın işğal altında olan ərazilərin taleyi ilə əlaqədar müzakirələrin olacağı şəksizdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA