Elmar Məmmədyarov ABŞ-da Dağlıq Qarabağ münaqizəsi barədə çıxız edib

img

23-09-2009 [12:00]


Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 22-də BMT-nin Baş Assambleyasına səfəri çərçivəsində Nyu-Yorkda yerləşən, dünyanın ən nüfuzlu təhsil müəssisələrindən olan Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Məsələlər Məktəbində (SİPA) ?Azərbaycanın xarici siyasəti: təsir edən amillər və prioritetlər? mövzusunda çıxış edib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə XİN-nin mətbuat xidmətindən daxil olub. Məlumata görə, tədbiri ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın yeni müstəqil dövlətlər üzrə xüsusi elçisi, hazırda SİPA-nın professoru səfir Stefen Sestanoviç aparıb. Nazir E.Məmmədyarov təqdimatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, münaqişənin həll olunmamasının regional və beynəlxalq vəziyyətə təsiri, nizamlanma prosesi və bununla bağlı ölkəmizin mövqeyi haqqında danışıb. Xarici siyasətimizə təsir edən digər amillər kimi ölkəmizin geosiyasi yerləşməsi və zəngin təbii ehtiyatlarını qeyd edən nazir Azərbaycan rəhbərliyi tərəfindən bu iki amildən ölkənin regional və beynəlxalq əməkdaşlığı və iqtisadi inkişaf və sosial rifahının təmin edilməsi üçün uğurla faydalanması istiqamətində həyata keçirilən strategiya barədə, habelə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu regional və beynəlxalq əhəmiyyətli enerji və infrastruktur layihələri barədə məlumat verib. E.Məmmədyarov beynəlxalq təhlükəsizliyin və asayişin təmin olunmasına Azərbaycanın verdiyi töhfə, bu xüsusda ölkəmizin Əfqanıstan və İraqda beynəlxalq sülhyaratma əməliyyatları çərçivəsində apardığı fəaliyyət, habelə həyata keçirdiyi mülki-infrastruktur, humanitar layihələr barədə danışıb. Nazir E.Məmmədyarov həmçinin, ölkəmizin Avro-Atlantik strukturları, xüsusilə də NATO və Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində mövcud planlar və proqramlar barədə məlumat verib. Sonra görüş sual-cavab şəklində davam etdirilmiş və nazir E.Məmmədyarov görüş iştirakçılarının ölkəmizdə və regionumuzda gedən proseslər barədə çoxsaylı sullarına cavab verib. Həmin gün nazir E.Məmmədyarov Sloveniyanın xarici işlər naziri Samuel Sboqanla görüşüb. Görüşdə Azərbaycanla Sloveniya arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, habelə Azərbaycan-Avropa İttifaqı, xüsusilə də Aİ-nin Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Cənubi Qafqaz regionundakı vəziyyət də görüşdə əsas müzakirə mövzusu olub və diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəldən nazir E.Məmmədyarov münaqişənin həlli ilə bağlı danışıqlar prosesi və nizamlanmaya dair ölkəmizin mövqeyi barədə məlumat verib. Həmin gün nazir Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini də qəbul edib. Görüşdə Azərbaycan-Aİ arasında müxtəlif sahələr üzrə münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Cənubi Qafqadakı vəziyyət, habelə enerji və digər mövzulara dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA