Müsavat Türkiyə Ermənistan münasibətləri ilə bağlı bəyanat verib

img

26-09-2009 [05:06]


Müsavat Partiyası Türkiyə ilə Ermənistan arasında iki ildir ki, davam edən və ikitərəfli münasibətlərin normallaşmasına yönələn danışıqlar prosesinən narahat olması il bağlı bəyənat yayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Bəyanatda qeyd olunur: ?Dünyanın mürəkkəb və həssas bölgəsi olan, Gürcüstan böhranından sonra xarici təsirlərə açıqlığı daha da artan Cənubi Qafqazda mövcud olan hərbi münaqişələrin uzun müddətdir ki, həll edilməməsi region ölkələrinin daxili inkişafına, eyni zamanda onlar arasında ikitərəfli münasibətlərin inkişafına mane olmaqla bərabər, regional inteqrasiya üçün də ciddi problemlər yaradır və bütövlükdə regionun avroatlantik məkana inteqrasiyasını ləngidir. İdarə olunan regional münaqişələr onların həllində maraqlı olmayan destruktiv qüvvələrin bu regiona, eyni zamanda münaqişə tərəfi olan ölkələrin daxili işlərinə müdaxiləsi üçün də əlverişli şərait yaradır. Demokratik inkişaf və avroatlantik məkana inteqrasiya yolu seçmiş qonşu Gürcüstana 2008-ci ilin avqustunda Rusiyanın təcavüzü, onun separatçı Abxaziya və C.Osetiyanın müstəqilliyini tanıması, onların ərazisində hərbi bazalar yaratmağa başlaması regionda onsuz da ağır olan hərbi-siyasi vəziyyəti heç şübhəsiz daha da ağırlaşdırıb. Digər tərəfdən, Gürcüstan böhranından sonra bütövlükdə regionda Rusiyanın hərbi-siyasi təsiri artsa da, o öz müttəfiqi, forpostu olan və getdikcə ?kalininqradlaşan? Ermənistanla quru əlaqəsini itirmişdir. Gözləmək olardı ki, öz işğalçılıq siyasəti sayəsində regionda yaranmış yeni vəziyyətdə çətin duruma düşən və bu səbəbdən də kompromislərə meylli ola biləcək Ermənistana qarşı nəhayət ki, beynəlxalq təzyiqlər artacaq və bu yeni durum da onu münaqişənin həllində konstruktiv mövqe tutmağa sövq edəcək. Nəhayət sonda Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalacaqdır. Azərbaycan cəmiyyətinin bu gözləntilər içində olduğu bir zamanda çox təəssüf ki, beynəlxalq birlik, xüsusən də qardaş Türkiyə, ABŞ və AB təcavüzkar Ermənistana qarşı təzyiqləri artırmaq və ondan işğal etdiyi əraziləri qeyd?şərtsiz tərk etməyi tələb etmək əvəzinə, gözlənilənin tam tərsinə olaraq onu həvəsləndirmək və cəsarətləndirmək yolu seçibdir. Belə ki, Türkiyə Cumhuriyyətinin baş naziri R.T.Ərdoğanın 13 may 2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisində ?Ermənistan Dağlıq Qarabağın işğalına son vermədikcə Türkiyə-Ermənistan sərhəddi açılmayacaq? bəyanatına rəğmən 31 avqust 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılması və ikitərfli əlaqələrin inkişafına dair iki protokolun artıq paraflandığı rəsmən açıqlandı. Əldə olunan razılaşmaya əsasən 10 oktyabrda bu protokolların imzalanması, ikitərfli əlaqələrin inkişafına dair protokolun qüvvəyə minməsindən iki ay sonra isə sərhədlərin açılması nəzərdə tutulur. Gözlənildiyi kimi ABŞ və AB bu ?normallaşma prosesi?ni dəstəkləməkdədir. Bu arada Türkiyə Cumhuriyyətinin baş naziri və xarici işlər nazirinin öncəki bəyanatlarını təkrarlamasına baxmayaraq hadisələrin bu istiqamətdə inkişafı heç şübhəsiz Azərbaycan cəmiyyətində, eyni zamanda Müsavat partiyasında yenidən narahatlığın baş qaldırmasına və artmasına səbəb olmuşdur. İndiki mərhələdə Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurması, onunla sərhədlərini açması və ticarət-iqtisadi münasibətlərini bərpa etməsi, eyni zamanda bunun üçün ABŞ və AB-nin səy və təzyiqlərini artırması nəinki gözlənildiyi kimi münaqişənin həllinə və bütövlükdə regional inkişafa əhəmiyyətli dərəcədə müsbət təsir göstərməyəcək, əksinə təcavüzkarı siyasi-diplomatik, siyasi-mənəvi, iqtisadi, eyni zamanda dolayısı ilə hərbi-siyasi cəhətdən də gücləndirməklə danışıqlar prosesində onun mövqeyinin daha da sərtləşməsinə səbəb olacaqdır. Digər tərəfdən, Türkiyənin mövcud şərtlərdə Ermənistanla diplomatik münasibətlər qurmağa, sərhədləri açmağa hazırlaşması və bunun üçün onunla ?yol xəritəsi?ni razılaşdırması Azərbaycanla münasibətlərə də təsirsiz ötüşməyəcəkdir. Belə ki, hadisələrin bu istiqamətdə inkişafı bir tərəfdən cəmiyyətimizdə üzüntü ilə qarşılanmış və ciddi narahatlığa səbəb olmuş, digər tərəfdənsə Moskva yönümlü siyasət yürüdən rəsmi Bakının yarana biləcək yeni siyasi durumdan milli maraqlarımıza tərs istiqamətdə istifadə etmə ehtimalı artmışdır. Müsavat Partiyasının Məclisi bir daha bildirir ki, mövcud şəraitdə qardaş Türkiyə Cumhuriyyətinin Ermənistana doğru atmağa hazırlaşdığı bu addımlar nə münaqişənin həllinə, nə regional inkişafa, nə də onun milli və regional maraqlarının inkişafına müsbət təsir etməyəcəkdir. Əksinə, hadisələrin bu istiqamətdə inkişafı ona dost olmayan ölkələrin milli və regional maraqlarının inkişafına əlverişli şərait yaratmaqla bərabər, Türkiyənin regionda təbii müttəfiqi olan dost və qardaş Azərbaycanla strateji dərinliyi olan və böyük potensialı hələ tam açılmamış ikitərəfli münasibətlərinə zərbə vura bilər. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından daim narahat olan ölkələr və güclər ikitərəfli münasibətlərin inkişafında yarana biləcək bu xoşagəlməz durumdan heç şübhəsiz yararlanmağa çalışacaqlar. Eyni zamanda təbii müttəfiqimiz olan qardaş Türkiyə ilə ikitərəfli münasibətlərin bu günkü durumu, ümumiyyətlə regionda yaranmış mövcud durum və gözlənilən inkişaf persüpektivləri, Azərbaycan hakimiyyətinin milli maraqlara söykənən xarici siyasət konsepsiyasının, münaqişənin həlli ilə bağlı bir həll planının olmadığını və onun apardığı xarici siyasət kursunun iflasını göstərir. Qardaş türk xalqının, müxalifətinin, QHT və KİV-lərinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı mövqeyini məmnuniyyətlə qarşılayan, həmçinin rəsmi Ankaranın da bəyanatlarını nəzərə alan Müsavat Partiyasının Məclisi Cənubi Qafqazda yaranmış mövcud durumdan və onun inkişaf meyllərindən, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərindən yuxarıda göstərilən səbəblərdən dərin narahatlıq duyduğunu bildirməklə bərabər, bir daha böyük dövlətçilik təcrübəsi olan Türkiyə Cumhuriyyətinin hökumətini qısamüddətli, taktiki maraqlar naminə strateji önəm daşıyan ikitərəfli münasibətlərimizi yaralaya biləcək addımlar atmaqdan çəkinməyə, qardaşlıq və dostluq münasibətlərimizin sınaqdan keçdiyi bu dönəmdə daha həssas olmağa çağırır. Müsavat Partiyasının Məclisi eyni zamanda, bir daha Azərbaycan hökumətini ikitərəfli münasibətlərə zərbə vura və ya kölgə sala biləcək tələsik addımlar atmaqdan çəkinməyə, xalqımızı isə ayıq-sayıq olmağa, iki dost və qardaş dövlət arasında mövcud olan münasibətləri pozmaq üçün fürsət axtaranlara meydan verməməyə çağırır. İnanırıq ki, tarixin sınağından dəfələrlə uğurla çıxan Türkiyə-Azərbaycan qardaşlığı bu sınaqdan da möhkəmlənərək çıxacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA