ADP idarə Heyəti Ramiz Mehdiyevlə həmrəylik nümayiz etdirib

img

05-10-2009 [04:06]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ənənəvi olaraq ölkədə və dünyada baş verən ictimai siyasi hadisələr və bələdiyyə seçkiləri ilə əlaqədar məsələlər müzakirə edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İdarə Heyəti (İH) türkdilli dövlətlərin parlament assambleyasının Bakı toplantısı və türkdilli dövlətlərin dövlət başçılarının Naxçıvanda keçirilən sammiti ilə əlaqədar fikir mübadiləsi aparıb. İH ümumilikdə hər iki toplantının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib, lakin bu tədbirlərdə Türkmənistan və Özbəkistanın yüksək səviyyədə iştirak etməməsini, dünyadakı türk xalqlarının əsas problemləri ilə əlaqədar ciddi müzakirələrin aparılmamasını, qurumun üzvü olan ölkələrdə insan hüquqları, demokratiyanın vəziyyəti, azad və ədalətli seçkilərlə bağlı heç bir müzakirənin aparılmamasını tədbirin əsas qüsurları kimi dəyərləndirib. ADP İH qeyd edib ki, partiyanın birinci qurultayında səslənən ideyalardan biri kimi türkdilli ölkələrin birliyinin yaranması və inkişafı bu birliyə daxil olan xalqların maraqlarına tam uyğundur, lakin bu əməkdaşlığın formal deyil, ciddi bir əməkdaşlığa çevrilməsi və bölgədə Avropa Birliyi kimi ciddi bir qurum statusu qazanması daha vacibdir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə növbəti səfərinə diqqət çəkən İH üzvləri, bu səfər zamanı Madrid prinsiplərinin yenilənmiş variantının tərəflərə təqdim olunması haqqında verdikləri məlumatdan narahat olduqlarını bildirib və yeni variantda nələrin nəzərdə tutulduğu haqqında ictimaiyyətə heç bir məlumatın verilməməsini pisləyib. Eyni zamanda Ermənistan prezidentinin xarici ölkələrdə yaşayan ermənilərlə görüşərək onlara danışıqların gedişi ilə əlaqədar məlumat verdiyi halda, Azərbaycan tərəfinin öz xalqına heç bir aydın məlumat verməməsi və ən azı müxalif siyasi partiyalarla Dağlıq Qarabağ məsləsinin həlli ilə bağlı mövcud vəziyyətə dair heç bir məsləhətləşmə aparmaması İdarə Heyəti üzvlərində ciddi narahatlıq doğurub. ADP İH bir daha qeyd edib ki, Ermənistan ərazisinin Azərbaycan əraziləri hesabına genişləndirilməsinə gətirib çıxaran istənilən həll variantı Azərbaycan xalqı tərəfindən rədd ediləcək və xalqın rəyi nəzərə alınmadan əldə olunan istənilən razılaşma legitim olmayacaq. ADP İH-də Prezident adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerli televiziyaların fəaliyyəti ilə əlaqədar dərc olunmuş və səs-küy doğuran məqaləsinə də münasibət bildirilib. Məqalədə göstərilən tənqidi məqamlarla razılaşan İH üzvləri eyni zamanda bu neqativ halların ölkədə yeridilən səhv mətbuat siyasətinin bilavasitə nəticəsi olduğunu, iqtidarın mətbuat siyasəti nəticəsində televiziyaların müxalif fikrin üzünə qapadıldığını, teleməkanda ictimai-siyasi problemlərin deyil, şou və yüngül əyləncələrin üstün yer almasını xüsusi vurğulayıblar. ADP İH Tarif Şurasının metroda gedişhaqlarının üç dəfə artırılmasına və ünvanlı sosial yardımların verilməsinin dayandırılmasına qəti etirazını bildirib, hökumətin bu addımının əhalinin əksəriyyət təşkil edən aztəminatlı hissəsini, xüsusilə də tələbə və təqaüdçüləri çıxılmaz duruma sürüklədiyini qeyd edib. İH hesab edir ki, büdcənin gəlir hissəsindəki defisiti yoxsul təbəqənin hesabına deyil, bahalı və təmtəraqlı layihələrə israf olunan xərcləri azaltmaq hesabına aradan qaldırmaq daha doğru olardı. İH bu barədə çoxlu yazılmasına baxmayaraq, Bakı şəhərinin ayrı-ayrı rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qəddarcasına məhv edilməsi kompaniyasının davam etməsindən ciddi narahat olduğunu da bildirib və bu ekoloji genosidin dayandırılması üçün səlahiyyətli qurumları tədbir görməyə çağırıb. İH-də Bələdiyyə seçkilərinə hazırlıq məsələsi də geniş müzakirə edilib, Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində bu məsələ ilə əlaqədar müzakirələrin bitmədiyi nəzərə alınaraq bu barədə qəti qərarın qəbul edilməsi növbəti iclasa saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA