Fazil Mustafa:"2010-da müxalifətin imkanları hakimiyyətə qalib gəlmək gücündə deyil"

img

30-08-2009 [06:07]


Bələdiyyə seçkilərinin yaxınlaşdığı bir ərəfədə müxalifətin bəzi nümayəndələri Seçki Məcəlləsində dəyişikliklər tələb edir. Hakimiyyət tərəfi isə öz mövqeyində qalmaqda israrlıdır. Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa da seçki qanunvericiliyində dəyişikliklərin tərəfdarıdır. Amma bunun bələdiyyə seçkilərinə kimi reallaşacağını düşünmür: - Seçki Məcəlləsinə dəyişiklik tələb etmək indiki şəraitdə real nəticəyə gətirib çıxarmayacaq. Çünki artıq gecdir, hardasa bir ay sonra bələdiyyə seçkiləri elan olunacaq. Bu müddət ərzində real deyil ki, hakimiyyət qanunda dəyişiklik eləsin. Əslində bələdiyyələrin statusunun qaldırılması ilə bağlı qanunda dəyişikliklərin edilməsinə ehtiyac var. Bu zaman icra strukturlarının daha güclü vəziyyətdə qalması onların nəzarət imkanlarını genişləndirir, bələdiyyələrin güclənməsi isə cəmiyyətin təşəbbüskarlığını artırır. Təşəbbüskarlıq isə hakimiyyət tərəfindən təhlükəli amil kimi qiymətləndirilir. Ona görə də indiki vəziyyətdə dəyişikliyə gedilməsi real deyil və hər hansı bir şəkildə bələdiyyələrin statusunun qaldırılacağını gözləmək olmaz. Bu da Azərbaycanda yerli özünüidarənin inkişaf etməyəcəyinin əlamətlərindən biridir. [b]- Necə düşünürsünüz, Sizcə, hakimiyyət dəyişikliklər etməmək üçünmü bu məsələni son ana saxlayır? [/b] - Bizdə bütün fəaliyyətlər ənənəvi üslubda gedir. Hər dəfə seçkiyə az qalmış, həm də görüntü xarakterli addımlar atılır ki, biz təklif elədik, amma hakimiyyət buna getmədi. Bu da hesabatlarda yer almaq üçün faydalıdır. Amma real vəziyyəti dəyişəcək imkan ortaya qoyulmur. Bu baxımdan, məncə, hakim partiyanın hər hansı proqramına qarşı daha demokratik proqramla çıxış eləmək və televiziya imkanlarından istifadə edərək təbliğatı qurmaq daha vacib məsələlərdən sayılmalıdır. [b]- Bəs, Siz necə, seçki qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı hər hansı tələb irəli sürmüsünüz? [/b] - Bizim xüsusi tələbimiz olmasa da, bu təklifləri dəstəkləyirik. Sadəcə, bu tələblərin yerinə yetirilməsi mühiti Azərbaycanda yoxdur. Hakimiyyət təkcə bələdiyyə seçkisi deyil ki, prezident seçkilərində hansı dəyişikliklərə getdi? Parlament seçkilərində hansısa dəyişikliyə getdimi? Hakimiyyət ümumiyyətlə, partiyaların siyasətdə iştirakı mexanizmini həzm edə bilmir. Belə bir vəziyyətdə siyasi partiyaların təkliflərinin hər hansı bir formada qəbul olunacağı real deyil. Necə ki, "Siyasi partiyalar haqqında" Qanunu iki ildir vermişik, amma Milli Məclis onu müzakirəyə çıxarmır. Lakin Yeni Azərbaycan Partiyası "dəyişikliklər etmək lazımdır",-deyən kimi bir canlanma başlayır ki, bunu müzakirəyə çıxarmaq ola. Bu isə o deməkdir ki, Azərbaycanda təşəbbüs də inhisara alınıb. Yəni tşəbbüsü də hakim partiya irəli sürməlidir ki, müzakirəyə çıxarılsın. [b]- Əgər bu gün müxalifətin sözü eşidilmirsə, bunun səbəbini müxalifətin özündə axtarmalı deyilikmi? [/b] - Bu, güc, tarazlıq məsələsidir. Belə ki, müxalifətin gücü hakimiyyətə təzyiq edib nəyəsə nail olmağa çatmır. Digər tərəfdən, hakimiyyətin özü də hər hansı şəkildə demokratik islahatlara maraqlı görünmür. Bu da Azərbaycanın ən böyük problemlərindən biridir. [b]- Siz isə bu hakimiyyətlə uzlaşma siyasətini yürüdürsünüz. Yürütdüyünüz siyasi kurs yanlış deyilmi? [/b] - Hakimiyyətin ölkədə demokratik islahatlara meyllənmək vaxtı tədricən gəlib çatmalıdır. Bunun üçün yenə də səbrlə mübarizə aparıb, kursu davam etdirmək lazımdır. Diqqət edirsinizsə, hakimiyyət təkcə müxalifətə münasibətdə belə deyil, iqtisadiyyata da, səhiyyəyə də, təhsilə də münasibət belədir. Azərbaycanın təhsili, səhiyyəsi hansı problemləri yaşayır? Altı ay öncə çəkilmiş asfaltı dağıdıb yenidən çəkirlərsə, bu, büdcə pullarının necə dağıdılmasını göstərir. Yəni bütün hallarda hər hansı bir demokratik, şəffaf mühitin yaradılması düşüncəsi mənimsənilməyib. Amma bundan da imtina edib, üstəlik, hər hansı kəskin təzyiq gücü də yoxdursa, yenə də bizim kursumuz cəmiyyət üçün daha faydalıdır. Hər halda tənqidi fikirlərin artması hakimiyyətin özündə də müəyyən problemlərə yeni baxışların formalaşmasını stimullaşdıra bilər. Ona görə də bizim tutduğumuz yolun başqa bir alternativi yoxdur. Başqa alternativ izolyasiya yoludur. Necə ki, bu gün müxalifət partiyalarının müəyyən bir qismi bu izolyasiyanın içində daha əhəmiyyətsiz qurumlara çevrilirlər. [b]- Bəs, belə qorxaq tənqid hakimiyyətin dəyişikliklərə getməsini daha da uzaq gələcəyə aparmırmı? [/b] - Bu, qorxaq tənqid məsələsi deyil. Azərbaycanda çox qəribə paradoks var. Mən həmişə bunu deyirəm, biz bu hakimiyyətlə hesablaşırıq, amma razılaşmırıq. Digər müxalif düşüncə də var, hakimiyyətlə hesablaşmırlar, amma daxillərində razılaşırlar. Bu isə əslində daha saxtakar yoldur. Ona görə də hesab edirəm ki, Azərbaycanda siyasətə baxış dəyişilməlidir. Artıq 20 il öncənin ab-havasnda siyasətə baxış yoxdur. İnsanların qarşısında siyasətdə mütləqlik tələbi də qoyulmur. Daha çox cəmiyyətə xidmət etməyin mümkün yolları axtarılmalıdır. Bizim çalışdığımız budur. Tutaq ki, əgər parlamentdə təmsil olunmaqla, yüz nəfərə hansısa formada köməklik edə, yaxud tribunadan nəyisə deyə, televiziyadan ölkənin hansısa problemləri ilə bağlı fikirlərimizi cəmiyyətə çatdıra bilirksə, bundan imtinanın alternativi təcrid olunmadır. Biz bu təcridolunmanın da effektsizliyini bilirik, çünki həmin yoldan çıxıb gəlmişik. Bu səbəbdən də düşünürəm ki, yenə də səbrlə Azərbaycanı demokratikləşməyə gətirmənin yolu, üslubu indi bizim düşündüyümüzdən fərqli olmayacaq. Əvvəl-axır bütün qüvvələr bu üsluba üstünlük verəcəklər. [b]- Fazil bəy, bələdiyyə seçkiləri yaxınlaşır, müxalifətin bir hissəsi seçkidə birgə iştirak qərarı verib. Siz necə, seçkidə əməkdaşlıq barədə düşünürsünüzmü? [/b] - Partiyamız artıq qərar verib. Seçki qərargahımız aktiv işləyir, rayon təşkilatları namizədləri müəyyənləşdirir. Yəqin ki, yaxın 10-15 gündə bütün namizədlər müəyyənləşəcək. Çalışacığıq ki, mövcud bələdiyyələrin ən azı 23 hissəsini əhatə edək, çünki buna potensialımız var. Bu məsələni həll edəndən sonra seçki prosesinin gedişində ola bilsin ki, hansısa partiyalarla əməkdaşlıq edək. Bu dəfəki seçkidə BAXCP ilə əməkdaşlıqdan söhbət gedə bilər. Bu istiqamətdə onlar da müstəqil fəaliyyətlərini göstərirlər. Gedişatda biz gücümüzü, imkanlarımızı bir daha müzakirə edib, ya blok şəklində, ya da ayrı-ayrılıqda bir-birimizə dəstək verməklə, seçkidə iştirak edə bilərik. [b]- Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyalarla əməkdaşlıq tamamiylə istisna olunur, yoxsa... [/b] - Xeyr. Onlarla da əməkdaşlıq mümkündür. Çünki bələdiyyə seçkiləri daha çox yerlərdə cəmiyyətə xidmət seçkiləridir. Burada qarşılıqlı əməkdaşlığa getmək olar. Əslində onlarla bizim fikirlərimizdə elə də fərq yoxdur. Sadəcə, biz cəmiyyətə daha açıq reallıqları söyləməyin tərəfdarıyıq. Biz problemləri həll etmək qabiliyyətinə malik olmadığımız vəziyyətdə "Biz bunu həll edəcəyik",- kimi papulist yanaşma ilə xitab etmirik. [b]- Sözlərinizdən belə anlaşılır ki, onlar cəmiyyətə yalan vədlər verirlər... [/b] - Söhbət onlardan getmir. Dünya görüşü fərqlərini hansısa blokla eyniləşdirmirəm. Çünki həmin blokda təmsil olunanlar fərqli platforma ilə çıxış edən qüvvələrdir. Mən özümüzün davranışını ifadə edirəm. Ancaq bizim hansısa qapıya elçiliyə getməyimiz, yaxud da kiməsə "sertifikat təqdim etməyə", açığı, nə marağımız var, nə də belə bir haqqı olan qüvvənin olduğunu görmürük. Ona görə də öz yolumuzla gedib Azərbaycana daha çox xeyir verməyi düşünürük. [b]- Bəzi müxalifət nümayəndələri 2009-cu il seçkilərini qarşıdan gələn 2010-cu ilə hazırlıq kimi dəyərləndirir və gələn ilin aktivlik ili olacağını deyirlər. Bu barədə nə düşünürsünüz?[/b] - İldən-ilə hazırlıq prosesi yaşamaq, yaxud bunu imitasiya eləməyin bir mənası yoxdur. Hakimiyyətə qarşı mübarizədə yeni metodlar tapılmalıdır. Xüsusiylə də özünü hakimiyyətə gəlməyə daha hazır sayan qüvvələr bunu cəmiyyətə təqdim eləməlidirlər. Çünki cəmiyyətin həyat səviyyəsində müəyyən problemlər, narazılıqlar var. On illərdir bu narazılığı müxalifət özünə dəstək amilinə çevirə bilməyibsə, bu, getdikcə daha da çətinləşməyə, ümidsizlik yaranmasına səbəb olacaq. Ona görə də ili müəyyənləşdirib hansısa addımlar atmaq əvəzinə, yaxud da seçki prosesinə nəyisə təsir etmək haqqında yuxarı fikirlər səsləndirib, sonra da seçki prosesinə qatılmamaq, ya da güc nümayiş etdirməməklə daha çox nüfuzdan düşmək olur. Bu səbəbdən də, məncə, illə, seçkiylə, yaxud hansısa tarixi hadisəylə nəyinsə canlanacağı illuziyasını yaratmaq doğru yanaşma deyil. Bütövlükdə proqram xarakterli addımlar atılmalıdır. Məncə, bu addımları elmi cəhətdən əsaslandırıb ardıcıl proqrama çevirə bilsə, müxalifətin Azərbaycandakı prosesləri dəyişdirmə, yaxud müəyyən dərəcədə yaxşılaşdırma imkanları yarana bilər. [b]- Bu imkanlar 2010-da reallaşa bilərmi? [/b] - 2010-da müxalifətin imkanları hakimiyyətə qalib gəlmək gücündə deyil. Amma 2010-da situasiyanı yaxşılaşdırmaq mümkündür. Bu, daha real görünür. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA