Araz Əzimov Meksiyada bir sıra görüzlər keçirib

img

10-11-2009 [01:05]


Noyabr ayının 6-da Azərbaycan Xarici İşlər Nazirinin müavini Araz Əzimov Meksika Birləşmiş Ştatlarında işgüzar səfərdə olub. XİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər çərçivəsində A.Əzimov Meksika XİN-də BMT ilə əlaqələr üzrə idarənin rəisi Pablo Masedo və Xarici İşlər Nazirinin müavini Mariya de Lourdes Aranda ilə görüşüb. Siyasi məsləhətləşmələr zamanı, ikitərəfli münasibətlər, regional təhlükəsizlik və transmilli cinayətkarlıq, narkotik maddələrin qanunsuz daşınması və insan alverinə qarşı mübarizə, qarşılıqlı informasiya mübadiləsi, enerji və qeyri-neft sektorunda, həmçinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər siyasi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, eyni zamanda iki ölkə arasında hüquqi bazanın, o cümlədən iqtisadi, ticarət, informasiya texnologiyaları, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Nazir müavini A.Əzimov Meksika XİN rəsmilərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, problemin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə müvafiq sənəd və xəritələr əsasında ətraflı məlumat verib. O, bildirib ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edən qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə və regionda davamlı sülhün bərqərar olmasına maneələr yaradır. Nazir müavini A.Əzimov BMT Baş Assambleyasının növbəti iclasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair Qətnamənin müzakirələri zamanı Azərbaycan tərəfinin haqlı mövqeyinin dəstəklənməsinin ölkəmiz üçün vacib əhəmiyyət daşıdığını bildirib. Daha sonra, Nazir müavini A.Əzimov Meksika XİN-in konfrans salonunda Mexikoda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Türkiyə, Rusiya, Ukrayna, Serbiya və Bolqarıstanın səfirləri, Meksika Diplomatik Akademiyasının (Matias Romero İnstitutu) tələbələri və XİN əməkdaşları üçün ?Azərbaycan və regional təhlükəsizlik? mövzusunda təqdimatla çıxış etmişdir. O, Azərbaycanın enerji və regional təhlükəsizlik siyasəti, terrorizm və narkotik maddələrin qanunsuz daşınmasına qarşı mübarizə sahələrində beynəlxalq əməkdaşlıq, Azərbaycan iqtisadiyyatının inkişaf templəri, həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti, münaqişənin həlli istiqamətində aparılan danışıqlar və Azərbaycanın mövqeyi barədə məlumat vermiş, dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır. Görüşdə, Səfir İ.Muxtarov və Matias Romero İnstitutunun rektoru Mariya Selia Toro Ernandes də iştirak etmişlər. Nazir müavini A.Əzimov Meksikanın ən nüfuzlu mətbuat orqanlarından biri olan ?Reforma? qəzeti və ?México Al Dia? televiziya kanalına müsahibə vermişdir. Mətbuat nümayəndələrinə səfərin məqsədi, ikitərəfli əməkdaşlığın gələcək perspektivləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti və beynəlxalq terrorizmə göstərdiyi dəstəyin tarixi həqiqətləri barədə məlumat verilmişdir. Noyabrın 6-da Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, həmçinin Latın Amerikası regionunda ilk Səfirliyinin fəaliyyətə başlaması münasibəti ilə Səfirlikdə rəsmi açılış mərasimi keçirilmişdir. Nazir müavini A.Əzimov, Səfir İ.Muxtarov və Meksikanın Xarici İşlər Nazirinin müavini M.Aranda çıxış edərək, ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini məmnunluqla qeyd etmiş, iki ölkə arasında nəzərdə tutulan bir sıra potensial sahələrdə əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirmişlər. Açılış mərasimində Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Meksika XİN-in və dövlət qurumlarının rəsmiləri, həmçinin Meksikada yaşayan azərbaycanlı, türk, ukraynalı və rusiyalı diaspor nümayəndələri də iştirak etmişlər. Tədbirdə hər iki ölkənin dövlət himnləri ifa olunmuş, Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri canlı olaraq səsləndirilmiş, ölkəmizin tarixi, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir. Xarici İşlər Nazirinin müavini A.Əzimovun Meksikaya işgüzar səfəri başa çatmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA