Məhkəmədə ifadə verən Hüseyn Arabul özünü təqsirli bilmir

img

26-08-2009 [04:35]


Bu gün ?Barmek-Azərbaycan? şirkətinin sabiq prezidenti Hüseyn Arabul və daha beş nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Arabulla yanaşı daha beş nəfər mühakimə olunur. Türkiyə vətəndaşı Ayhan Dönməz, Azərbaycan vətəndaşları Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev, Ramal Ələkbərov adlı bu şəxslər sərhədi qanunsuz keçmək istəyən Hüseyn Arabula dəstək verməkdə günahlandırılır. Bu günkü prosesdə Hüseyn Arabulun geniş şəkildə ifadə verməsi nəzərdə tutulsa da, türkiyəli iş adamı bundan imtina edib. O, bunu daha bir neçə nəfər şahidin prosesə çağırılmaması ilə əsaslandırıb. Lakin sonradan türk iş adamı bəzi məqamları açıqlayıb. Hüseyn Arabul ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini, sərhədi keçərkən isə huşsuz vəziyyətdə olduğunu söyləyib. Bundan başqa, ?Barmek? rəhbəri özünü ona qarşı elan olunan ittihamlarda təqsirli bilməyib. Hüseyn Arabul fadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını, onların əsassız olaraq həbs edildiyini və buna görə vicdan əzabı çəkdiyini bildirib. O həmçminin sərhədə gedərkən qəribə hiss yaşadığını, özündə olmadığını deyib və bunu şəkər xəstəliyindən əziyyət çəkməsi ilə əlaqələndirib: ?Ayılanda gördüm ki, sərhəddəyəm. Sərhəddə saxlanılarkən özümü aldadılmış hiss etdim?. Arabul əsas və geniş ifadəsini bütün şahidlər dindiriləndən sonra verəcəyini və bundan sonra bütün məsələlərə aydınlıq gətiriləcəyini deyib. İş adamı bu ifadəsindən sonra rüşvət verməklə bağlı ittihamın əsassız olmasının sübut ediləcəyinə əminlik bildirib: ?İfadəmdə hər şeyi izah edəcəm. Məhkəmə də bununla bağlı dövlət qulluqçuları haqqında tədbir görmək məcburiyyətində qalacaq. Əks halda, bu işdən Avropa Məhkəməsinə şikayət edəcəm?. Daha sonra prosesdə Şəmkirdə yerləşən qonaq evinin əməkdaşları ifadə veriblər. Onlar Hüseyn Arabul və daha bir neçə nəfərin bu il mayın 29-da sözügedən qonaq evində gecələdiyini təsdiqləyiblər. Qeyd edək ki, H.Arabul və Türkiyə vətəndaşı Ayhan Dönməz, Azərbaycan vətəndaşları - Mahir Lətifov, Elnur Hüseynov, Famil Quliyev, Rəmal Ələkbərov sərhədi qanunsuz keçmə, rüşvət vermədə ittiham olunurlar. İttiham aktına görə, Hüseyn Arabul Ahmet Arslanın adına yazılmaqla öz fotoşəkli yapışdırılmış saxta sürücülük vəsiqəsi əldə edib. O, özünü Avşar kimi təqdim edən Türkiyə vətəndaşı İrfan Altınbarmakı Azərbaycana dəvət edərək əvvəlcə yük maşınları ilə Qazaxıstana getməyi planlaşdırıb. Lakin bu planı həyata keçirə bilmədiyindən ölkəni Gürcüstan istiqamətindən tərk etməyi qərara alıb. Arabul Şəmkir və Qazax rayonunda Əhməd adı ilə yaşayıb və tanınmamaq üçün saçını rəngləyib, özünə istirahət edən adam görkəmi vermək məqsədilə balıqçı paltarı geyinərək üstündə balıqçı tilovu gəzdirib. Lakin H. Arabulun planı baş tutmayıb və o, ölkədən qaçmaq istəyərkən Azərbaycan sərhədçiləri tərəfindən yaxalanıb. Xatırladaq ki, ?Barmek-Azərbaycan? şirkətinin sabiq prezidenti Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə həmçinin Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA