"Ölkə xarici siyasətində tam iflasa uğrayıb..."

img

01-11-2009 [05:45]


[b]Qurban Məmmədov: "...daxili siyasətdə də hərc-mərclik, qeyri-müəyyənlik var, korrupsiya və rüşvətxorluq bütün sahələri məhv edib, iqtisadiyyatı bərbad günə qoyub" [/b] Seçki ərəfəsi olmasına baxmayaraq, ölkənin ictimai-siyasi durumunda durğunluq hələ də davam edir. Bir müddət öncə siyasi fəaliyyətinə son qoyduğunu bəyan edən Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclis üzvü, tanınmış hüquqşünas Qurban Məmmədov müsahibəsində ölkədəki vəziyyətdən danışıb. - Öncə onu deyim ki, mən siyasətdən birdəfəlik getdiyimi bildirməmişəm. Demişəm ki, siyasi fəaliyyətimi bir qədər məhdudlaşdırıb, peşə fəaliyyətimə üstünlk verirəm. Çünki Azərbaycan xalqının, bu əzabkeş insanların daha çox müdafiəyə ehtiyacı var. İmkanım daxilində, bacardığım qədər, kimə, harda kömək edə bilirəmsə, özümü xoşbəxt hesab edirəm. Düşünürəm ki, bu da böyük bir işdir. O ki qaldı qaldı bugünkü ictimai-siyasi vəziyyətə, onu kənardan müşahidə etməklə yox, içində yaşaya-yaşaya qiymətləndirmək olar. Bir şeyi demək lazımdır ki, Azərbaycan öz xarici siyasətində tam iflasa uğrayıb. Daxili siyasətdə də bir hərc-mərclik, qeyri-müəyyənlik var, korrupsiya və rüşvətxorluq bütün sahələri məhv edib, iqtisadiyyatı bərbad günə qoyub. Azərbaycan xalqının indiki ətalətli durumu da yaxın perspektivdə daxili qüvvənin hesabına siyasi mübarizənin fəallaşacağından qətiyyən xəbər vermir. Amma baş verən bəzi beynəlxalq dəyişikliklər Azərbaycanda daxili vəziyyəti gərginləşdirə bilər. Arzu edirəm ki, Azərbaycanın bugünkü iqtidarı hakimiyyət əlində ikən, imkan və vaxt var ikən, öz xarici və daxili siyasətində kardinal dəyişikliklər etsin. Heç olmasa, ən azı daxildə xalqın nəfəs alması üçün korrupsiyasi sistemini bir qədər azaltsın, məmurlara tapşırılsın ki, insanların haqlarını az tapdalasınlar, hakimlər haqsızdan pul alıb haqlını əzməsinlər. Yəni bu gün Azərbaycan xalqına oksigen lazımdır, yoxsa partlayış ola bilər. [b]- Qurban bəy, deyirsiniz ki, cəmiyyət ətalətli durumundadır və belə vəziyyət daxili qüvvələr hesabına dəyişməyəcək. Ancaq müxalifət bildirir ki, bələdiyyə seçkilərindən sonra aktiv mübarizə dönəmi başlayacaq.[/b] - Müxalifət qüvvələri? Mən bilən Azərbaycanda müxalifət qüvvəsi yoxdur. Çox xahiş edirəm ki, mənim bu sözlərim düzgün başa düşülsün. Yəni siz dediyiniz mənada siyasi ab-havanı dəyişə biləcək gücdə olan müxalifət Azərbaycanda yoxdur. Gəlin özümüzü aldatmayaq. Bu gün Azərbaycanda müxalifət qüvvəsi kimi tanınan partiya liderlərinin əksəriyyəti alınıb, satılıb, qorxudulub və s. Təbii ki, ayrı-ayrı müxalif insanlar, qruplar var, xalqın özündə müxalifət əzmi, mübarizliyi var, amma mobil siyasi qüvvə kimi, xüsusiylə də siyasi prosesləri dəyişə biləcək müxalif qüvvə yoxdur. [b]- Belə qüvvə əvvəldən yox idi, yoxsa... [/b] [i]- (Tələsik)[/i] Əvvəllər var idi, amma son on ildə tədricən, mərhələ-mərhələ bu qüvvələr ələ alındı, yolundan sapdırıldı, bəziləri xarici dövlətlərin - "bp" şirkəti və digər beynəlxalq təşkilatların, ABŞ səfirliyinin, bəziləri icra başçılarının, nazirlərin əliylə, hərə bir cür ələ alındı, hərə bir cür müxalif mövqeyindən sapdırıldı. İndinin özündə də müxalif qüvvələr var, amma o qüvvələr olduqca zəifdir, təşkilatlanmayıblar. Ona görə də inanmıram ki, bələdiyyə seçkilərindən sonra da hansısa aktivlik olsun. [b]- Ümumiyyətlə, qarşıdan gələn bələdiyyə seçkiləri müxalifət üçün nə vəd edir? [/b] - Açıq deyirəm, Azərbaycanda seçki bir oyundur. Azərbaycanda seçki adı altında, - istər bələdiyyə, istər parlament, istəsə də prezident seçkiləri olsun, - sadəcə olaraq, yeyinti yerlərinin, rüşvət almaq imkanı olan vəzifələrin yenidən bölgüsünün qanuniləşməsindən söhbət gedir. Bunu mən tam məsuliyyətimlə deyirəm. Azərbaycanda heç vaxt normal seçki olmayıb. Parlamentə və bələdiyyəyə də kiminsə düşüb-düşməməsi seçkinin nəticələri ilə bağlı deyil. Bütün bunların hamısı müəyyən danışıqların nəticəsində həll olunur. Ona görə də seçki keçiriləcək, nəticə nə olacaq deyib,- özümüzü aldatmayaq. Hamı yaxşı bilir ki, seçki necə keçiriləcək, nəticə nə olacaq. [b]- Bir müddət öncə ombudsmanın, daha sonra prokurorun səlahiyyət müddətindəki məhdudiyyət götürüldü. İndə də Ali Məhkəmə, Vəkillər Kollegiyası sədrinin səlahiyyəti ilə bağlı müzakirələr aparılır. Bu barədə nə deyə bilərsiniz? [/b] - Bugünkü proseslər olduqca təbiidir. Burada "əl-əli yuyar, əl də üzü",- prinsipi hökm sürür. Əslində bəşəriyyətdə məhdudiyyətin qoyulması çox böyük sınaqların nəticəsi kimi, hüquqi qavram kimi əldə olunub. Çox təəssüf ki, Azərbaycanın indiki hakimiyyəti bəşəriyyətin qəbul etdiyi qavramlardan geri çəkilməkdə davam edir. Azərbaycanda hər şeyi gözləmək olar. Məsələn, dünən Şəhidlər Xiyabanında Türkiyənin asılan bayrağını aşağı salırlar, parlamentdə hansısa deputatlar, hətta spikerin müavini səviyyəsində bu addımı qanunlarla əsaslandırmağa çalışırlar, beş-altı gün keçdikdən sonra isə bayraqların endirilməsinin hansısa təmir, təmizlik işləri ilə əlaqəli olduğunu bildirirlər. Amma mədəni xalqlar bizim kimi deyil. Azərbaycan feodal dövrünü yaşayır. Nə qədər acı olsa da, deməliyəm ki, bizim millətimiz qüsurlu, nöqsanlı millətdir. Bu mənada hesab edirəm ki, baş verən proseslərin hamısı təbiidir. Ona görə də hakimlərin, prokurorların, Ali Məhkəmə sədrinin vəzifədə ömürlük olmasına təəccüblənmək lazım deyil. Ali Məhkəmənin sədri Ramiz Rzayevin, yaxud Zakir Qaralovun ömürlük olması ilə beş, on il olmasının nə fərqi var ki? Prezidentin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət götürülübsə, nəyə görə Ali Məhkəmə sədri ömürlük olmasın? Əgər müxalifət partiyalarının liderləri on illərdir ki, sədr kürsüsündə oturublar, bunlar niyə olmasın? Amma hakimiyyətin bu siyasəti onların özlərini məhvə aparacaq. [b]- Bəs, vəziyyətdən çıxış üçün təklifiniz nədir?[/b] - Hesab edirəm ki, yalnız dəyişən cəmiyyət, dəyişən kadr siyasəti milləti, dövlləti irəli apara bilər. İnanıram ki, günlərin bir günü hörmətli prezident İlham Əliyev sözün həqiqi mənasında kadr siyasətinin yeniləşməsi ilə bağlı ciddi addımlar atacaq. [b]- Qeyd etdikləriniz yaxın gələcəkdə reallaşa bilərmi? [/b] - Xeyr. Yaxın gələcəkdə heç bir dəyişiklik gözlənilmir. Azərbaycan xalqı indiki vəziyyətdə yaşamağa məhkumdur. "Bir xalq öz halını dəyişməsə, Mən onun halın dəyişmərəm",- Qurani-Kərim, Allah-Təala belə buyurub. Azərbaycan xalqı öz halını dəyişmək istəmir. Ümid yalnız Allahla İlham Əliyevədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA