Nurəddin Məmmədli: "Azərbaycanın gələcəyi çox acınacaqlı görünür"

img

25-10-2009 [04:18]


[b]"Səhiyyədə, təhsildə, ümumiyyətlə, hər yerdə insanların hüquqları tapdalanır, xalqın var-yoxu talanır" [/b] 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə az vaxt qalıb. Təbliğat kampaniyasına start verilməsə də, hələ də ölkədə seçki əhval-ruhiyyəsi hiss olunmur. Müxalifət bunu hakimiyyətin anti-demokratik seçki mühiti yaratması, hakimiyyət isə opponentlərinin xalq tərəfindən dəstəklənməməsi ilə əlaqələndirir.Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli ilə söhbətə də bu mövzudan başladıq. - Öncə onu deyim ki, bələdiyyə seçkilərinə maraq olduqca aşağıdır. Digər tərəftən də bələdiyyəni səlahiyyətsiz bir quruma çeviriblər. Hətta Allahın maaşını da vermirlər ki, heç olmasa, bir stimul olsun. Mən özüm Cənub bölgəsində oldum və çalışdım ki, görüşlərdə seçkilərlə bağlı müəyyən stimul yaransın, camaatda maraq oyansın. Amma bu gün elə bir vəziyyət yaranıb ki, onu dəyişmək çətindir. Artıq yerlərdə bələdiyyələrlə bağlı siyahılar tutulub, indidən vədlər verilir. Hətta rüşvətin yığılması ilə bağlı çoxsaylı faktlar da var, yəni bələdiyyə üzvü olmaq üstündə alver gedir. Bütün bunların fonunda bələdiyyə seçkilərində böyük bir fəallığın olacağını gözləmək yersizdir. [b]- Bəs, Siz siyasi partiya olaraq, bu vəziyyəti dəyişmək üçün hansı addımları atırsınız? [/b] - Biz siyasi partiya olaraq, seçki kampaniyası aparmaq istəyindəyik. Bu məqsədlə müəyyən addımları atırıq və istəyirik ki, partiyamızın fəalları bu kampaniyaya qoşulsun. Hər halda ölkədəki seçki mühitinin anti-demokratik olmasına baxmayaraq, prosesdə iştirak edib, sözümüzü deməyə çalışacağıq. [b]- Nurəddin bəy, seçkiöncəsi mühiti qənaətbəxş hesab etmirsiniz. Ümumiyyətlə, ölkədəki ictimai-siyasi vəziyyət barədə nə deyə bilərsiniz? [/b] - Ölkədəki ictima-siyasi vəziyyətlə bağlı münasibət birmənalıdır. Azərbaycan çox ciddi şəkildə geriləmə prosesindədir. Ölkə faktiki olaraq, feodal üsul-idarəsi ilə idarə olunur. Regionlar ayrı-ayrı feodallara tapşırılıb. Bu adamlar heç bir qanunla hesablaşmadan öz bildikləri kimi hərəkət edirlər. Bu gün hakimiyyət xalqdan, müxalifətdən tamamiylə uzaqlaşmış vəziyyətdədir. Özü də ölkə iki prinsip əsasında idarə olunur, bunun biri rüşvət və korrupsiya, digəri isə yaltaqlıq və maddahlıqdır. Bu gün Azərbaycanda nə elmə qiymət verilir, nə də fədakarlıq qiymətləndirilir, neft gəlirləri isə hakimiyyətdəkilərin şəxsi mənafelərinə xərclənilir. Üstəlik, metroda gediş haqqı, qazın qiyməti qaldırılıb, elektrik enerjisinin borcunu faktiki olaraq, ödəmək mümkün deyil, bütün sahələrdə özbaşınalıqdır. Yəni bu gün ölkədə yaxşı nəyinsə adını çəkmək mümkün deyil. Büdcədə təhsilə, səhiyyəyə ayrılan vəsait 5-7 faiz azadlığı halda, yeganə sahədir ki, hüquq-mühafizə orqanlarına kapital ayrılması 7 faiz artırılıb. Onsuz da polisdə, prokurorluq sistemində, məhkəmə orqanlarında işləyənlər professorlardan, müəllimlərdə dəfələrlə çox maaş alırlar. Amma bütün bunların fonunda ölkənin bütün resursları hakimiyyətin qorunmasına xidmət edən strukturlara verilir. Yerdə qalanların hamısı təqib olunur. Səhiyyədə, təhsildə, ümumiyyətlə, hər yerdə insanların hüquqları tapdalanır, xalqın var-yoxu talanır. Yəni ölkədə acınacaqlı vəziyyət yaranıb. Ona görə də hesab edirəm ki, Azərbaycanın gələcəyi çox acınacaqlıdır. Əgər ciddi addımlar atılmasa, hər hansı bir möcüzə baş verməsə, yaxşı heç nə gözləmək lazım deyil. [b]- Müxalifətin aparıcı partiyalarının birinin rəhbərliyində təmsil olunursunuz, ancaq acizanə şəkildə problemləri sadalayırsınız. Müxalifətin işi bundanmı ibarətdir? [/b] - Təbii ki, problemləri sadalamaq yox, eyni zamanda yol göstərmək lazımdır. Mən həmişə müxalifət mövqeyində olmuşam. Xalq Cəbhəsi-Müsavat cütlüyünün hakimiyyətinə, ondan əvvəl kommunist rejiminə müxalifətdə olmuşam. Bütün həyatımı müxalifət cəbhəsində keçirmişəm. Amma bütövlükdə götürəndə bu məsələlərin hamısı xalqa bağlı olan məsələlərdir. Müxalifət öz vəzifəsini yerinə yetirə bilməyəndə, xalqın içərisindən yeni qüvvələr meydana çıxmalıdır. İndi Azərbaycan xalqı elə bir kökə salınıb ki, ona elə bir divan tutulub ki, onun nə mətbuatı mətbuat funksiyasını yerinə yetirə bilir, nə də ictimai institutlar işini görə bilir. Yəni Azərbaycanda ictimai fəallığın səbəbini təkcə müxalifətdə axtarmaqla prosesə obyektiv qiymət vermək olmaz. Bu gün beynəlxalq aləm Azərbaycanın demokratikləşməsi üçün hər hansı bir səy göstərmir. Hazırda bütün dünya gücləri bu hakimiyyətlə əməkdaşlıq edir, hakimiyyət də onların istəklərini yerinə yetirir. Ona görə də Azərbaycanda demokratikləşmə prosesi inkişaf etmir. [b]- Onda belə çıxır ki, oturub gözləmək lazımdır? [/b] - Mən qətiyyən o mövqedə deyiləm ki, bu vəziyyət əbədi davam edəcək. Bu hakimiyyət sonsuza qədər qalmayacaq. Dünyada gedən qlobal dəyişikliklər bu hakimiyyəti də tarixin arxivinə atacaq. Amma əsas məsələ bunun nə vaxt baş verəcəyi ətrafındakı narahatlıqdır. Azərbaycan xalqı özündə təpər tapmalıdır və addımbaşı onun hüquqlarını pozan, sərvətini talayan, zülm edən hakimiyyəti yola salmalıdır. Bu məsələlərdə müxalifəti qınamaq lazım deyil. Xalq özü aktiv olmalıdır ki, müxalifət də onu istiqamətləndirsin. Mən əminəm ki, Azərbaycan müxalifəti dörd il əvvəl regionda ən güclü qüvvə idi. Beynəlxalq güclərlə hakimiyyətin birləşməsi də xalqı və müxalifəti bu günə salıb. Müxalifət nə edə bilər, televiziyaya buraxmırlar, qəzet oxumurlar, belə olan halda mənim fəaliyyətimi nə cür dəyərləndirmək olar? Beynəlxalq təşkilatlar da bu hakimiyyətdən demokratikləşmə tələb etmir. Mən inanmıram ki, ABŞ bu hakimiyyətdən nəsə istəsin, amma o, verməsin. Çünki bu hakimiyyət olduqca qorxaq və zəifdir, heç nəyə qadir olmayan hakimiyyətdir, heç bir strukturu işləmir və hakimiyyət qolları iflic vəziyyətdədir. [b]- Amma Siz dediyiniz bu zəif hakimiyyət neçə ildir ki, iqtidardadır... [/b] - Zorakılıqla, qanunsuzluqla sadəcə sükunət yaratmaq olar. Ədalət və demokratik prinsiplərə söykənən cəmiyyət yaratmaq olmaz. Ona görə də hesab edirəm ki, bu vəziyyət uzun çkməyəcək. Sadəcə, bu gün vəziyyət elədir ki, bu rejimə təpki yoxdur. Bu təpki olanda dəyişikliklər də olacaq. [b]- Bu təpkini kim göstərməlidir? [/b] - Hər şeydən öncə xalq öz taleyinə etinasız yanaşmamalıdır, öz iradəsini ortaya qoymalıdır. Azərbaycanda xalq məfhumu öz haqqını tələb etmək istəmir. Onun böyük əksəriyyəti çörək qazanmaq üçün ölkəni tərk edib. Burada qalanların çox cüzi hissəsi etiraz edirsə də, onalara qarşı təzyiqlər edilir, divan tutulur. Dünyanın bütün ölkələrində dəyişikliklər orta təbəqənin vasitəsi ilə həyata keçirilir. Amma bu hakimiyyət qəsdən Azərbaycanda orta təbəqənin məhv olması üçün əlindən gələni edib. Yəni təpki göstərməli olan qüvvə yoxdur. İkincisi, dünyada demokratikləşmə prosesinə dəstək verən Avropa strukturlarının hamısı bu hakimiyyətin əməllərinə göz yumub. Artıq bu təşkilatların hamısı öz mahiyyətlərini itiriblər və mənasız qurumlara çevriliblər. Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə ilə münasibətlər faktiki olaraq, dövlətlərarası münasibət deyil, sanki iki tayfanın müttəfiqliyidir. İndi neft üstündə davaları düşüb, bölüşə bilmirlər və iki xalqı düşmən etmək istəyirlər. Təbii ki, belə bir şəraitdə xalq dəstək olmadan öz iradəsini ortaya qoya bilməz. Bu fikirləri səsləndirməklə məsuliyyəti başqalarının üzrinə qoymuram. Sadəcə, bu, real situasiyadan doğan acı nəticədir. ?ə zaman situasiya yetişəcək, Azərbaycan geopolitik maraqlar məngənəsində dəyişiklik imkanı qazanacaq, onda demokratiyanın bərqərar olacağına şübhə yoxdur. [b]- Belə bir ağır situasiyada isə müxalifətin əksər partiyalarının bir araya gəldiyi Qarabağ və Respublika Uğrunda Hərəkat parçalanır. Niyə?[/b] - Bu prosesdə biz tərəf deyilik. Təbii ki, mənim baş verənlərə ən obyektiv mülahizələrim var. Amma istənilən konfliktin iştirakçıları çoxalanda problemin həlli də çətinləşir. Bizim partiyanın mövqeyi belədir ki, münaqişədə tərəfə çevrilmək istəmir. Təəssüflər olsun ki, Müsavatla Ümid Partiyası arasındakı fikir ayrılıqları kəskin xarakter aldı və bir arada olmağı mümkünsüz etdi. Amma bununla belə hər hansı bir partiyanın hərəkatı tərk etməsi də böyük faciə deyil. [b]- Arif Hacılı isə deyir ki, Müsavatın hərəkatdan çıxması o qurumun mahiyyətinin itməsi deməkdir. Onunla razılaşırsınız? [/b] - Hər kəs öz partiyasının gücünü yüksək tutmalıdır. Burada təəcüblü bir şey yoxdur. Mən hesab edirəm ki, bu gün Azərbaycanda real siyasi qüvvə "Azadlıq" blokudur. Amma eyni zamanda biz real müxalifətçilik mövqeyində olan qüvvələrlə əməkdaşlıq etməyə hazırıq. Amma indi bu alınmırsa, bunu böyük faciə kimi də qəbul etmək lazım deyil. Bu gün əhalinin mütləq əksəriyyəti müxalifətçilik mövqeyindədir və bu rejimdən can qurtarmaq istəyindədir. İkinci mühüm keyfiyyət dəyişikliyi ondan ibarətdir ki, zaman-zaman Azərbaycan düşərgəsi qeyri-müəyyən bataqlığı xatırladırdı. Amma bu gün o bataqlıq yoxdur. Artıq kimin müxalifət olduğunu bilməmək mümkün deyil və bugünkü salxalanmalar da prinsip etibarı ilə yarı müxalifət olan qüvvələrin düşərgədən kənarlaşdırılması üçün atılan adımlardır. [b]- Bu prosesdə yarı müxalifət kimdir ki, onu kənarlaşdırmaq istəyirsiniz? [/b] - Hələlik mövqeyimizi açıqlamırıq, amma bunu deyəcəyik. Darıxmayın, proses yekunlaşmaq ərəfəsindədir. Bu gün Azərbaycanda hətta siyasətlə məşğul olmayan adamlar da müxalifət deyəndə kimin nəzərdə tutulduğunu yaxşı bilir. Bir müddət əvvəl çaşqınlıq var idi, artıq o qeyri-müəyyənlik aradan qalxıb. Hərəkatda baş verənlər də yaxın zamanlarda öz həllini tapacaq. Biz də partiya olaraq, düzgün hesab etdiyimiz mövqeyi ifadə edəcəyik. Amma hərəkatsız, filansız bizim də təmsil olunduğumuz "Azadlıq" blokunun real müxalifət olduğuna heç kim şübhə edə bilməz. "Azadlıq" yeganə siyasi blokdur ki, burada qərarlar konsensus əsasında həll olunur. Ona görə də heç vaxt hər hansı bir narazılıq üzə çıxmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA