Bələdiyyələrə icra hakimiyyəti orqanları tərəfindən təzyiqlər olur

img

16-09-2009 [07:25]


Bu gün Milli Məclisin (MM) Regional məsələlər komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçirildi. İclası açıq elan edən komitənin sədri Arif Rəhimzadə yaz sessiyası ilə bağlı hesabat verdi. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, komitə sədri qeyd etdi ki, sessiya çərçivəsində komitənin 10 iclası keçirilib və 23 qərar qəbul edilib. Komitənin fəaliyyətinin birinci istiqaməti hazırda qüvvədə olan qanunlara əlavə və dəyişikliklərin olunması ilə bağlı olub. İkinci istiqamət respublikanın inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi olub. Sessiya çərçivəsində Şirvan, Naxçıvan şəhərlərinin ərazisi genişləndirilib. Eyni zamanda, Goranboy rayonuna məxsus torpaqların bir hissəsi kurort şəhəri olan Naftalana verilib. Komitənin fəaliyyətinin üçüncü istiqaməti xırda bələdiyyələrin birləşdirilməsi yolu ilə yeni bələdiyyələrin yaradılması yolu olub. Bunun nəticəsində respublikadakı bələdiyyələrin sayı 2757-dən 1718-ə düşüb. A.Rəhimzadə qeyd etdi ki, bələdiyyələrin birləşdirilməsi onların maliyyə imkanlarını artıracaq və ümumi inkişafa təkan verəcək. Onun sözlərinə görə, sessiya çərçivəsində komitə üzvləri seçicilərin problemlərinin həllinə də çalışıblar. Komitəyə daxil olan bütün şikayətlər araşdırılıb. Komitə üzvləri Milli Məclisdə 400-dən çox vətəndaşı qəbul ediblər. Deputatlar sessiya çərçivəsində 70-dən artıq tədbirdə də iştirak ediblər. Eyni zamanda, mütəmadi olaraq bələdiyyə üzvləri ilə görüşlər keçirilib. Komitə üzvləri sədrin hesabatını qəbul etdilər. Bundan sonra komitənin payız sessiyası üçün iş planı müzakirə edildi. A.Rəhimzadə qeyd etdi ki, iş planına bir neçə yeni qanun layihəsi daxil edilib. Bunlardan birincisi bələdiyyələrin parlament qarşısında hesabat verməsi ilə bağlıdır. Belə ki, mart ayında keçirilən referendumla Konstitusiyaya bələdiyyələrin parlament qarşısında hesabat verməsi müddəası daxil edilib. Hazırda parlamentdə belə bir qanun layihəsinin hazırlanmasına başlanılıb. Komitə sədri dedi ki, bu qanun layihəsi ilə bağlı həm beynəlxalq təşkilatların, həm də ekspertlərin çoxsaylı təklifləri var. Hazırda həmin təkliflər də öyrənilir. Onun sözlərinə görə, Azərbaycanda bələdiyyələrin parlament qarşısında hesabat verməsinin əsaslarını özündə əks etdirən qanun layihəsinin qəbul edilməsinə böyük ehtiyac var. Həmin qanun layihəsində bələdiyyələrin bütövlükdə buraxılması müddəası da əksini tapacaq. A.Rəhimzadə bildirdi ki, mövcud qanunvericilikdə bələdiyyələrin bütövlükdə buraxılması ilə bağlı boşluq var. Yeni qanunda bələdiyyələrin hansı hallarda buraxıla biləcəyi ilə bağlı konkret fikirlər yer alacaq. Bundan əlavə, bələdiyyələrin parlament qarşısında hesabat verməsi onların müəyyən problemlərinin həllinə də yardımçı olacaq. Komitə sədrinin sözlərinə görə, bəzi hallarda bələdiyyələrin yol verdikləri nöqsanlar onlardan asılı olmur. Müəyyən addımların atılması ilə bağlı bələdiyyələrə icra hakimiyyəti orqanları tərəfindən təzyiqlər olur. Bələdiyyələr parlamentdə hesabat verərkən bu cür məqamlar da üzə çıxacaq. A.Rəhimzadə ümidvar olduğunu bildirdi ki, belə olan halda icra hakimiyyəti orqanları bələdiyyələrin işinə daha az qarışacaqlar. Onun sözlərinə görə, payız sessiyasında respublikanın inzibati ərazi bölgüsündə müəyyən dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Bundan əlavə, iş planına Sabirabad və Saatlı, Biləsuvar və Sabirabad, İmişli rayonları arasındakı torpaq mübahisələrinin həlli ilə bağlı məsələ də daxil edilib. İclasda çıxış edənlər "Bələdiyyələrin birləşməsi, ayrılması və birgə fəaliyyəti haqqında" qanunun təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirdilər. Qeyd olundu ki, mövcud qanunda bir çox boşluq var. Məsələn, yeni bələdiyyələrin hansı formada təsis edilməsi qanunda əksini tapmayıb. İrad və təkliflər nəzərə alınmaqla iş planı təsdiq edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA