"iqtidar neft pulları ilə beynəlxalq ictimaiyyətin də bəzi nümayəndələrini ələ alıb"

img

23-08-2009 [05:51]


[b]Əvəz Temirxan: "Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının tapdanan haqlarına neft prizmasından baxır" [/b] Müxalifətin aparıcı partiyalarının bir araya gəldiyi Qarabağ və Respublika Uğrunda Hərəkat qanunvericilik təşəbbüsü ilə çıxış edib. Artıq bununla bağlı İşçi Qrupu da yaradılıb. Birləşmiş müxalifət Seçki Məcəlləsi başda olmaqla, bir sıra qanunlara əlavə və dəyişikliklər tələb edir. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan nəzərdə tutulan qanunlarda dəyişikliklər edilməsinə böyük ehtiyac olduğunu bildirir: - Seçki qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı İşçi Qrupunun yaradılması o deməkdir ki, Qarabağ və Respublika Uğrunda Hərəkat öz fəaliyyətini, əməkdaşlığı sıxlaşdırmaqdadır. Zərurət isə ondan ibarətdir ki, bu gün Azərbaycanda demokratik qanunvericilik yoxdur. Konstitusiyanın özündə də çox mürtəce müddəalar var. Seçki Məcəlləsi isə ümumiyyətlə, bərbad vəziyyətdədir. Ona görə də Seçki Məcəlləsi, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun, "Bələdiyyələrin statusu haqqında" Qanun və digərləri bizim qanunvericilik üzrə İşçi Qrupumuzda müzakirə predmetidir. [b]- Opponentləriniz isə deyir ki, hər hansı bir dəyişikliyə ehtiyac yoxdur, müxalifətin təklifləri isə köhnədir. Yəni müxalifət yenə köhnə havanı çalır... [/b] - Köhnə hamam, köhnə tas və mahnı çalmaq məsələsinə gələndə, bu rejim öz düşüncəsinə görə ən qədim hamamdan və tasdan da köhnədir. Bu rejimin təfəkkürü 13-cü əsrdə qalıb. Ona görə də bu hakimiyyətin nümayəndələrinin iradlarını müzakirə etməyə ehtiyac yoxdur. Onlar yeni siyasət yürüdə, yeni təfəkkür sərgiləyə, yeni Azərbaycan yarada bilmədilər. Bu səbəbdən də müxalifətin təkliflərini müxtəlif bəhanələrlə gözdən salmağa cəhd edirlər. Əslində köhnəlmiş ideyalar bu hakimiyyətdən gəlib, indi də köhnəliyi cəmiyyətə sırayırlar. [b]- YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, Seçki Məcəlləsinə dəyişikliklər etmək artıq gecdir... [/b] - Bu iqtidar indiyə kimi hansı işi görürdü ki, indi də deyirlər ki, gecdir? Nəyə görə onlar həmişə seçkiyə bir ay qalmış Seçki Məcəlləsi haqqında danışmağa başlayırlar? Qoy onlar cəmiyyətə hesabat versinlər ki, bu günə kimi hansı işləri görüblər. [b]- Müxalifət uzun illərdir ki, Seçki Məcəlləsinin dəyişdirilməsini, komissiyaların tərkibinin paritet əsaslarla formalaşdırılmasını tələb edir, hakimiyyət isə mövqeyindən çəkilmir. Görünən odur ki, bələdiyyə seçkilərinə kimi də hər hansı yenilik olmayacaq. Nə edəcəksiniz? [/b] - Açığı, müxtəlif fikirlər var. Yəni bələdiyyə seçkiləri ilə canlanma yaratmaq fikri də mövcuddur. Mən də bu fikirdəyəm. Məsələ burasındadır ki, istər-istəməz seçkidə iştirak etməli oluruq. Biz əvvəllər seçkilərdə iştirak etməməklə beynəlxalq ictimaiyyəti apellyasiya edirdik. Təəssüf ki, iqtidar neft pulları ilə beynəlxalq ictimaiyyətin də bəzi nümayəndələrini ələ alıb. Bu adamlar da artıq YAP-çılar kimi yalan danışırlar. Məsələn, mən bu yaxınlarda Almaniyanın keçmiş dövlət katibi Otto Hauzerlə görüşdüm, bu adam açıq-aşkar Yeni Azərbaycan Partiyasını müdafiə edir. Mən demirəm ki, onu pulla ələ alıblar. Amma o, açıq-aşkar mürtəce mövqedə dayanıb. Bu yaxınlarda böyük mübahisəmiz düşdü. Mən dedim ki, bu cür mövqe Almaniyanın dostlarının sayını Azərbaycanda azaldır. Bundan əlavə, Böyük Britaniya, Bolqarıstan, Türkiyə nümayəndələrinin seçkilərdəki mövqeyini yada salın, təəssüf ki, onlar Azərbaycanda keçirilən mürtəce seçkiləri dəstəkləyiblər. MDB ölkələrinin nümayəndələri haqqında isə danışmağa dəyməz. Bütün bunların hamısı göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının tapdanan haqlarına neft prizmasından baxır. Bəziləri isə öz şəxsi maraqları prizmasından yanaşır. Ona görə də dünənə kimi boykot tərəfdarları olan müxalifətin düşüncəsində müəyyən dəyişikliklər yaranır ki, sonsuzluğa qədər boykot etmək nəticə vermir. Bu mənada hər bir fürsətdən - efir imkanından, seçicilərlə görüş fürsətindən istifadə edib nəyəsə nail olmaq lazımdır. Mən düşünürəm ki, Azərbaycan xalqının 99 faizi seçkinin boykot edilməsinin tərəfdarıdır. [b]- Bunu nə ilə əlaqələndirirsiniz? [/b] - Bu, inam məsələsidir. Mən deyərdim ki, Azərbaycan xalqının 100 faizi demokratik seçkilərin keçiriləcəyinə inanmır. Ötən prezident seçkilərində, referendumda seçicilərin 10 faizinin seçkiyə gəlməsi də bunun göstəricisidir. Bunun özü göstərir ki, xalq bu hakimiyyətin demokratik seçki keçirəcəyinə inanmır. Bu da istər-istəməz müxalif siyasi partiyaları pis vəziyyətdə qoyur. Bir tərəfdən sən siyasi partiya olaraq, siyasətçi olaraq, istəyirsən ki, seçki vasitəsi ilə xalqı fəallaşdırasan. O biri tərəfdən isə xalq demokratik seçki keçiriləcəyinə inanmır, nə seçkiyə gəlir, nə mitinqə çıxır, ümumiyyətlə, heç nəyə ümid etmir. [b]- Hakimiyyəti və beynəlxalq təşkilatları ittiham etməniz yetərli olmadı, indi də xalqı günahlandırırsınız... [/b] - Xeyr, xalqı günahlandırmıram. Əslində xalq haqlı olaraq belə düşünür və haqlı olaraq inanmır. Xalq çox gözəl bilir ki, Azərbaycanda seçki vasitəsi ilə hakimiyyəti dəyişmək mümkün deyil. Ona görə də mən xalqı qınamıram. Azərbaycan xalqının demokratiya anlayışının özünə inamının itiməsinin günahkarı sözsüz ki, bu hakimiyyətdir. Bir də bu hakimiyyətə satılmış beynəlxalq ictimaiyyət nümayəndələri bu məsələdə suçludur. [b]- Bu inamsızlığın yaranmasında müxalifətin də rolu az deyil...[/b] - Bu rol nədən ibarətdir? Müxalifət nə edib, hansı səhvlərə yol verib? Hansı addımları atmaq lazım idi, biz onu etməmişik? [b]- Məsələn, eksterimal situasiyalarda liderlər ortada olmurlar... [/b] - Niyə ki, 2005-ci il noyabrın 26-da Lalə Şövkət, Əli Kərimli, Əli Əliyev və digərləri meydanda idi. Oturaq mitinq keçirildi, liderlər də meydanda - insanların arasında idi. Ümumiyyətlə, liderlərin meydanda olub-olmaması önəmli məsələ deyil. [b]- 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra müxalifət liderləri yenə də ortada olmadılar... [/b] - 2008-ci ildəki prezident seçkiləri boykot olunmuşdu. Yəni əsas müxalifət liderlərinin simasında həmin seçki boykot olundu və bu da mübarizənin bir vasitəsi idi. Çox təəssüf ki, 2008-də demək olar ki, rəqabətsiz seçki keçirildi və nəticə tam saxtalaşdırıldı. Öncə seçki qanunvericiliyi mürtəceləşdirildi, seçkiqabağı mühit konslager mühitinə çevrildi və efir imkanları sıfıra yaxınlaşdırıldı. Ona görə də həmin prezident seçkilərinə maraq yox idi. [b]- Həmin seçkilərin nəticələrini tanıyan, müxalifət adından prosesə qoşulan İqbal Ağazadə ilə Siz də müttəfiqlik edirsiniz... [/b] - Ona görə ki, İqbal Ağazadənin Qarabağ məsələsində, son Konstitusiya dəyişikliklərində mövqeyi bizim mövqe ilə üst-üstə düşürdü. [b]- Artıq referendum arxada qalıb... [/b] - Arxada qalsa da, yenə də o referendumun nəticələrinin ləğvi uğrunda mübarizə davam edir. Qarabağ itkisinin qarşısını almaq uğrunda mübarizə aparırıq. Bu səbəbdən də İlbal Ağazadə ilə bir yerdəyik. Əgər keçmişdə kiminsə kimləsə hansı məsələdə mövqeyi fərqli olubsa, bu o demək deyil ki, hər zaman belə olacaq. Biz keçmiş münasibətləri əsas götürüb əməkdaşlıq etməsək, onda gərək, Azərbaycanda heç kim bir araya gəlməsin. Bizim digər partiyalarla da keçmişdə mövqelərimiz bir çox məsələlərdə müxtəlif olub. Hətta bəzən daban-dabana zidd mövqe tutmuşuq. Amma bu gün bizi birləşdirən Azərbaycanda demokratik seçkilər keçirmək, Qarabağ itkisinin qarşısını almaq, respublikanın bərpa olunması zərurətidir. [b]- Sadaladıqlarınızın reallaşması üçün müxalifət hansı addımları atır? Son bir-iki ilə nəzər yetirdikdə, sadəcə, bir araya gəlib bəyanat verməkdən başqa bir iş görmədiyiniz bəlli olur...[/b] - Xeyr. Bələdiyyə seçkiləri bir növ məşq rolunu oynayır. Yəni cəmiyyətin siyasi baxımından canlandırılması cəhdi rolunu oynayır. Bu mərhələni 2010-cu il parlament seçkilərinə hazırlıq kimi də qəbul etmək olar. Mən düşünürm ki, bu altı partiya qarşıdan gələn parlament seçkilərinə seçki bloku kimi getməlidir. Ola bilər ki, bir sıra digər tanınmış şəxsləri də namizəd kimi sıralarımıza cəlb edək. Hesab edirəm ki, 2010-da müxalifətlə hakimiyyət arasında gərgin siyasi döyüş olacaq. Bu döyüşə ciddi hazırlaşmaq lazımdır. Düşünürəm ki, bu bələdiyyə seçkiləri həmin döyüşə hazırlıq rolunu oynayacaq. [b]- Bəs, müxalifət bu hakimiyyətlə gərgin siyasi döyüşə girməyə hazırdırmı? [/b] - İradə var, inad var, inam var. [b]- Güc necə, varmı? [/b] - Güc nəyə deyirsən. Təəssüf ki, Azərbaycanda haqqın gücü yoxdur, gücün haqqı var. Biz haqqın gücünü gücə çevirməliyik. [b]- 2010-cu il parlament seçkilərinə birgə getməyi təklif edirsiniz. Ancaq Müsavatla, Ümid Partiyasının nümayəndələri Sizin kimi qəti danışmırlar, baxarıq - deyirlər. Sizcə, bu birliyi qorumaq mümkün olacaqmı? [/b] - Müsavatın, Ümid Partiyasının ayrı-ayrı nümayəndələri "ona baxarıq" deməklə, birliyin qorunub saxlanılacağını inkar etmirlər. Düzdür, seçkiyə ayrı-ayrı getməyin də müəyyən üstün cəhətləri var. Ancaq mən düşünürəm ki, ayrı-ayrı getməyin üstün cəhətlərindən ən üstünü xalq arasında "müxalifət birləşdi" rəyini yaratmaqdır. Bu rəyi yaratsaq, bunun özü artıq böyük uğur olacaq. [b]- Əvəz bəy, partiyanın qurultayını nə zaman keçirmək fikrindəsiniz? [/b] - Bu il ərzində keçirilməlidir. Belə planlaşdırırıq. Qurultayın reallaşmamasının müxtəlif səbəbləri var. Birincisi, ofisimizin olmamasıdır. Bir də ki, qurultay gündə keçirilməz ki. Qurultayın müəyyən bir məqamı olur, o məqam hələ yetişməyib. Sonuncu qurultayımız 2005-ci ildə keçirilib, qurultay isə beş il müddətinə çağırılır. [b]- Belə firiklər də səslənir ki, sədr postuna iddialı namizdlər yoxdur... [/b] - Əsassız fikirlərdir. Ən azı iki namizəd olacaq. [b]- Yəqin ki, namizədlərdən biri Əvəz Temirxan olacaq... [/b] - Ola bilsin. Amma onu da deyim ki, qurultayı keçirməklə bağlı texniki məsələlərdən başqa heç bir problem yoxdur. Zamanı gələndə qurultayımızı keçirəcəyik. [b]Zaur ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA