23-08-2009 [06:02]
[b]"Artıq 20 ilə yaxındır ki, bu qüvvələr seçkidən-seçkiyə özlərini boykot etməklə məşğuldurlar. Açığı, bu siyasət müxalifətin qeyri-ciddi imicinin formalaşmasına səbəb olub" [/b]
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov qarşıdan gələn bələdiyyə seçkilərində bütün qüvvələrin iştirakının vacib olduğunu bildirərək, müxalifəti də prosesə qoşulmağa çağırıb. Qarşı tərəfdə isə ölkədə demokratik seçki mühiti olmadığını əsas gətirərək, boykot əhval-ruhiyəsində olanlar var. "Reytinq"ə müsahibə verən YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə də partiyadaşının fikirlərini dəstəkləyərək, opponentlərinin seçkidə iştirakını vacib sayır.
- Partiyamızın sədr müavini və icra katibi Əli Əhmədovun çıxışında ümumən seçkilərin demokratik keçirilməsi üçün hakim partiyanın mövqeyi ifadə olunur. Partiyamız bu seçkilərə hazırlaşır, daxili strukturlarda hazırlıq işləri görülür. Əlbəttə, hər bir partiya çalışır ki, seçkilərdə daha çox səs qazansın. Digər qüvvələrin də prosesdə iştirakı bunun üçün katalizator rolunu oynayır. YAP maraqlıdır ki, seçkidə daha çox qüvvə iştirak etsin. İstəyirik ki, opponentlərimiz seçkidə alternativ proqramlarla çıxış eləsinlər. İnanmıram ki, hər bir ölkədə hakim partiya seçkidə müxalifəti bu şəkildə fəallığa çağırsın. Müxalifətin mövqeyinə gəldikdə isə, onları birqütblü qəbul etmək olmaz. Azərbaycanda ifrat sağdan, ifrat sola qədər müxtəlif mövqedə olan partiyalar var. Bu gün ancaq onların bir qütbündən danışmaq olar. Çox təəssüf ki, bu gün Azərbaycanda boykotçu müxalifət deyilən bir təbəqə də mövcuddur. Bunların fəaliyyəti ancaq seçkidən-seçkiyə ortada olmaq, qəzetlərə müsahibə vermək, fəallıq imitasiyası yaratmaq, seçki dövründə isə "boykota gedirik"- deyib, seçkidən yaxa qurtarmaqdan ibarətdir.
[b]- Belə bir şəraitdə Sizin təklifiniz nədir? [/b]
- Çox yaxşı olar ki, Azərbaycan müxalifətinin bir hissəsi ümumimilikdə siyasəti boykot etsin. Cəmiyyət də bilsin ki, onların mənafelərini müdafiə edəcək qüvvələr yoxdur və onların əvəzinə həqiqətən müxalifət olan qüvvələr yaransın. Artıq 20 ilə yaxındır ki, bu qüvvələr seçkidən-seçkiyə özlərini boykot etməklə məşğuldurlar. Açığı, bu siyasət müxalifətin qeyri-ciddi imicinin formalaşmasına səbəb olub. Əlbəttə, qeyd etdiklərim politoloji şərhdir. Kimin seçkidə iştirak edib-etməyəcəyi onun öz işidir. Seçici seçkiyə gələndə hakimiyyətlə müxalifətin boykot qanadı ilə yox, ümumilikdə prosesdə iştirak edən namizədlər arasında seçim edir. Ona görə də hesab edirəm ki, layiqli namizədlər bələdiyyə seçkilərində öz yerlərini tutacaqlar.
[b]- Müxalifəti zəiflikdə suçlayırsınız. Müxalifət isə iddia edir ki, Azərbaycanda müxalifətin bu vəziyyətə düşməsi, siyasi proseslərin süstləşməsi hakimiyyətin yürütdüyü anti-demokratik siyasətlə bağlıdır. Bu fikirlərlə razısınızmı? [/b]
- Əgər müxalifət açıq şəkildə Azərbaycanda qeyri-demokratik mühit olduğunu iddia edirsə, deməli, onun iddiası əsassızdır. Çünki qeyri-demokratik mühitdə bu cür kəskin ittihamlarla çıxış etmək, açıq fəaliyyət göstərmək mümkünsüzdür. Mənə elə gəlir ki, bunlar sadəcə olaraq, bəhanədir. Bu gün ənənəvi müxalifət öz üzərinə düşən vəzifələri yerinə yetirmir, alternativ fikir yaratmır, ortaya mövqe qoya bilmir. Eyni zamanda köhnə sterotiplərdən ayrılmağı bacarmırlar. Əslində bu cür ittihamlar da onlara sərf edir.
[b]- Aydın müəllim, insanlarla görüşlərə icazə verilmir, kütləvi aksiyalara icazə yoxdur, televiziya və radioda müxalifətin çıxış imkanları məhdudlaşdırılıb. Sizcə, müxalifət müxalif fikri harada ifadə etməlidir?[/b]
- Cəmiyyətdə sivil qaydalar var. Sizin sualın cavabı budur. Müxalifət bu gün cəmiyyətə çıxmağa qorxur. Müxalifət liderləri cəmiyyət arasında olmaqdan ehtiyatlanırlar. Bir ara YAP funksionerləri onları regionlara çıxmamaqda suçlayırdı, bu gün isə biz ittihamlarımızı genişləndirib deyirik ki, müxalifət liderləri paytaxtın mərkəzi məhəllələrinə də çıxa bilmirlər. Gəlin baxaq, hansı müxalifət lideri axırıncı dəfə öz partiyalarının fəalları ilə görüşüb? Əgər onlar özləri ilə işləyə bilmirlərsə, cəmiyyətlə işləməkdən necə danışa bilərlər? Mən tez-tez cəmiyyət arasında, ictimai nəqliyyatda oluram, açığını deyim, müxalifət nümayəndələrinə rast gəlmirəm. Ona görə də onlar zəifliklərinin günahını özlərində axtarsalar yaxşıdır.
[b]- Qarabağ və Respublika Uğrunda Hərəkat Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi üçün layihə hazırlayıb...[/b]
- Təklif vermələrinə normal baxıram. Hesab edirəm ki, həm mətbuatda, həm parlamentdə onlar bu təkliflərlə çıxış edə bilərlər. Amma məsələ ondadır ki, təkliflər yeni deyil. Artıq hakim partiya bu təkliflərə arqumentli cavabını verib. Bu baxımdan hesab edirəm ki, bu, müxalifətin köhnə mövzunu yenidən gündəmə gətirmək cəhdidir. Elə isə onlara köhnə cavablar veriləcək. Biz çox istərdik ki, yeni təkliflər, yeni baxışlar olsun. Təəssüf ki, köhnə təkliflərini belə əsaslandıra bilmirlər.
[b]- Siz də Seçki Məcəlləsində razı qalmadığınız məqamların olduğunu bildirmisiniz... [/b]
- Bəli, mən bildirmişdim ki, Seçki Məcəlləsi bu gün ortaq məxrəcdir. Bizim də narazı qaldığımız cəhətlər var, amma bu o demək deyil ki, biz özümüzün bütün fikirlərimizin qəbulunda israr edirik. Çox təəssüf ki, müxalifət qəzetlərində məsələ kotekstdən çıxarılaraq, guya hakimiyyətin yeni təkliflərlə çıxış edəcəyi, seçki müddətini azaldacağı barədə əcaib iddialar irəli sürüldü. Yəni göründüyü kimi, müxalifət hətta opponentlərinin arqumentlərini də sona qədər dinləmək istəmir. Bu gün hakimiyyətin seçki müddətini azaltmaq, nə də bu kimi başqa niyyətləri yoxdur. Polemikalarda deyilən fikirlər ümumilikdə hakimiyyətin fikri ola bilməz. Hazırki Seçki Məcəlləsi optimaldır, ümumən seçkiləri keçirməyə imkan verir. Sadəcə, seçkidə iştirak etməyi və cəmiyyəti cəlb edəcək fikirlər səsləndirməyi bacarmaq lazımdır.
[b]- "Siyasi partiyalar haqqında" Qanunla bağlı da müxalifətin narahatlığı var və iddia edir ki, hakimiyyət müxalifətin əleyhinə olan qanun qəbul etmək istəyir. Bu barədə nə deyə bilərsiniz? [/b]
- Mən həmin layihəni hazırlayan qrupda olmadığıma görə, fikir söyləyə bilmirəm. Amma ümumən deyə bilərəm ki, istənilən dəyişiklik ilk növbədə siyasi partiyaların fəaliyyətinə geniş şərait yaradan dəyişiklik olacaq. Hər halda, gəlin layihənin özünü gözləyək.
[b]- Bələdiyyə seçkiləri ilə bağlı YAP-ın hazırlıq işləri nə yerdədir? [/b]
- İlk növbədə partiyanın daxilində hazırlığımızı aparırıq. Yəni ötən prezident seçkiləri və referendumdan sonra əldə edilən nəticələr ümumiləşdirilir, partiya daxilində saf-çürük edilir, yeni şəxslərin bələdiyyələrə namizədliyi nəzərdən keçirilir. Artıq özünü təsdiqləmiş insanların namizədliyi mütləq olacaq. Onlar regionların liderləri olacaqlar. Həm də yeni seçki texnologiyalarından istifadə ediləcək. Seçki texnologiyaları bütün ölkə üzrə eyni olmaya da bilər, çünki hər bir regionun özünəməxsusluğu var. Əhali ilə geniş işlər görüləcək. Bir sözlə, partiya daxilində ciddi hazırlıqlar gedir. Seçki Məcəlləsinin imkan verdiyi dövrdə isə bütün hazırlığımız rəsmi şəkildə cəmiyyətə çıxacaq.
[b]- Bələdiyyələrin birləşdirilməsi məsələsi gündəmə gələndən sonra Bakı bələdiyyəsinin yaradılması təklifi də səsləndi. Müxalifət də Bakı bələdiyyəsi yaradılacağı təqdirdə, bu bələdiyyəyə keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirir. Sizin fikirləriniz necədir? [/b]
- Bələdiyyələrin birləşdirilməsi təbii proses idi. Çünki hər yaşayış məntəqəsində bələdiyyənin yaradılması birinci mərhələdir. Bələdiyyə, sadəcə olaraq, idarəetmə deyil, bu, həm də güclü maliyyə təşkilatı olmalıdır, yığılan vəsait, gəlirlər həmin regionun inkişafına kömək etməlidir. Cəmisi 100-200 evdən ibarət olan məntəqədən gələn gəlirlər isə ancaq bələdiyyə aparatının saxlanmasına sərf edilir. Amma daha böyük bələdiyyənin yaradılması resursların bir yerə yığılmasıdır.
Bakı bələdiyyəsinə gəldikdə, mümkündür ki, gələcəkdə olsun. Amma bu məsələ bu gün aktual deyil. Bələdiyyələrin səlahiyyətləri genişləndikcə, təcrübələri çoxaldıqca gələcəkdə böyük Bakı bələdiyyəsi yaradıla bilər.
[b]- Bəziləri bələdiyyələrin səlahiyyətlərinin aşağı olması, icra strukturlarının tabeliyində olan bir orqan kimi fəaliyyət göstərdiyini bildirirlər... [/b]
- Elə deyil, hər kəsin öz səlahiyyəti var. Bir də ki, bələdiyyə 1999-cu ildəki bələdiyyə deyil. Artıq püxtələşib, səlahiyyətləri genişlənib, daha çox maddi resurslara malikdir. Ancaq birdən-birə bütün səlahiyyətlərin bələdiyyələrə verilməsi də mümkünsüzdür. Bu struktur formalaşmalıdır, nüfuz qazanmalıdır, iş təcrübəsi olmalıdır. İndinin özündə də bələdiyyələrin xeyli səlahiyyətləri var. Bu səlahiyyətlər genişlənməkdə davam edir.
[b]- Qarabağ və Respublika Uğrunda Hərəkat ölkədə söz və fikir azadlığının olmadığını əsas gətirərək, forum keçirmək iəstəyir. ?ecə düşünürsünüz, Azərbaycanda söz və fikir azadlığı varmı? [/b]
- Azərbaycanda siyasi həyat təkcə Qarabağ və Respublika Uğrunda Hərəkatdan ibarət deyil. Azərbaycanın kifayət qədər nüfuzlu digər siyasi və ictimai fikir mərkəzləri də var. Adını çəkdiyiniz qurum tədbir keçirmək istəyirsə, buyurub keçirsin. Arqumentlərini səsləndirsinlər, cəmiyyət də görsün ki, bu kiçik qurumun fikirləri əsaslıdır, yoxsa yox.
[b]- Dəvət etsələr, həmin foruma qatılacaqsınız? [/b]
- Əgər YAP məsləhət görərsə, gedərəm.
[b]- Bu günlərdə "Talışi Sədo" qəzetinin baş redaktorunun həbsxanada ölümü səs-küyə səbəb oldu... [/b]
- Verilən məlumatlara görə, onun bir sıra xəstəlikləri varmış və ona görə də həbsxanada vəfat edib. Məsələ araşdırılır və vaxtı çatdıqda əlavə məlumatlar veriləcək.
[b]- Beynəlxalq təşkilatların bununla bağlı narazılıqlarını necə qiymətləndirirsiniz? [/b]
- İstənilən narazılıq əsaslandırılmalıdır. Əgər məhkəmənin qərarı ilə müəyyən bir əmələ görə həbs edilmiş insan xəstəlikdən həbsxanada vəfat edibsə, buna hakimiyyət nə edə bilər? Hesab edirəm ki, beynəlxalq təşkilatlar narazılığını bildirirlərsə, əsaslandırmaları da olmalıdır. Yox, əgər bu sadəcə, növbəti narazılıq bəyanatıdırsa, hesab edirəm ki, bu bəyanatı da arqumentləşdirib ortaya çıxarmaq lazımdır.