19-09-2009 [05:16]
Sentyabrın 18-də Vaşinqtonun nüfuzlu Corctaun Universitetində keçirilən konfransda Azərbaycan diplomatik xidmətinin yaradılmasının 90 illiyinə həsr edilmiş ?ABŞ-Azərbaycan strateji tərəfdaşlığı: yeni ikitərəfli və regional meyarlar? mövzusunda konfrans keçirilib. Konfransda Vaşinqtonda işgüzar səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da çıxış edib. Ölkəmizin Vaşinqtondakı səfirliyi və universitetin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzi tərəfindən birgə təşkil edilən konfransı giriş sözu ilə Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev açmışdır. O qeyd etmişdir ki, illik ənənəvi foruma çevrilən bu konfrans ABŞ-ın yeni siyasi mövsümündə ölkəmizin vacibliyini xatırlatmaq, yaşadığımız mürəkkəb və dinamik bölgənin reallıqlarını və potensialını çatdırmaq üçün gözəl imkan idi.
Konfransda mövzu üzrə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, dövlət katibinin demokratiya və insan haqları üzrə sabiq müavini Deyvid Kremer, eləcə də Senatın Xarici Münasibətlər üzrə Komitəsinin sabiq üzvü Chak Heyqlz cıxış etmişlər.
Natiqlər ABŞ-Azərbaycan münasibətlərinin cəmləşdiyi əsas üç sahə - enerji, təhlükəsizlik, iqtisadi və demokratik islahatlar üzrə əməkdaşlığa nəzər salmış, yeni siyasi tövsiyələrlə çıxış etmişlər.
Dövlət katibinin müavini Uilyam Berns vurğulamışdır ki, Azərbaycan Birləşmiş Ştatlar üçün əhəmiyyət kəsb edən, Avropa, Asiya və Yaxın Şərq bölgələrinin kəsişməsində duran strateji tərəfdaşdır. Ölkələrimiz antiterrordan tutmuş, qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması da daxil olmaqla, geniş mövzular üzrə əməkdaşlıq edir. Sabit və inkişaf edən Azərbaycan sabit və çiçəklənən Qafqaz bölgəsi deməkdir. O qeyd etmişdir ki, Birləşmiş Ştatlar Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə gedən demokratik dövlət kimi müvəffəqiyyət qazanmasını, qonşuları ilə sülh şəraitində yaşamasını arzu edir. Bu, təkcə Azərbaycanın deyil, ABŞ-ın da marağındadır. Cənab Berns bildirmişdir ki, ABŞ Azərbaycanın Dağlıg Qarabağla baglı təhlükəsizlik narahatçılığını yaxşı anlayır. Prezident Barak Obama və dövlət katibi Hillari Klinton münaqişənin dinc yolla həll edilməsini dəstəkləmək üçün əllərindən gələni etməyə hazırdırlar. Prezident İlham Əliyev və Prezident Sarkisyan arasında sülhməramlı danışıqların son mərhələsini xatırladan dövlət katibinin müavini, bu səylərin növbəti görüş zamanı konkret nəticələrə gətirəcəyinə ümid bəslədiyini bildirmişdir.
Uilyam Berns ?Azərbaycan hökuməti korrupsiya ilə mübarizənin milli strategiyaya daxil edildiyinə inandırır. Ancaq müstəqil mətbuat olmadan bunu necə edə bilər?? deyərək Azərbaycan rəsmilərinə sual edib: ?Azad mətbuat və güclü vətəndaş cəmiyyəti korrupsiya ilə mübarizənin və vətəndaşları müdafiə etməyin ən səmərəli vasitəsidir. Müxalifət jurnalistlərinin davamlı həbsi, o cümlədən xarici radiostansiyaların ? AzadlıqRadiosu, ?Amerikanın səsi? və BBC-nin yayımının dayandırılması bu sahədə ciddi narahatlıq doğurur?.
U.Berns ?Transparency International?ın hesabatına istinadən Azərbaycanın dünyanın ən çox korrupsiyalaşmış ölkələrdən biri olduğunu xatırladıb, deyib ki, korrupsiya əlavə vergi kimi kiçik biznesə ağır yükdür : ?O, qanunçuluğu və hüquq-mühafizə orqanlarını içindən dağıdır?.
Amerika rəsmisi deyib ki, demokratik dövlətlərdə bu kimi hallar cəzasız qala bilməz.
Qaynar.info-nun verdiyi xəbərə görə, Alman Marşal fondunun təhlilçisi, ABŞ Dövlət katibinin Demokratiya, İnsan hüquqları və əmək məsələləri üzrə müavininin yardımçısı olmuş Deyvid Kremer konfransdakı çıxşında Azərbaycan hökümətinin ünvanına bir sıra sərt tənqidlər ünvanlayıb.
O, öz çıxışında demokratiya, mətbuat azadlığı və insan haqları məsələsinə geniş yer verib. ?Azərbaycan ABŞ-ın dostudur, bizim qarşılıqlı maraqlarımız var və iki ölkə arasında sağlam münasibətlər mövcuddur.?-deyə o bildirib.
Deyvid Kremer Obama adminstrasiyasının Şərqi Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planlarına yeni dəyişikliklər əlavə etmək qərarından danışaraq, bunun Azərbaycanın əhəmiyyətinə birbaşa təsir göstərdiyini bildirib. O deyib ki, administrasiyanın qərarı Azərbaycanın əhəmiyyətini qaldırır. O, diqqəti Pentaqonda brifinq zamanı ABŞ generalı Kartraytın radarın Qafqazda yerləşdirilə biləcəyini deməsinə çəkib. Kremer əlavə edib ki, Qafqazın üç respiblikası arasında yalnız Azərbaycanda radar var. O, Azərbaycanın İranın qonşusu olması və orada yaşayan milyonlarla etnik azərbaycanlının yaşamasına görə ABŞ üçün geosiyasi əhəmiyyətinin daha da artdığını qeyd edib.
Kremerin sözlərinə görə, təhlükəsizlik və enerji sahələrində iki ölkə arasında münasibətlərin səviyyəsi olduqca yaxşıdır. Lakin demokratiya və insan hüquqları sahəsi də eyni dərəcədə əhəmiyyət daşıyır. ?Azərbaycan regionda bir model rolunu oynaya bilər. Bu, ən əvvəl onun öz maraqlarına xidmət edir.?- deyə o əlavə etdi. O qeyd edib ki, ABŞ Azərbaycanı inkişaf etmiş, demokratik bir ölkə, sabit bir tərəfdaş kimi görmək istəyir. ?Mən dost kimi danışıram? deyən Kremer ABŞ-ın Azərbaycanla bağlı narahatlıqlarını göstərib. O, mətbuat və söz azadlığı, insan hüquqları sahəsində vəziyyətin narahat doğurduğunu və demokratik inkişafın olmadığını bildirib.
O, keçən il Azərbaycan hökumətinin Azadlıq radiosu, Amerikanın səsi və BBC kimi xarici yayım şirkətlərinin yayımının dayandırılması qərarının təəssüf hissi doğurduğunu və xarici yayımların bərpa ediləcəyinə ümid etdiyini deyib. Kremer jurnalistlərin həbsləri, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin məhdudlaşdırıldığını, blogerlər Adnan Hacızadə və Emin Millinin həbs edildiyini qeyd edib.
Kremer korrupsiya problemini xüsusi vurğulayıb və ABŞ-ın korrupsiya ilə mübarizə sahəsində Azərbaycana kömək etmək istədiyini bildirib.
Kremer Bakıda olduğu müddət Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərini xatırladı və bu görüşlərin konstruktiv olduğunu və anlaşma şəraitində keçdiyi bildirdi.
Deyvid Kremer sonda vurğulayıb ki, rəsmi Bakı ABŞ hökuməti üçün Azərbaycanla münasibətlərdə demokratiya və insan hüquqları məsələlərinin təhlükəsizlik və enerji məsələləri qədər əhəmiyyətli olduğunu başa düşməlidir.
Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov Deyvid Kremerin tənqidlərinə cavab verərək, öz tənqidlərini ABŞ hökumətinə çatdırmaq istədiyini bildirib.
O, 907-ci əlavənin Azərbaycana tətbiq edilməsi və onun indiyə qədər qüvvədə qalmasını qeyd etdi. Araz Əzimov iki ölkə arasında münasibətlərin tarixinə nəzər salaraq, diqqəti 1994-cü ildə əsrin müqaviləsinin imzalanmasna çəkib və bunun ABŞ-Azərbaycan arasında əlaqələrdə mühüm bir mərhələnin başlanğıcından xəbər verdiyini bildirib.
Nazirmüavini qeyd edib ki, Azərbaycanın atdığı addımlar regionda digər ölkələrin inkişafına da təkan verib. Onun bidirdiyinə görə, Azərbaycan regionda yeganə ölkədir ki, enerji təchizatının divertifikasiyasına nail ola bilib.
Araz Əzimov Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizəsini xüsusi qeyd edib. O, demokratiya və insan hüquqları sahəsində vəziyyətlə bağlı tənqidlərə cavab verərək bildirib ki, Azərbaycanda demokratik inkişafın olmadığını demək düzgün deyil.
Nazir müavini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından danışaraq deyib ki, münaqişə beynəlxalq qanunlar çərçivəsində həll olmalıdır.
Araz Əzimov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. O, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsinə toxunaraq deyib ki, Baş nazir Ərdoğan, prezident Gül və Xarici İşlər naziri Əhməd Davudoğlu işğal edilmiş ərazilər azad edilməyənə qədər sərhədlərin açılmayacağını dəfələrlə bəyan ediblər.