08-11-2009 [05:46]
[b]"Hakimiyyətin güclü görünməsi, onun anti-demokratik siyasətlə, zorakı üsul-idarə ilə var olmasından qaynaqlanır" [/b]
Xəbər verdiyimiz kimi, üç partiyanın bir araya gəldiyi "Azadlıq" bloku da qarşıdan gələn bələdiyyə seçkilərində blok, yaxud partiya şəklində iştirak etməyəcək. Ümumiyyətlə, müxalifət bələdiyyə seçkilərinə xüsusi hazırlıqla getmir. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən "Azadlıq" blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev belə bir vəziyyətin yaranmasında hakimiyyəti təqsirli bilir.
- "Azadlıq" blokunun seçkiyə qatılmamasının ciddi texniki əsasları var. Qanunvericilik seçkidə mütəşəkkil şəkildə iştirakın mümkün olmaması istiqamətində tərtib edilib. Bu gün mövcud qanunvericiliklə nəinki blok şəklində, heç partiya şəklində də seçki prosesinə qatılmaq çox çətindir. Bu, həm sənədləşmənin mürəkkəbliyi, həm də maddi məsələlərlə bağlıdır. Ona görə də "Azadlıq" blokundakı partiyalar xeyli götür-qoydan, cəmiyyətin əhval-ruhiyyəsini öyrəndikdən sonra belə bir qərara gəldik ki, nümayəndələrimiz seçkiyə müstəqil şəkildə qatılsınlar.
[b]- Bəs, partiya üzvlərinizin seçki prosesinə münasibəti necədir? [/b]
- Üzvlərimiz mövcud şəraitdə seçkilərə qatılmağa elə də həvəs göstərmirlər. Həm mövcud qanunvericilik, həm komissiyaların konfiqurasiyası, ötən dövrlərdə əldə etdiyimiz seçki təcrübəsi, bələdiyyələrin statusu, icra hakimiyyətlərindən asılılıq insanları ruhdan salır. Amma buna baxmayaraq, partiya üzvlərimiz fərdi şəkildə prosesə qoşulurlar. Bu gün cəmiyyətdə çox böyük məyusluq var. Hətta hakim partiyanın özündə də böyük həvəs nümayiş etdirilmir, YAP nümayəndələri administrativ resursları cəlb edərək prosesə qatılırlar. Hesab edirəm ki, situasiya dəyişməyənə, seçkilərə etimad əmsalı yüksəlməyənə qədər nəinki bələdiyyə seçkilərinə, bütövlükdə seçki prosesinə böyük etimadsızlıq olacaq.
[b]- Əli bəy, bundan əvvəlki seçkilərdə də etimadsızlıq mühiti var idi, onda Siz boykot yolunu tutdunuz. Budəfəki seçkidə niyə belə bir addım atmadınız? [/b]
- Ölkədə üç miqyaslı seçki var. Onlardan ikisi daha çox mərkəzi qurumları əhatə edir. Bələdiyyə seçkiləri yerlərdəki funksionerlərin marağına toxunan prosesdir. Bu baxımdan, seçkidə özünü sınamaq istəyən partiya üzvlərimizin qarşısına qadağa qoyulmasını məqsədəuyğun hesab etmədik. Bir də ki, mütəmadi olaraq, prosesləri boykot edən siyasi partiyalar bir növ formadan düşər, mövcud mexanizmləri zəifləyə bilər. Müsbətinə və mənfisinə dəyər verdikdən sonra bu prosesi boykot etməmək qənaətində olduq. Əslində boykot variantı özü də gündəmdə idi. Ancaq sonda ölçüb-biçib bu qərarı verdik.
[b]- Demək olar ki, hakim partiyadan fərqli olaraq, müxalifət siyasi təşkilat şəklində seçkiyə qatılmadı. Belə bir şəraitdə demək olarmı ki, bu prosesi müxalifət uduzub? [/b]
- Məncə, bələdiyyə seçkilərindəki mövcud reallıq müxalifətin məğlubiyyəti kimi qələmə verilməməlidir. Əslində bu gün Azərbaycan cəmiyyəti uduzub. Demokratiya yolunu tutmayan toplumlar, seçki yolu ilə idarəçilik orqanlarını formalaşdırmayan xalqlar inkişaf edə bilməzlər. Məşhurlardan birinin sözü var ki, demokratiya o qədər də ideal idarəçilik üsulu deyil, amma bundan yaxşısını da hələ bəşəriyyət tapmayıb. Hansısa prosesdə müxalifəti məğlub kimi qiymətləndirmək, mənə elə gəlir ki, situasiyaya dərindən yanaşmamaqdan irəli gəlir. Düşünürəm ki, seçkilərin saxtalaşdırılması, seçki prosesinə etimadsızlığın bərqərar olması Azərbaycanın bütövlükdə məğlubiyyətidir. Bu gün Azərbaycan insanı dövlətinə inanmır. Ən azından korrupiyanın miqyasına nəzər yetirsəniz, söz azadlığının səviyyəsinə baxsanız, Azərbaycanın nə qədər geri qaldığını görərsiniz. Əgər Azərbaycanda normal şərait yaranarsa, kimin hansı gücə malik olmasını toplum olaraq görə bilərik. Yoxsa ki, tərəflərdən bir resursları əlində cəmləyir, dünyanın Azərbaycanda olan iqtisadi, hərbi və digər maraqları əsas götürülür və digər rəqiblərin bütün imkanları məhdudlaşdırıldığı şəraitdə qalib gəlmək elə də güc və intellekt tələb etmir. Yəni bu gün hakimiyyətin güclü görünməsi, onun anti-demokratik siyasətlə, zorakı üsul-idarə ilə var olmasından qaynaqlanır. Təəssüflər olsun ki, bütün bunlardan Azərbaycan uduzur. Dağlıq Qarabağın üzərində təhlükənin yaranması, Türkiyə-Ermənistan münasibətlərində baş verən olaylar bütövlükdə Azərbaycanın seçki sistemi ilə bağlı problemlərdir. Əgər Azərbaycan hakimiyyəti cəmiyyətdən qaynaqlansaydı, xalqa söykənsəydi, onu heç kim bu gün təzyiqə məruz qoya bilməzdi. Açıq-aşkar görünür ki, Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq, bütün dünyanın təzyiqi ilə üz-üzədir. Bütün səviyyələrdə Azərbaycan hakimiyyətinə təzyiqlər də ölkədə demokratiyanın olmamasından irəli gəlir.
[b]- Ancaq təzyiqlərə baxmayaraq, bu hakimiyyət hələ də iqtidarını qoruyub saxlaya bilir... [/b]
- Azərbaycan hakimiyyəti seçim ərəfəsindədir. Bu seçim ərəfəsi hadisələrin cərəyanı, qaynağı etibarı ilə yaxınlaşdıqca, siz hakimiyyətin nə qədər zəif olduğunu və seçki prosesində necə dayanaqsızlığını görəcəksiniz. Yəni bunun üçün darıxmaq lazım deyil. Dünya Azərbaycan hakimiyyətindən Dağlıq Qarabağı təslim etməyi tələb edir. Bu tələb iddiaları artdıqca, bu hakimiyyətin zəifliyi ortaya çıxacaq. Düzü, bir vətəndaş olaraq, bu, məni sevindirmir. Çünki nəticədə bundan bütövlükdə dövlət zərbə alacaq. Hər bir millətin taleyində elə məqamlar olur ki, onda hakimiyyət uzun müddətli perspektivlə bağlı qərar verməli olur. Təəssüf ki, Azərbaycan həm Qarabağ məsələsində, həm də dövlətin siyasi baxımdan inkişaf etdirilməsində çox vacib məqamları əlindən verib. Mənə elə gəlir ki, buna məğlub, qalib nöqteyi-nəzərindən yox, dövlətin və millətin problemlərinin həlli nöqteyi-nəzərindən yanaşılmalıdır. Əgər cəmiyyətdə dövlətə etimadsızlıq yaranıbsa, buna görə siyasətlə məşğul olan və millətin müqəddəratına cavabdeh olan bütün tərəflər düşünməlidirlər.
[b]- Müxalifət hansı addımı atmalıdır? [/b]
- Təbii ki, müxalifət də düşünməlidir. Burada bütün tərəflər məsuliyyət daşıyırlar. İlk növbədə məsuliyyəti hakimiyyət daşıyır. Hakimiyyət cəmiyyətdə dövlətə etimadı artırmağa cəhd etməlidir. Vətəndaş öz dövlətini sevməlidir və fayda görməlidir. Təəssüflər olsun ki, hazırda bu qarşılıqlı münasibətlər lazım olan səviyyədə deyil. Hesab etmirəm ki, Azərbaycandakı müstəqilliyə, dövlətçiliyə olan münasibət ötən əsrin 80-90-cı illərdə olan münasibətə bərabərdir. Bu münasibət xeyli dərəcədə ziyanlı tərəfə dəyişib. Bu etimadı qaytarmaq hamının vətəndaşlıq borcudur.